Bakı Şəhər İcra Hakimiyyətinin milyardlıq korrupsiyası
“Yeni
Cumhuriyyət” Hacıbala Abutalıbovu
imtayana çəkdi: Milyardlar hara xərclənib?
Paytaxtda
binaların “tarixin bərpa”sı və abadlaşdırılmasına sərf edilən 2 milyard manatın müəmmalı taleyi
“Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin
sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında…” sözlərini çox
eşitmisiniz. Bu,
prezident sərəncamlarından götürülüb. Son illərdə bu sözlərlə başlayan saysız
sərəncam verilib. Milyonlarla büdcə vəsaiti ilə yanaşı Prezidentin Ehtiyat
Fondundan da bu məqsədə ayırmalar davam edir. Prezidentin Ehtiyat Fondu
“ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin
maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün” yaradılıb.
Ancaq bu fonddan vəsaitlər qanunda nəzərdə tutulmayan istənilən ünvana böyük
səxavətlə xərclənir. O ünvanlardan birincisi Bakı Şəhər İcra
Hakimiyyətidir(BŞİH).
Büdcə
pullarının əhəmiyyətli hissəsi BŞİH vasitəsilə xərclənir. “Necə
xərclənir” sualınasa, heç Hesablama Palatası da cavab vermək iqtidarında
deyil. Belə demək mümkünsə, BŞİH toxunulmazlıq statusu qazanmış bir neçə
qurumdan birinə çevrilib.
“Elektron
hökumət” nağılı
Son
illər paytaxtda yeni binaların tikintisiylə yanaşı köhnə tikililərin, tarixi
binaların da bərpası və… mərtəbələrinin artırılması işi geniş yayılıb. Əsasən
dövlət başçısının hərəkət etdiyi yolların üstündə olan köhnə binaların fasadı
yenilənir, bərpa-gücləndirmə işləri aparılır, üzlük çəkilir, eyni zamanda, bir
mərtəbə əlavə olunur. Bütün bu işlər dövlət büdcəsi hesabına görülür. Görülür,
ancaq necə, kim, hansı qiymətə, nə qədər vəsait xərclənir… bilən yoxdur.
Əslində bilən var, ancaq ictimaiyyətə açıqlanmalı olan rəqəmlər dövlət sirri
kimi qorunur. Əslində, hərhansı bir sorğuya da
ehtiyac olmamalıydı, icra hakimiyyəti özü bütün bu və başqa məlumatları
saytında yerləşdirilməliydi və biz də istədiyimizi ordan
tapmalıydıq.
Axı büdcə vəsaiti hesabına “elektron hökumət” yaradıblar. Bu məqsədlə
milyonlar xərcləyiblər.
Bu
hökuməti həm də ona görə yaradıblar ki, büdcə vəsaitlərinin xərclənməsiylə
bağlı bütün məlumatlar dövlət qurumlarının saytına yerləşdirilsin, hər kəsin də
bu məlumatlara çıxışı olsun. Daha əlavə yazışmalara, vaxt itkisinə ehtiyac
duyulmasın. Təqdim etdiyimiz iki foto Bakı Şəhər İcra Hakimiyyətinin
baku-ih.gov.az saytından götürülüb. Saytın “İnfrastruktur” və
“Elektron xidmətlər” bölmələrinin necə “zəngin” olduğuna
bundan artıq sübut ola bilməz.
Bakı
Şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğunu oxuculara da çatdırmağın ziyanı
olmaz qənaətindəyik. İcra hakimiyyətinə ünvanladığımız informasiya sorğusunu
mümkün qədər qısa etmişdik ki, cavab verməkdə çətinlik yaranmasın.
Sadə suallar, çətin cavab
Beləliklə,
ünvanladığımız sualllar aşağıdakılardır:
1.Binaların
yenidən qurulması, fasadınını yenilənməsi ilə bağlı işlər neçənci ildən
başlanıb, indiyə qədər nə qədər bina yenidən qurulub, bu işlərə nə qədər vəsait
xərclənib? Bu vəsaitləri illər üzrə ayrı-ayrılıqda təqdim etməyinizi xahiş
edirik.
2.Yenidən
qurulan binaların bir çoxunda əlavə mərtəbələr artırılıb. Bu artırmalarda
məqsəd nədir (nəzərə alsaq ki, o binaların əksəriyyəti ötən əsrin əvvəllərində
tikilib), artırılmış mərtəbələrin təyinatı və bir binada artırılmış mərtəbənin
dövlət büdcəsinə neçəyə başa gəlməsi barədə məlumat verməyinizi xahiş edirik.
3.Bu
işlərlə bağlı tender keçirilibmi, tender elanları nə vaxt, hansı qəzetdə, hansı
tarixdə verilib, tenderdə nə qədər şirkət iştirak edib, qalib firma və
şirkətlər hansılardır?
