Kamaləddin Heydərovun "qəzalı" rəyi
AXCP-nın Qərargahını
yararsız elan edən FHN rəhbəri 4 ildir 100- lərlə “Kür qaçqınları”-nın qəzalı
evi barədə anoloji qərar niyə vermir?
Son günlər ölkə gündəmində ciddi hadisələr baş verməkdədir. Milli
Şuranı sıradan çıxara bilməyən hakimiyyət quruma daxil olan partiyalara və
şəxslərə qarşı repressiyaları davam etdirir. 20 yanvar günündə şəhidləri
ziyarət edən demokratik kəsimə hücum edən hakimiyyət qoçuları bu senarini davam
etdirərək 26 fevralda Xocalı abidəsi önündə də anoloji hücumunu təkrarladı.
Etdiklərindən geri çəkilməyən, əksinə üstə qoyan hakimiyyət artıq Milli Şura
üzvlərinə repressiyalarla kifayətlənməyərək onlara qarşı açıq terrora keçib.
3 mart 2014- cü ildə Milli Şuraya daxil olan və qurumun aparıcı
partiyalarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mənzil Qərargahı
partladıldı. Hadisədən bir gün sonra isə partiya Fövqəladə Halar nazirliyinin
məlum rəyi ilə qərargahdan çıxarıldı. Bütün bunlarla ürəyi soyumayan hakimiyyət
hətta xüsusi mülkiyyətdə olan binanı da sökdü. Hadisənin baş verdiyi ilk gündə
bəziləri AXCP- nın icarəyə götürdüyü binanın qəza nəticəsində partlaya biləcəyi
qənaətində olsalar da o qədər də ciddi ziyana məruz qalmayan daş binanın FHN
tərəfindən qəzalı elan olunması, AXCP- nin binadan zorla çıxarılması və ardınca
tikilinin sökülməsi hadisənin bir başa hakimiyyət tərəfindən törədildiyinə heç
bir şübhə yeri qoymadı.
Hakimiyyət rəqibləri ilə
terror dili ilə danışır
AXCP- nin olduğu binanın partladılması düşündürücü və mühüm hadisədir.
Söhbət ondan gedir ki, artıq təzyiqlər, təhdidlər, şantaj, siyasi həbslərlə
kifayətlənməyən hakimiyyət o qədər azğınlaşıb ki, artıq öz rəqibləri ilə terror
dili danışır. Bu gün siyasi partiyanın, aparıcı müxalifət partiyasının
qərargahını partladan hakimiyyətin sabah həmin partiyanın rəhbərliyini də terror edəcəyi mümkün görünür
və bu məntiqlə realdır.
Zənnimizcə baş verən hadisə onu göstərir ki, ölkədə artan xalq
etirazı (son günlər “Sovetksi” camaatının ardıcıl etirazı aksiyası, BDU
tələbələrinin mitinqi və s.) hakimiyyəti daha da qəddarlaşdırır. Çünki Əliyev
rejimi fərqindədir ki, ölkədə getdikcə artan xalq narazılığı hakimiyyətin
laxlaması ilə müşayət olunur. Məhz bu baxımdan baş verən hadisə hakimiyyətin
təşviş içində, aqoniya vəziyyətində olmasının nəticəsidir. Rejim xalq
narazılığını ənənəvi qaydada müxalifəti sıradan çıxartmaqla səngitmək kursu
götürüb. İlk hədəf də Milli Şura və qurumun aparıcı şəxsləri və partiyalarıdır.
Partlayışda Kəmaləddin
Heydərov izi
Partlayışla bağlı diqqət çəkən əsas məsələrdən biri bu işin həyata
keçirilməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adının tez- tez
çəkilməsidir. Xüsusi mülkini AXCP- yə icarəyə verən binanın sahibi Azər Əsgərov
hakimiyyət tərəfindən Əli Kərimlinin rəhbərlik etdiyi partiyanı qərargahdan
çıxarılmasına dair tələblərini çatdıran şəxslə olan audio səs yazısını yayıb. Binanın
sahibi də bildirib ki, binanın partladılması ilə bağlı konkret olaraq ona
Kəmaləddin Heydərovun tapşırığı və hədəsi çatdırılıb. Maraqlıdır ki, binada
partlayış baş verərkən dərhal bunun qaz sısması barədə, sonra isə yaşayış üçün
qəzalı olması və sökülməsinə dair qərarı da FHN rəhbərliyi verib.
