Dəmiryolundakı kişi bələdçilər fəryad edir
05.03.2014 - 11:40
“17-18 ildir ki, bizə qan uddururlar, qul kimi işlədirlər, indi də may ayına qədər vaxt veriblər ki, işdən çıxın…”
Azərbaycan Dəmiryolu Bakı vaqon deposunun bir qrup bələdçisi “Azadlıq”a məktub göndərib. 78 nəfərin imzaladığı məktubda deyilir: “Biz dəmiryolçular bir çox problemlərlə bağlı 10 yanvar 2014-cü ildə prezident Ilham Əliyevə müraciət ünvanlamışıq. Bu qədər vaxt ötməsinə baxmayaraq, bizə cavab verən yoxdur. 30 nəfər vaqon bələdçisi Prezident Administrasiyasına qəbul üçün müraciət etsək də, buna nail ola bilmədik. Biz dövlət başçısına ünvanladığımız ərizəmizin cavabını öyrənmək istəyirdik. Prezidentin müşaviri Əli Əsədova zəng vuranda, köməkçi ərizəmizin dəmiryolu idarəsinə göndərildiyini söylədi. Prezident Administrasiyasında Hikmət adlı şəxsi Əli Əsədovun müavini kimi təqdim etdilər. Həmin şəxs isə bizə danışmağa imkan verməyib, Dəmiryolu Idarəsinin rəisi Arif Əsgərovun qəbuluna getməyimizi söylədi. Bizim ərizəmizi şikayətçi olduğumuz quruma niyə göndərirlər?
Dəmiryolunda ən mühüm vəzifələrdən birini özəlləşdirən Elyar Muradovdur. Sərnişin Daşıma Istehsalat Birliyinin rəisi olan bu şəxs 17-18 ildir ki, bizə qan uddurur, istismar edir və qul kimi işlədir. Dövlətin vaqonları bizə pulla satılıb. Vaqonun təmiri və lazım olan avadanlıqlar öz hesabımıza başa gəlib. Bu barədə saysız-hesabsız müraciətimizə baxan yoxdur. 3000 nəfər kişi bələdçisindən hazırda 300 nəfər qalıb. Bizə də may ayına qədər vaxt qoyublar. Kişi bələdçilər onlara lazım deyil, işə qadın bələdçiləri qəbul edirlər. Deyirlər ki, kişiləri işdən azad edib qadınları qəbul etmək göstərişi Prezident Administrasiyasından verilib. Bu işdə hər birimizin 25-30 illik əməyimiz var. Parkın zibilinə kimi bizə təmizlətdiriblər. Bundan sonra harada iş axtarmalıyıq? Nə səbəbdən bizi istismar edirlər? Biz də bu dövlətin vətəndaşı deyilikmi?! Müracitimizə baxılmasa, xarici ölkə səfirliklərindən sığınacaq istəməyə hazırlaşırıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4802