Sadə
suallardır və yuxarıda qeyd etdiyimiz kimi bu sualların cavabını əslində icra
hakimiyyətinin saytında tapmalıydıq. Ancaq əsas vəsaitlərin
xərcləndiyi, hamının üz tutduğu paytaxtla bağlı bu saytda yeni nəsə tapmaq
çətindir. Xərcləmələrlə
bağlı rəqəmlər bir yana, bu saytda heç gündəlik xəbərlər də yerləşdirilmir.
Saytın bütün bölmələri “yoxsul” durumdadır.
“Müvəqqəti narahatlığa görə
üzr istəyirik”
Başqa
bir bölməyə-binaların bərpası üçün xərcləmələrə baxaq. Burada
əsasən də söhbət tarixi binalardan gedir. Əslində, bu xərcləmələrdə mübahisəlik
xeyli məqam var. Binaların tarixi olduğunu kim müəyyənləşdirir? Çünki binanın
köhnəliyi heç də onun “tarixi” olması anlamına gəlmir.Əslində, ən
böyük tarix İçərişəhərdir.Bu gün biz İçərişəhər tariximizin necə darmadağın
olmasına şahidlik edirik və buna qarşı kütləvi etiraza çıxanları da, çox
təəssüf, görmürük.
İndi BŞİH-ə “tariximizin bərpası” ilə bağlı
ayrılan vəsaitlərə diqqətinizi çəkək. Yeri gəlmişkən, “tarixin
bərpası” zamanı şəhər rəhbərliyi həmişə paytaxt sakinlərinə
“müvəqqəti narahatlığı görə üzr istəyirik” deməyi unutmur, bu
narahatlıq illərlə davam etsə belə…
“Bakı şəhərində tarixi əhəmiyyətli binaların
təmiri, bərpası, fasadların gücləndirilməsi, təmir-bərpası, təmizlənməsi və
işıqlandırılması” məqsədilə illər üzrə ayrılan vəsait də küllü
miqdardadır. 2011-ci ildən sonra isə bölmələr birləşdirilib.Beləliklə, tarixi
binalara ayrılan xərcləri də “Bakı şəhərində binaların təmiri,
gücləndirilməsi, işıqlandırılması, abadlaşdırılması, əhalinin və obyektlərin
köçürülməsi ilə bağlı xərclər” bölməsinə keçiriblər.Belədə araşdırma
aparanların vəziyyəti bir qədər də çətinləşir.Hara nə qədər xərcləndiyini
müəyyənləşdirmək olmur. Son üç ildə həmin bənd üzrə ayırmalar belədir: 2011-ci
ildə 198.187,4; 2012-ci ildə 125.000; 2013-cü ildə 114.522,8 AZN.
Ümumi göstərilən bu məbləğin necə bölündüyünü
müəyyənləşdirmək üçün gərəkdir ki, rəml atasan, kim bilir, bəlkə bəxtin
gətirdi. Göründüyü kimi, bu sadalananların içərisində binalara əlavə
mərtəbələrin artırılması bəndi də yoxdur.Bu artımların hansı vəsait hesabına
görülməsi də bilinmir.
Səmərəsiz
xərcləmələr
Bir neçə il qabaq Moskva prospektində (indiki Heydər
Əliyev) də binaların qaşınıb üzlənməsi işləri aparılırdı. Ancaq bu yolun
kənarında – Səttarxan adına zavodun ərazisində Heydər Əliyev Mərkəzinin
tikintisinə başlanandan sonra milyonlarla vəsait hesabına üzlənmiş həmin
binaları buldozerin qabağına verdilər. Prospektdən daha yaxşı görünsün deyə
sonradan bir neçə binanı da (bərpa-təmirdən, milyonlar xərclənəndən sonra)
uçurdular. Elə son illərdə Ziya Bünyadov prospektində – prezidentin yeni iqamətgahının
qonşuluğunda olan yaxın tarixin simvollarından biri sayılan 16 mərtəbəli binanı
və onun yaxınlığındakı tikintisi başa çatmış 18 mərtəbəli iki yeni binanı da
meriya tarixin arxivinə göndərdi.
Tikintinin
1 kv.m-i 520, təmirinki 580 manat…
Təmir-tikinti işləri aparan şirkət rəhbəri(adının
çəkilməsini istəmədi) Bakı Şəhər İcra Hakimiyyətinin apardığı işlərdə iştirakın
mümkünsüz olduğunu deyir. Onun sözlərinə görə, bu işlərlə bağlı, ümumiyyətlə,
tender keçirilmir.”Demək olar ki, işlər həmişə meriyaya yaxın şirkətə
verilir.Bu şirkətsə bəri başdan 40 faiz özünə götürüb işi başqalarına
verir”.
