Ərdoğan Bakıya mesaj göndərib- "Ya mən, ya Gülən"
05.03.2014 - 10:58
Ərdoğan Bakıya mesaj göndərib- “Ya mən, ya Gülən”
Azərbaycandakı nurçular haqqında statusları ilə gündəmi dəyişən “İnci Azəri” Rəbiyyət Aslanovanı da hədəfə aldı
“Bu günlərdə Azərbaycandakı nurçuların siyahısı açıqlanacaq. Bu siyahı da təsdiq edəcək ki, nurçu şəbəkəsinin əhatəsi, miqyası artıq dövlətə təhlükə yaradacaq həddə çatıb. Biz ardıcıl şəkildə nurçuların Azərbaycandakı nümayəndələri və nurçu qurumların fəaliyyəti, onların Türkiyədəki ilişkiləri barədə məlumatları dövriyyəyə buraxacağıq”. Bu sözlər ötən həftədən Azərbaycandakı nurçular haqqında statusları ilə gündəmi dəyişən “İnci Azəri” adlı Facebook istifadəçisinin son statusudur.
Bu statusun nə qədər həqiqətə uyğun olduğunu yaxın günlərdə biləcəyik. Hələlik “İnci Azəri”nin başqa bir statusunda yazdıqlarını diqqətinizə çatdırırıq: “Milli Məclisin deputatı Rəbiyyət Aslanova cəmiyyətdə ciddi ittiham hədəfinə çevrilmiş elə özünün də mənsub olduğu nurçu qrupunun müdafiəsinə qalxıb. Qınamırıq. Axı bu, həm də onun işidir. Rəbiyyət xanım İnsan Haqları Komitəsinin sədridir. Nə olsun ki, ittiham olunan Elnur Aslanov onun oğludur, nə olsun ki, Ceyhun Osmanlı, Fərhad Məmmədov, Rauf Mardıyev onun sevimli balasının ən yaxın dostlarıdır? Biz iddia etmirik ki, dövlət orqanlarında fəaliyyət göstərən digər nurçular da onun dostları deyil. Sadəcə adını çəkdiklərimiz bir qarış daha yaxındırlar. Hər gün çatlaşırlar, əyləncələrdə, restoranlarda bir oturub-dururlar.
2DRəbiyyət xanım filosofdur. Filosoflar çox məntiqli, ardıcıl, səlis, az qala qüsursuz danışırlar. Rəbiyyət xanımın bu istedada malik olduğuna şübhə etmirik. Bəs onda filosof xanım niyə belə məntiqsiz danışıb? Demək olar, tələsib. Vəziyyətin pisləşdiyini görüb tez cızmaqara edib atıb oğlunun rəhbərlik etdiyi sayta. Rəhmətlik Lenin məktublarından birində yazırdı ki, “əziz dostum, tələsdiyimə görə uzun yazıram”. Rəbiyyət xanımın da bu problemlə bu problemlə rastlaşdığını iddia edərdik, amma…
Amması odur ki, mövqe zəif olanda, günahkar olanda düzgün müdafiə qurmaq çətinləşir. Axı sən bir şey iddia edirsən, faktlar isə başqa bir şey deyir. Rəbiyət xanım yazır: “Anonim mənbə kimi sosial şəbəkənin seçilməsi də təsadüfi sayılmamalıdır. Bu gün qeyri-sabitliyin ixracına, qanuni hakimiyyətlərin devrilməsinə, vətəndaş müharibəsinə rəvac verilməsinə, hətta suveren ölkələrin bombalanmasına gətirib çıxaran olaylara da məhz sosial şəbəkələrdən start verilir”. Maraqli fikirlərdir deyilmi? Özü də ən maraqlısı odur ki, Rəbiyyət xanımın oğlu Elnur Aslanov bütün tədbirlərdə sosial şəbəkələrin rolunu təbliğ edirdi. Hərdən adama elə gəlirdir ki, Aslanov Mark Sukerberqlə Facebooka şərikdir.
