Rusiyadan böyük köç başlayır
ABŞ Rusiya ilə səngərdə deyil, birjalarda döyüşmək qərarı
verib. Rubl dəyərini itirir, səhmlər ucuzlaşır, böhran sürətlə
iqtisadiyyatın başqa sektorlarına yayılmaqdadır. Vaşinqton iqtisadi
silahını işə salıb Rusiyanı ram etmək istəyir. MDB-nin ikinci ən böyük
dövləti olan Ukraynada isə qarşıdurma davam edir və iqtisadi tənəzzül
yaşanır. Proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir.
ABŞ-ın
iqtisadi qüdrətinə və dünya iqtisadiyyatına müstəsna təsir gücünə
baxmayaraq, Rusiyanın asanlıqla təslim olmaq niyyəti yoxdur. Ötən əsrin
90-cı illərində məşhur olan “Rusiya ac və silahlıdır” fikri yenidən
aktuallaşıb. Nüvə silahına güvənən Rusiya hələ ki, müqavimət göstərməkdə
davam edir. Baxmayaraq ki, şaxəli iqtisadiyyatı olmayan Rusiya bu
döyüşə qətiyyən hazır deyil. Ancaq söhbət heç də Rusiya-ABŞ iqtisadi
müharibəsinin mahiyyətinə aydınlıq gətirməkdən yox, bu qarşıdurmanın
Azərbaycana mümkün təsirlərindən gedir.
Adətən
bu təsirlərdən danışanda neftin qiyməti ön plana çıxır. Çünki
Azərbaycan da Rusiya kimi neftdən, daha dəqiq desək, neft qiymətlərindən
asılı bir ölkədir. Əgər Qərb Rusiyanı çökdürmək üçün nefti
ucuzlaşdırmağa başlasa, onda bundan ən çox ziyan çəkənlərdən biri də
Azərbaycan olacaq. Özü də bu təhlükə tam realdır. Tezliklə neftin
qiymətinin ucuzlaşması gözlənilir. Hazırda Azərbaycan nefti dünya
bazarında 106-107 dollara satılır. Büdcədə isə neftin baza qiyməti 100
dollardan götürülüb. Əgər yəni neft 15-20 dollar ucuzlaşsa belə, bu,
Azərbaycan iqtisadiyyatını silkələyəcək. Böyük büdcə kəsiri yaranacaq və
dövlət layihələri dayandırılacaq. Özü də 2008-ci ildən də ağır bir
situasiya yarana bilər. 2008-ci ildə neft hasilatı artan xətlə gedirdi
və buna görə hökumət hasilatın artımı hesabına neftin ucuzlaşmasını
ört-basdır edə bildi. İndi isə hasilat azalmağa doğru gedir və qiymətin
ucuzlaşması iqtisadiyyata öldürücü təsir göstərə bilər. Bu, məsələnin
bir tərəfidir.
Rusiya iqtisadiyyatının çökməsi
Azərbaycana başqa bir rakursdan da təsir edəcək. Söhbət Rusiya
iqtisadiyyatının çökməsi ucbatından Azərbaycana dönməyə məcbur olacaq
sayı ən azı 1 milyondan çox olan vətəndaşımızdan gedir. Bu gün ən azı 1
milyon Azərbaycan vətəndaşı Rusiyada işləməklə, özlərini və burada qalan
ailələrini dolandırır. Düzdür, Rusiyada 3 milyona yaxın azərbaycanlının
yaşaması barədə iddialar var.
Bu iddialara
kölgə salmadan qeyd edək ki, təkcə 2011-ci ilin payızında Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu rəsmən elan etdi ki, 750 min
azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib. Təbii ki, ötən 3 ildə də
xeyli azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib və onların sayı
artıq 1 milyonu ötüb. Çünki demoqrafik fəlakətlə üzləşən Rusiya
miqrantları vətəndaşlığa qəbul etməklə əhali sayını ən azı sabit
saxlamaq istəyir. Qalan 2 milyonun taleyi isə qaranlıqdır.
Rusiyada
iqtisadi çöküş davam edəcəksə, ölkəni işsizlik bürüyəcək və iş yerini
itirən miqrantlar ölkəni tərk etməyə məcbur olacaqlar. Özü də ilk
növbədə iş yerlərini elə miqrantlar itirəcək. Onların ən azı 60-70 faizi
vətənə dönməyə məcbur olacaq və Azərbaycana böyük köç başlanacaq.
Azərbaycan hökuməti bu köçü qəbul etməyə hazırdırmı? Bu gün bizi,
konkret desək, hökuməti daha çox bu sual düşündürməlidir.
Axı
hökumətin gurultulu bəyanatlarına baxmayaraq vəziyyətin necə olacağını
hamı gözəl bilir. Hamı gözəl bilir ki, ölkədə iş yerləri məhdud, biznes
mühiti isə monopoliyadadır, məmur özbaşınalığı isə heç bir sərhəd
tanımır. Korrupsiya və rüşvət də öz yerində. Azərbaycanda biznes mühiti o
qədər monopoliyalaşıb ki, bura yaxın düşmək istəyən çox sərt
cəzalandırılır. İndi 1 milyon işsizi hökumət harada yerləşdirəcək?
Ailə
üzvlərinin sayını da buraya əlavə etsək, ən azı 3,5 milyon nəfər
Rusiyadan gələn gəlir hesabına dolanırdı. Rusiyadan böyük köç başlansa
onlar Azərbaycan hökumətinin mərhəmətinə möhtac qalacaqlar. Hökumət bu
barədə düşünürmü? Təbii ki, yox. Parlamentin son iclasında hökuməti
dəstəkləyən deputatlar bu problemlərdən danışmaq əvəzinə “içərimizdəki
xainlərdən” söhbət açdılar. Rusiyada yaşayan tanışlarımın bəziləri isə
artıq geri dönəcəkləri barədə ailələrini məlumatlandırıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=4823