"Suriya cihadı Azərbaycanı parçalayır" – İlginc Faktlar

05.03.2014 - 16:56

“Suriya cihadı Azərbaycanı parçalayır” – İlginc Faktlar

Rusiyanın “Nezavisimaya qazeta” nəşri bugünkü sayında Suriyada gedən vətəndaş müharibəsinin Azərbaycana təsiri barədə geniş məqalə dərc edib



Verilən xəbərə görə, məqalədə deyilir, Suriyaya döyüşməyə gedən və geri qayıdan islamçılar Azərbaycanda sünnilərlə şiələr arasında münaqişə yaradıb qızışdırmağa çalışır.



Qəzet Suriyada ilin əvvəlindən 30-a yaxın Azərbaycan vətəndaşının öldürüldüyünü, ötən il isə öldürülənlərin sayının 100-dən çox olduğunu xatırladır. Onların hamısı radikal sünni qruplaşmalarının tərkibində döyüşənlərdir.



“Suriyadan qayıdan, ideoloji və hərbi baxımdan hazırlıq keçən döyüşçülərin geri qayıtmasını Azərbaycanın dövlət və din xadimləri silahlı münaqişənin ölkəyə ixracı baxımından aktual təhlükə hesab edirlər” – deyə məqalədə bildirilir.



Qəzet qeyd edir ki, Suriyada azərbaycanlılar əsasən “Cabah əl-Nusra” və ya “Ceyş-əl-Muhacirin val-Ənsar” qruplaşmalarının tərkibində döyüşürlər. Sonuncu qruplaşma əsasən xaricilərdən ibarətdir və komandirləri “Əbu Yəhya əl-Azəri” ləqəbli azərbaycanlıdır.







Azərbaycandan gedən döyüşçülər əsasən İdlib və Hələbdə dislokasiya olunublar. Onlar Türkiyə ərazisindən keçərək Suriyaya gedirlər.



Azərbaycandan radikal sünnilərin döyüşmək üçün Suriyaya getdiyini ilin əvvəlindən yerli mötədil sələfilər də etiraf etməyə başlayıblar. “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov müsahibə verərək deyib ki, onlar vəhhabilər yox, sələfilərdir və Suriyaya döyüşməyə gedənləri dəstəkləmirlər. Q.Süleymanov həmçinin radikalların Suriyadan qayıdaraq ölkədə öz ideyalarını yaydığını və bunun təhlükəli olduğunu deyib.



Məqalədə daha sonra Britaniyanın “The İndependent” qəzetinin sünni-şiə qarşıdurması barədə bu günlərdə dərc etdiyi təhlildən də sitat gətirilir.



“Nezavisimaya qazeta” qeyd edir ki, “İndependent” Azərbaycanda sünnülərlə şiələr arasında münasibətlərin qalan müsəlman ölkələrinə nümunə ola biləcəyini yazmışdı. Lakin Suriya cihadı bu münasibətləri də təhdid edir.







Qəzet xatırladır ki, ötən ilin payızında Azərbaycan xüsusi xidmət orqanları Bakıdakı “Məşədi Dadaş” şiə məscidinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb. Məscidin imamı Şahin Həsənovu öldürməyi planlaşdıran üç nəfərdən avtomat, tapançalar və qumbaralar götürülüb. Həmçinin ötən ilin payızında və bu ilin əvvəllərində sosial şəbəkələrdə özlərini radikal qruplaşmaların təmsilçiləri kimi təqdim edən şəxslərin Azərbaycanda şiələri hədələdiyini, Suriya hadisələrinin Azərbaycanda da təkrarlanacağı haqda xəbərdarlıq etdikləri xatırladılır.



Bildirilir ki, yanvarın 28-də internetdə “Meşə qardaşları” adlı qruplaşma Azərbaycan hakimiyyətinə qarşı cihadla hədələyib. Bu hədə xüsusi xidmət orqanlarının və Qafqaz Müsəlmanları İdarəsinin narahatlığına səbəb olub. İdarə təcili toplantı keçirərək Azərbaycan vətəndaşlarını xarici ölkələrdə gedən silahlı münaqişələrə qarışmamağa çağıran fətva verib.



Məqalədə Suriyaya döyüşməyə təkcə sünnilərin yox, şiələrin də (Əsəd rejiminin tərəfində-red.) getdiyi xatırladılır. Bildirilir ki, məsələ parlamentdə də müzakirə olunub və Azərbaycan vətəndaşlarının Suriyadakı münaqişədə iştirakının ölkənin milli təhlükəsizliyini təhdid etdiyi vurğulanıb. (virtualaz.org)



https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031