Deputatımızın oğlu 2 qadına 8 güllə atdı
06.03.2014 - 10:53
Deputatımızın oğlu 2 qadına 8 güllə atdı
Ayaz Orucovun övladının atəş açdığı qadından dəhşətli açıqlamalar; İsmayıl Orucov iki qadının olduğu maşını təqib edərək avtomobilə səkkiz güllə atıb; Aynurə Cəfərova: “Ramilə Süleymanova pul alıb onlarla razılaşdı, mən isə deputatın qudurğan oğlunun cəzalandırılmasını tələb edirəm”
Bir neçə gün əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, deputat oğlu bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.
Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib. Maraqlıdır ki, bu xəbər yayılandan sonra deputat yazılanları yalana çıxarmağa çalışdı, xəbəri “müxalifyönlü mətbuatın növbəti uydurması” adlandırdı. Lakin “Yeni Müsavat”ın müxbiri məsələni araşdırıb və hadisənin təfərrüatlarını üzə çıxarıb.
Məlum oldu ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb.
Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.
Ailəli olan xanımların güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu “kefinin köklüyü” ilə izah edib.
A.Cəfərova olayın baş verməsini və sonrakı prosesləri “Yeni Müsavat”a danışmağa razı olub: “Həmin hadisədən əvvəl anam rəhmətə getmişdi. Evdə darıxırdım, ürəyim sıxılırdı. Rəfiqəm Ramiləyə zəng elədim ki, maşınla gəl, məni bir qədər havaya çıxar, sıxılıram. Sağ olsun, gəldi və biz buradan, “Olimp” mağazasının yanından üzü Azadlıq prospektinə tərəf getdik. Prospektə az qalmış ağ rəngli, “Mercedes Galenvagen” bizim olduğumuz “Nissan Juke”un arxasınca düşdü. O maşından əcaib səslər çıxırdı, polis maşınlarında olduğu kimi işıqları vardı. Əvvəlcə elə bildik ki, “QAİ” maşınıdır. Sağımıza, solumuza keçirdi. Biz biləndə ki, polis deyil, onlara fikir verməməyə başladıq. Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar, az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər, səslərini atmışdılar başlarına. Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdı. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. Ramilə 4-cü mikrorayonda olur. O istədi ki, maşını evinin qabağına sürsün. Mən dedim ki, evin qabağında maşını saxlama, bunlar özlərində deyillər. Sür məhlələrin arasına, azdıraq onları. “Qızıltac” restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar. Sonradan bir də həmin səs gəldi. Onda mən dedim bizə silahdan atəş açırlar. Ramilə inanmırdı, istəyirdi maşını saxlasın. Ramiləyə dedim ki, o adamlar özlərində deyil, onlardan hər nə desən gözləmək olar, maşını saxlama. “Leyla” şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Artıq mən dəqiq bilirdim ki, bizə güllə atırlar. Ramilə inanmırdı. Fikirləşirdik ki, yəni belə şey ola bilər? Belə qudurğanlıq olar? Bir az qabaqda svetofor qırmızı oldu. Ramilə ora yaxın yerdə yaşayır. İstəyirdi ki, məhləyə girsin. Mən qoymadım ki, bunlardan hər şey gözləmək olar. Adamın başına silah dirəyərlər. Svetoforda sonradan İsmayıl Orucov olduğunu bildiyimiz şəxs əlini pəncərədən çıxarıb bizim olduğumuz maşının şüşəsinə yumruq vurub tələb edirdi ki, şüşəni açaq. Qışqırırdı, deyirdi ki, pəncərəni aç. Yaşıl yananda Ramilə sürdü. Gəlib qoşa “Lukoyl” “zapravka”sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər”.
A.Cəfərova deyir ki, maşını saxlayan R.Süleymanova polisə zəng vurub: “Düşüb “102” xidmətinə zəng elədik. Ora Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən gəldilər. Müəyyən elədilər ki, həmin maşın kimindir. Bizi səhəri gün Binəqədi polisinə çağırdılar. Orada çox cəhdlər oldu ki, biz şikayətimizi geri götürək. Deputatın oğlu və yanında olan da orada oturub gülürdülər. Açıq şəkildə dedilər ki, kefimiz əla olub eləmişik. Yəni ki, kefimiz yaxşı olanda nə istəyirik onu da eləyə bilərik. Biz şikayətimizi geri götürməyəndə işi verdilər müstəntiqə”.