Binanın partladılması ilə bağlı diqqət çəkən məqamlardan biri də
hadisədən bir neçə gün öncə Qərargahın komendantı Təzəxan Mirələmov, AXCP
sədrinin mühafizəçisi və partiya üzvü
olan gənclər həbs olunub. Necə deyərlər Qərargah öncədən “zərərsizləşdirilib”.
Nədən FHN “Kür
qaçqınları”-nın qəzalı evini söküb yenisini tikmir?
Baş vermiş hadisə hakimiyyət tərəfindən həyata keçirilmiş siyasi
terrordur, məqsəd AXCP- nin timsalında Milli Şuranı, müxalifəti zəiflətmək,
qorxutmaq və sıradan çıxartmaqdır. Çünki bu gün ölkədə yüzlərlə, bəlkə də
minlərlə sözün gerçək mənasında yaşayış üçün yararsız, qəzalı vəziyyətdə olan
yaşayış binaları və inzibati binalar var. Hətta bu gün ölkədə elə məktəblər,
uşaq baxçaları, tibbi müəssisələr, icra nümayənədəsi, bələdiyyə binaları və s.
var ki, həmin binalar qəzalı vəziyyətdədir və ora hər gün uşaqlar, şagirdlər,
müəllimlər, xəstələr, vətəndaşlar qorxa- qorxa girib, eyni təhlükə ilə də
çıxırlar. Görəsən hakimiyyət niyə həmin qəzalı binaları dərhal söküb yerində daha
təhlükəsiz binalar tikmirlər? Axı həmin binaların çoxu dövlət strukturlarının
balansındadır. AXCP- nin yerləşdiyi bina isə özəl mülkiyyətdir, qalın özülə və
divara malik olmaqla mişar daşından tikilib. Hətta binanın zirzəmisində baş
verən partlayışdan sonra belə divarlarında çatlar əmələ gəlməyib. Digər
tərəfdən AXCP- nin partladılan qərargah məsələsi və sonradan partiyanın oradan
çıxarılıb binanın sökülməsi ilə bağlı başqa bir maraqlı sual da ortaya çıxır. Görəsən
bir neçə saatın içində AXCP- nın yerləşdiyi binanı yararsız elan edib onun
yerlə- yeksan olunmasına rəy verən FHN rəhbəri niyə 4 ildir 100- lərlə “Kür
qaçqınları”-nın qəzalı evini söküb yenisini tikmir? Axı son illər Kür daşqını
və Qax- Zaqatala zəlzələsi ilə bağlı dövlət büdcəsindən 1, 1 milyard manat
vəsait ayrılıb. Bu vəsaitlərin əhəmiyyətli bir hissəsi korrupsiyanın qurbanı
olub. Hazırda 119 nəfər məhz FHN- nin təsirə məruz qalmış, qəzalı vəziyyətə
düşmüş evlərlə bağlı verdiyi ədalətsiz qərara etiraz edərək nazir Kəmaləddin
Heydərovu məhkəməyə veriblər. 3 ildir bu insanların məhkəmə çəkişməsi davam
edir və artıq bir qrupun işi Avropa İnsan haqları Məhkəməsi səviyyəsində icraata
götürlüb. 30 nəfərə yaxın iddiaçının işi Ali Məhkəmə səviyyəsindədir.
Qəzalı nədir: AXCP- nin
binası, yoxsa Əliyevlərin siyasəti?
Bütün bunlar onu göstərir ki, hakimiyyətin timsalında AXCP- nin
yerləşdiyi binanı partladıb, sonradan onu qəzalı elan edib binanı sökülməsi ilə
nəticələnən FHN rəhbərliyinin verdiyi rəyin özü siyasi sifariş əsasında qəbul
olunub. Yəni qəzalı durumda olan haqqında bəhs edilən bina yox, hakimiyyətin yürütdüyü
yanlış siyasətu və yanlış qərarıdır. Qəzalı siyasət və qərarla isə ölkəni idarə
etmək olmaz. Bu siyasət təkcə iqtidarı deyil, bütünlükdə ölkəni uçuruma apara
bilər. Ölkəmizin uçuruma getməsini istəmiriksə ya bu siyasəti, ya da iqtidarı
dəyişməliyik. Bu dəyişiklik həm də xalqımıza vəd edilən normal yaşam, xoşbəxt
gələcək deməkdir.
Kürşad
KAYA
Short URL: http://www.cumhuriyyet.net/?p=4831