Prezident qızını döydürüb həbsə atdırdı

05.03.2014 - 20:57

Özbəkistan prezidentinin böyük qızı, yanvarın
əvvəlində atası ilə barışdığını elan edən Gülnarə Kərimova barədə
yenidən “qara xəbərlər” gəlir

 

Gülnarə Kərimova yarım aydan çoxdur Daşkənddə
həbsdədir. Xəbərdə deyilir ki, G.Kərimova həbsxanada olarkən Özbəkistan
Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, habelə atası İslam Kərimovun
şəxsi mühafizəçiləri tərəfindən amansızcasına döyülüb.

Analitiklər qeyd edirlər ki, bu hadisə Özbəkistanda hakim klan
arasında hakimyiyət uğrunda mübarizənin twitter mübarizəsindən real
hakimiyyət bölgüsünə keçdiyini göstərir.

Qeyd edək ki, ötən ilin sentyabrından etibarən Gülnarə Kərimova
Özbəkistan xüsusi xidmət orqanlarının güclü təqibləri altındadır. Onun
bütün biznesi əlindən alınıb, adamları həbs olunub, özünə ölkədən çıxmaq
qadağan edilib. G.Kərimova buna cavab olaraq anası Tatyana Kərimova və
kiçik bacısı Lola, habelə atasının rejimi ilə bağlı twitter üzərindən
ifşaedici məlumatlar yayırdı.

Lakin bu ilin əvvəlində Gülnarə elan etdi ki, atası ilə barışıb və
incənətlə bağlı yeni layihələrə başlayır. Daha sonra G.Kərimova atasının
ad günündə ona klip də həsr etmişdi. Ancaq belə görünür ki,
Özbəkistanın hakim ailəsində düşmənçilik heç də aradan qalxmayıb.

Orta Asiya qaynaqları xəbər verir ki, Gülnarə Kərimova və onun 15
yaşlı qızı İman yarım aydan çoxdur ev dustağı ediliblər. Daşkənddəki
mənbələr bildirir ki, G.Kərimova və qızı mənzildə xüsusi xidmət
orqanlarının ciddi nəzarəti altındadır. Məlumatlarda o da deyilir ki,
G.Kərimovanın səhhətində ötən ay problem yaranıb və o, İsrailə müalicəyə
getmək üçün atasından icazə almaq istəyib. Gülnarənin ölkədən çıxmaq
icazəsi almaq üçün atasına yazılı müraciət etdiyi bildirilir.

Lakin bu məktub göndərilən kimi Özbəkistan prezidentinin
təhlükəsizlik xidmətinin rəhbəri Muijon Tahirovun və xidmətin operativ
hissəsinin rəisi Nodır Vəliyevin başçılığı ilə xüsusi təyinatlılar onun
mənzilinə basqın ediblər.

Evə basqın zamanı G.Kərimovanın mühafizəçiləri və xidmətçiləri,
habelə onun mülki nikahda olduğu əri Rüstəm Madumarov möhkəm döyülüblər.
G.Kərimovanın özü də atasının mühafizəçilərinin bir neçə şilləsinə tuş
gəlib.

Həmin gün Özbəkistan Baş Prokurorluğu Rüstəm Madumarova və
G.Kərimovanın erməni ortağı Qayane Avakyana qarşı cinayət işi qaldırıb.
Bununla da Gülnarə tamam tək qalıb və onu ev dustağı ediblər. Əlindən
bütün rabitə vasitələrini alıblar və internetə çıxışını kəsiblər.
Bildirilir ki, Gülnarəni və 15 yaşlı qızını mənzildən heç yerə
buraxmırlar. Prezidentin qızına oğlu İslamla görüşmək də qadağan edilib.

Özbəkistandakı mənbələr xəbər verir ki, İslam Kərimovun
mühafizəçiləri və xüsusi xidmət əməkdaşları G.Kərimovanın 7-ci mərtəbədə
yerləşən mənzilinə binanın damından kəndirlə eniblər və qarşılarına
çıxan bütün qapıları sındıraraq içəri daxil olublar. Gülnarənin mülki
əri Rüstəm Madumarovu yerindəcə döyməyə başlayıblar, qalanları, o
cümlədən yaşlı qadınları və uşaqları isə üzü üstə döşəməyə uzadıblar.
Gülnarənin qızı İman həmin vaxt yataqda imiş və evə basqın edənlər onu
itələyib döşəməyə yıxıblar.

Xəbərdə deyilir ki, G.Kərimova müdafiə olunmağa çalışıb, həbs haqda
order tələb edib. Ancaq buna cavab olaraq Muijon Tahirov onu sillələyib.
Nəticədə G.Kərimovanın yaxın ətrafında qalan sonuncu adamlar – Rüstəm
Madumarov, Qayane Avakyan və Yekatrina Klyuyeva azyaşlı qızı, anası və
nənəsi ilə birlikdə həbs olunublar. Evin qulluqçuları da həbs edilib.

Qeyd edək ki, fevralın 17-də Özbəkistan Baş Prokurorluğu Qayane Avakyanın və R.Madumarovun həsb olunduqlarını açıqlamışdı.

Bildirilir ki, həbs olunanları Milli Təhlükəsizlik Xidmətinin
zirzəmisinə aparıblar. G.Kərimova qızı, Amerika vətəndaşlığı daşıyan
İmanla mənzildə qalıb və çox keçmədən oradan qaçaraq Daşkənddəki
dostlarından birinin evinə sığınıb. Lakin cəmi bir neçə saat sonra onun
gizləndiyi yeri tapıblar. İslam Kərimovun mühafizəçiləri bu dəfə həmin
mənzilə hücum çəkiblər. Muijon Tahirov və Nodır Vəliyev Gülnarəni
döyməyə başlayıblar.

“Sonra onu qızı ilə birlikdə Daşkənddəki evlərinə gətiriblər və
əllərindən bütün rabitə vasitələrini alaraq ev dustağı ediblər. Birinci
sutka ərzində Gülnarəyə və qızına yeməyə və içməyə heç nə verməyiblər.
Ürək xəstəsi olan 15 yaşlı İman üçün həkim çağırmaqdan da imtina
ediblər” – deyə mənbə bildirib.

Bildirilir ki, Gülnarənin twitter bloqu da fəaliyyət göstərmir və
onun sonuncu mesajı fevralın 16-da yayılıb. Hazırda Daşkənd küçələrində
polis və xüsusi xidmət orqanları gücləndirilmiş rejimdə işləyir, küçələr
polis və hərbi geyimli adamlarla doludur.

 

virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4827

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829