A.Cəfərova hər iki şəxsin cəzalandırılmasını tələb edir: “Ramilə İsmayılova pul alıb çəkildi kənara. Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib. Həmin məqamda Ramilə maşını divara vura bilərdi, aşırardı. Atılan güllə bizi öldürə bilərdi. Bu adamlar şəhərdə əli silahlı gəzirlər. Keflərinin kök vaxtında kimi istəsələr güllələyəcəklər. Bizi Allah qoruyub. Biz bu işin Binəqədidən alınıb Baş Prokurorluqda araşdırılmasını tələb edirik”.
A.Cəfərova bildirdi ki, hadisədən təxminən 15 gün sonra deputatın adından onlarla Miryaqub adlı şəxs danışığa gəlib: “Görüş Ramilənin evində oldu. Ramilə pul alıb onlarla razılaşdı. Mən ora yoldaşımla getmişdim. Miryaqub bizi hədələdi ki, bilirsiz heç o adam kimdir, kimin oğludur?! Mən də dedim ki, o kimin oğludur, kimdir heç fərq eləmir. Biz cənab prezidentə arxayınıq. Kim olursa-olsun, qudurğanlıq edirsə, qanunsuzluq edirsə, dərhal cəzalandırılmalıdır. Nəyə görə deputatın oğlu küçənin ortasında tanımadığı, bilmədiyi bir vətəndaşa güllə atmalıdır? Bunu araşdırmaqdansa üstəlik mənə hədə-qorxu gəlirlər!!! Yəni ölkədə bu qədər özbaşınalıqdır? Mənə maraqlı deyil o kimin oğludur. Bu adamın cəzalandırılmasını tələb edirəm. Bu ölkədə hər məsələyə prezident qarışmalıdır ki, qudurğanlığın qarşısı alınsın?”
A.Cəfərovanın atası Novruz Cəfərov deyir ki, deputat belə bir hadisənin baş verməsini inkar etsə də, faktiki olay baş verib: “Ayaz Orucov düz demir. Faktiki olaraq belə bir hadisə olub. O deyir ki, oğlum cinayət edibsə, qoy onu həbs etsinlər. Mən də deyirəm ki, onun oğlu cinayət edib. Onun oğlu İsmayıl 4 ay əvvəl, 2 qadının olduğu maşına tapançadan 8 dəfə atəş açanda həbs edilməliydi. Biz “102 xidməti”nə, Baş Prokurorluğa müraciət etmişik. Amma İsmayıl Orucova “gözün üstə qaşın var” deyən yoxdur. Deputat oğluna qudurğanlıq etməyə kim icazə verib? Prezident çıxış edir, deyir ki, qudurğanlıq edən məmur övladları həbs olunmalı, valideynləri barədə də ölçü götürülməlidir. Dörd aydır ki, biz mətbuata açıqlama verməyərək gözləyirdik ki, bir ölçü götürülər. Mən bir ata kimi prezident İlham Əliyevə müraciət edirəm. Mənim qızıma atəş açıblar. Bu hadisə meşədə, dağda baş verməyib. Bakının ortasında olub. Deputatın oğlu bir maşını gülləbaran edib. Bu adam cəmiyyət üçün təhlükəlidir. Sabah o, başqalarının da qızına, gəlininə güllə atacaq. Bizim tək istəyimiz və tələbimiz bu adamın barəsində lazımi tədbirin görülməsidir. Bizim Ayaz Orucov və onun ətrafı ilə heç bir ədavətimiz yoxdur. Bu hadisə baş verməsəydi, biz heç onu tanımayacaqdıq da”.
N.Cəfərovdan bu hadisənin baş verməsinin səbəbini soruşduq. Cavabı belə oldu: “Sadəcə, qudurğanlıqdan, harınlıqdan, özbaşınalıqdan baş verib bu hadisə. Bizim ailəmizdə hər kəs başını aşağı salıb öz işi ilə məşğul olur. Bu adamlar o qədər qudurub ki, kimə istəyirlər atəş açırlar”.
N.Cəfərov prezidentdən kömək istədiklərini dedi və məsələnin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş etdi.
Onu da qeyd edək ki, gunxeber.com saytı bu hadisədən bir neçə gün sonra A.Orucovun oğlunu ölkədən çıxarması haqda məlumat yayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=4840