"Sovetski" sakinlərinə pul əvəzinə həbs verildi

06.03.2014 - 12:04

“Sovetski” sakinlərinə pul əvəzinə həbs verildi

Evləri ilə bərabər obyektlərinə də ədalətli kompensasiya tələb edənlər polisə çağırılır; 3 mart aksiyasında tutulanlar 15-30 sutka aldılar
“Sovetski” sakinlərinin mətbuat vasitəsilə yeni aksiyanın anonsunu verməsi gərginliyə səbəb olub. “Yeni Müsavat”ın məlumatına görə, evləri və obyektləri ilə bağlı ədalətli kompensasiya tələb edən sakinlər polis bölməsinə çağırılır.
Eyni zamanda martın 3-də keçirilən aksiyada polis tərəfindən saxlanılan “Sovetski” sakinlərinin adları məlum olub.  Aksiyada saxlanılan  “Sovetski” sakinləri məhkəməyə çıxarılıb və onlara 15-30 sutka arası həbs  verilib. Sutkalıq həbs alanlar bunlardır:
Əliyev Elxan – 30 sutka
Hikmət Zeynalov – 30 sutka
Ataşov Rəşad – 15 sutka
Mirislam – 15 sutka
Ülvi – 15 sutka.
 “Sovetski” sakinləri həbs olunanların taleyindən narahatdır. Cəmilə Məmmədova adlı “Sovetski” sakininin sözlərinə görə, həbs olunanlardan Hikmət Zeynalovun vəziyyəti ağırdır: “Şəkərli diabet xəstəsidir. Kürdəxanıdakı təcridxanaya aparıblar. Dərmanlarını aparmışdıq, qoymadılar verməyə. Ona həkim müdaxiləsi olmasa ölə bilər. Bunlar necə insanlardır? Həmin aksiyada mənim oğlum da etirazını bildirdi, haqqını tələb etdi. Aksiya qurtardı, jurnalistlər ərazidən uzaqlaşandan sonra polislər gəlib oğlumu evdən apardılar. Şöbədə izahat alıblar ki, bir daha aksiyaya çıxma”.
“Obyektlərə 1000 manat verirlər”
“Sovetski” də evləri ilə bərabər, obyektlərinə də ədalətli kompensasiya tələb edənlər kifayət qədərdir. Yasamal Rayon İcra Hakimiyyətində baş nazirin müavini Abid Şərifovla görüşdüyünü deyən Şakir Məmmədov adlı sakin bildirdi ki, verilən kompensasiyadan narazıdır: “Mağazamın ümumi sahəsi 30 kvadrat metrdir. İki ailə bu mağazadan dolanır. Aylıq gəlirimiz 600-800 manat arasıdır. Son günlər də alverimiz demək olar ki, getmir. 6 aydan çoxdur ki, ziyana işləyirəm. Bu obyekti o vaxt mənə mərhum prezident Heydər Əliyevin göstərişi ilə veriblər. O vaxt Qarabağ əlili olaraq ona məktub yazıb kömək istəmişdim. Bir müddət sonra məni Yasamal Rayon İcra Hakimiyyətinə çağırdılar və bu yeri  verdilər. Əvvəl maşınlar üçün ehtiyat hissələri satırdım. 2006-cı ildən bəri də bu obyekt mağaza kimi fəaliyyət göstərir”.
Qarabağ qazisinin sözlərinə görə, Köçürmə Komissiyası obyektinə 30 min manat pul verir: “Bu pulla mən nə iş görüm ki, 2 ailə dolansın. Bazarda alver etmək də mənlik deyil, səhhətim buna yol vermir. Tələbim budur ki, obyektimin sökülməsi qarşılığında mənə başqa yerdən bir yer versinlər, ailəmə bir tikə çörək apara bilim”.
“Ağzını açırsan, maşına basıb aparırlar”
“Sovetski” sakinləri bildirdilər ki, növbəti aksiya üçün hazırlıq görürlər. Onların sözlərinə görə, camaat arasında xüsusi fəallıq göstərənlər həbslə hədələnir. “Sovetski” sakini Arzu Hüseynova deyir ki, baş nazirin müavini Abid Şərifovun açıqlamasına heç cürə inanmırlar: “Abid Şərifov deyir ki,  kim köçmək istəməsə, evi sökülməyəcək. Onsuz da heç kəs evinin sökülməsini istəmir. Yaxud deyir ki, kim yaşamaq istəyirsə, ona şərait yaradılacaq və evindən çıxarılmayacaq. Qonşum kompensasiya ilə razıdır.  Onun evini söksələr, bizim suyumuzu, işığımızı və qazımızı kəsəcəklər. Yolumuzu dağıdacaqlar, evimizə gedib-gələ bilməyəcəyik. Budur dövlətin bizə yaratdığı şərait?”
Bir  mərtəbəli evlərin hamısı söküləcək 
Bakıda “Sovetski”dən sonra hansı ərazilərin köçürüləcəyi mövzusu də gündəmdədir. Bu sualı Nəsimi Rayon İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdiri Nazim Quliyev cavablandırıb.
Şöbə müdirinin “anspess”ə verdiyi məlumata görə, “Xutor”, “Qaraşəhər”, “Sovetski”, “Kubinka”, “Papanin” və başqa yerlərin sökülməsi artıq neçə ildir müzakirə olunur. Bunun üçün artıq işlər görülür: “Sakinlərin şəhərdən kənara köçmələrinə belə reaksiya vermələri təbii ki, normaldır. Onların Binəyə və ya başqa yerlərə köçürülməsi yanlışdır. Sakinlər hardan istəsələr ordan da mənzil almaqda sərbəstdirlər”. 
O vurğulayıb  ki, “Xutor”, “Kubinka”  kimi yerlərin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur: “Sökülmə nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilmərəm”. 
N. Quliyevin sözlərinə görə, ümumiyyətlə, paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub.  (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4845

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031