Ancaq elə Facebook onun oğlunun və oğlunun dostlarının ifşa məkanına çevrildi, dərhal qeyri-sabitlik ixracatçısı oldu…
Fikir verirsinizmi, nurçuluğun Azərbaycan qolunun başbiləni eyni sözləri təkrarlayır. Başlıca tezisləri Heydər Əliyevə, İlham Əliyevə guya sədaqəti olmalarıdır. Elə bil məhşər ayağına çəkiliblər və hər addımlarında “ne vinovataya ya” hayqırırlar. Soruşan lazımdır ki, içiniz niyə göynəyir? Bunlar elə bilirlər ki dövlət oyuncaqdır. Heç bir haqları çatmadıqları postlara yüksəliblər və düşünürlər ki, hamıya öz iradələrini diktə edə bilərlər. Keçməz cənablar. Burası, Türkiyə deyil, Azərbaycandır”.
Hər nə qədər inkar edilməyə çalışılsa da “İnci Azəri”nin statusları ölkədə ciddi bir təşviş yaradıb. Sözsüz, bu məsələnin anonim imza ilə gündəmə gətirilməsi təsadüf ola bilməz. Ən ilginci odur ki, “nurçular” kimi tovsif olunan qrup indiyə qədərki performanslarını pozaraq özlərini balaca bir qıcıqla ard-arda ələ verməkdədirlər.
Şübhə doğurmayan daha bir məqam var – Azərbaycanda bu məsələ Türkiyədəki Camaat-Ərdoğan savaşından sonra gündəmə daşındı. Yaxın zamanlara qədər iç-içə olan bu düşərgələrin birliyinin 17 dekabr Böyük Rüşvət əməliyyatı ilə darmadağın olması Azərbaycan üçün də müəyyən reallıqlar yaradıb. Baş nazir Ərdoğan “paralel dövlət” adlandırdığı Xidmət Hərəkatından ciddi ziyan çəkəndən sonra indi də onun dayaqlarını çökdürmək üçün çox səylər göstərir. İnformasiyalı qaynaqdan əldə etdiyimiz xəbərlərə görə, Türkiyənin baş naziri Azərbaycan rəhbərliyinə təxminən belə bir mesaj göndərib – “ya mən, ya Gülən”.
Azərbaycan hökumətinin davranışlarından artıq baş nazirin xeyrinə seçim edildiyini ehtimal etmək olar. Belə olmasaydı, məmurların “mən nurçu deyiləm” etirafları ölkəni başına götürməzdi.
3DHələlik cameə səslənən iddiaların cavablanması üçün prezident yanında Strateji Araşdırma Mərkəzini görəvləndirib. Diqqət edirsinizsə, iddialara bütün cavablar bu qurumun təmsilçilərinin dilindən səsləndirilir. Ancaq onların bu tapşırığın öhdəsindən layiqincə gəldiyini söyləmək olmaz. SAM rəhbəri Fərhad Məmmədovun mətbuat konfransındakı çıxışı bəsit fikir, dolaşıq cümlələrlə yadda qaldı. Bu şəxs Azərbaycanın bir nömrəli analitikidir. Ancaq vəzifəsinə görə. Çünki onun çıxışında səsləndirdiyi “arqumentləri” nəinki hansısa ölkənin baş analitiki, heç divar qəzetinə yazı yazan şagird səsləndirməz. Bu məqamda onu da vurğulayaq ki, Bakı Dövlət Universitetini bitirən Fərhad Məmmədov heç zaman parlaq zəkası ilə fərqlənməyib. Müəllimlərinin dili ilə desək, ortabab bir tələbə olub. Yəqin ki, Azərbaycanda deyil, başqa bir ölkədə dünyaya gəlsəydi, ən yaxşı halda xidmət sektorunda çalışardı. Çünki o, fikir yürütmək tələb edilən sahələrə əsla yaramır.
Bir qədər də SAM haqqında. SAM əslində Azərbaycan məmurlarının öz övladları üçün dövlət hesabına prestijli iş yeri açmaq istəyinin təzahürüdür. Bu qurumda vaxtilə və indi Azərbaycan rəhbərliyində olan şəxslərin övladları, nəvələri, yaxın qohumlar işləyir. İşləyir deyəndə ki, sözün əsl mənasında kef edir. Dövlət qulluqçusu statusu, yüksək əməkhaqqı, Azərbaycan büdcəsinin hesabına dünyanın dörd bir tərəfini gəzmək şansı bu gənclərin sadəcə naxışıdır.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=4800