Şirkət rəhbəri təmir-bərpa işlərinin korrupsiya
mənbəyi olduğunu deyir: “Təsəvvür edin ki, Nazirlər Kabineti tikintinin
bir kvadratmetrinə çəkilən xərcin 520 manat olduğunu müəyyənləşdirib. Ancaq
təmir-bərpa işlərinin bir kvadratmetri 580 manatdır.Bəzən hətta bu rəqəmi də
aşırlar. Elə şişirtmələrə yol verirlər ki, tikinti peşəkarları özləri də bu
rəqəmlərə mat qalır”.
İndi isə, tutaq ki, 100 min manatlıq iş götürən
“xoşbəxt” şirkətin, firmanın xərclərinə baxaq: Vergilər – 6 %,
Satınalmalar üzrə Dövlət Agentliyi – 3 %, Maliyyə Hazirliyi 1 f%, DSMF – 1 %,
ƏDV – 18 %. Bu hələ son deyil. Fövqəladə Hallar Hazirliyi – 2000 manat (ayrılan
vəsaitin həcmindən asılı olaraq rəqəm dəyişir), Əmək müfəttişliyi – 1000 manat,
Sanepidemstansiya – 200-300 manat, Yanğınsöndürmə – 500 manat, Layihəyə nəzarət
– 1000 manat. Bu minvalla tutaq ki, 100 minlik işin 70 faizi qeyri-rəsmi
xərclərə gedir. Sahibkar qalan 30 faizlə işi görməli, işçilərinə maaş
verməlidir. Həm də sahibkardan tələb olunur ki, işçilərlə müqavilə bağlasın və
nəzərdə tutulan vergiləri ödəsin.Bu qədər xərclərdən sonra keyfiyyətli işdən
danışmaq yersizdir.Əsasən ucuz işçi qüvvəsinə, qul bazarından tutulan fəhlələrə
üstünlük verilir.
Şirkət rəhbəri deyir ki, köhnə binaların bu şəkildə
yüklənməsi yolverilməzdir.”Düzdür, istismar müddəti bitmiş bu binalar
çöldən dəmir-betonla möhkəmləndirilir, ancaq bu, binanın təhlükəsizliyinə
qarantiya deyil.Çünki binalara daşdan üzlüklərin çəkilməsi, eyvanların
böyüdülməsi onun yükünü artırır.Həmin binalara üstəlik əlavə mərtəbənin
artırılması onun bu yükü daşıması imkanlarını bir qədər də zəiflədir.Baxmayaraq
ki, artırmalar yüngül konstruksiyalı olur.Əslində, binaların ciddi müayinəsi
aparılmalıdır, onun bu yükü daşıya bilməsinə mütəxəssislər rəy verməlidir. Deyə
bilərlər ki, bu rəylər də “alınıb”, ancaq onların necə alınması
hamıya bəllidir…
Bakı Şəhər İcra Hakimiyyəti əsasən qazancı güdür.Bir
tərəfdən büdcə vəsaiti talan olunur, başqa yandan binanın fasadının yenilənməsi
zamanı artırılan hissə bina sakinlərinə, yaxud bu binalarda obyekti olanlara
(əsasən 1-ci mərtəbə) satılır.Bu pulların kimlərin cibinə getdiyisə bəlli
deyil. Artırılan yerin kvadratmetri, deyilənə görə, obyekt sahiblərinə 1200
manatdan təklif olunur.Bundan əlavə, artırılmış mərtəbəni (mansard) almaq
əvvəlcə həmin binanın sonuncu mərtəbəsindəki mənzil sahiblərinə təklif olunur,
onlar imtina etdikdə başqalarına satılır”.
Söhbətləşdiyimiz maklerlər bu artırmaların
(mansardların) order verilməsi yoluyla satıldığını dedilər.
Abadlıq
yeyintiləri
Son illərdə “Bakı şəhərində abadlıq və
yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar” Prezidentin Ehtiyat
Fondu da səxavət kisəsinin ağzını açıb.Bakı Şəhər İcra Hakimiyyətinə bu illərdə
150 milyon manatdan artıq vəsait ayrılıb.
İqtisadçılar deyir ki, 2006-cı ildən bu yana Bakı
Şəhər İcra Hakimiyyəti şəhərin abadlaşdırılması məqsədilə dövlət büdcəsindən 2
milyard manata yaxın vəsait alıb. Həzərə alaq ki, müxtəlif dövlət qurumlarına,
nazirliklərə, o cümlədən, Nəqliyyat Nazirliyinə paytaxtda avtomobil yollarının,
körpülərin, keçidlərin və s. inşası və əsaslı təmiri üçün büdcədən ayrılan
vəsait bura daxil deyil. Ancaq o qurumların gördükləri işlər də son nəticədə
(açılışlar, lentkəsmələr, reklam çarxları) Bakının abadlaşdırılması kimi təqdim
edilir.
P.S. Məsələ ilə bağlı “yeni Cumhuriyyət” qəzeti Bakı
Şəhər icra Hakimiyyətinə rəsmi sorğu göndərib. Mövzunu diqqətdə saxlayacağıq.
Çingiz Coşqun
Short URL: http://www.cumhuriyyet.net/?p=4871