Oliqarx uşaqları silahlı və çox təhlükəlidir!

07.03.2014 - 10:09

Oliqarx uşaqları silahlı və çox təhlükəlidir!

Milli Məclisin ən korrupsiyalaşmış deputatlarından biri, qaçqınlara ayrılmış vəsaitlər hesabına multumilyonçuya çevrilən Ayaz Orucovun adı yenidən mətbuatın gündəmindədir.
Ötən ilin mayında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən bu komitənin nəzdində fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılmış Ayaz Orucov bu dəfə Bakının ortasında silahla gəzib içində iki qadının olduğu avtomobili gülləyə tutan tələbə oğlu İsmayıl Orucovun qudurğan əməllərinə görə hədəfdədir.
Deputat əvvəlcə oğlunun şəhərdə maşını gülləyə tutması barədəki xəbərləri təkzib etməyə çalışdı. Lakin məlum oldu ki, zərərçəkənlərin şikayəti əsasında bu fakt polisdə qeydə alınıb.
Daha sonra zərərçəkənlərdən biri – Aynurə Novruz qızı Cəfərova adlı qadın hadisənin necə baş verməsinə və deputat oğlunun “Mercedes Gallenvagen” markalı, 10 BB 111 “blatnoy” nömrə nişanlı “Cip”lə Bakının mərkəzi küçələrində özünü XIX əsr Texas kovboyları kimi apardığına dair bütün təfərrüatları mətbuata açıqladı.
Təbii ki, deputatın oğlu bu hərəkətinə görə cəzalandırılmayıb. Axı Azərbaycanda nəinki deputat mandatı daşıyan şəxsin, eyni zamanda onun bütün tayfasının toxunulmazlıq hüququ təmin olunub. Xüsusən də söhbət korrupsiya yolu ilə varlanmış, geniş biznes imperiyasına və büdcə pullarının talanmasına çıxışı olan oliqarx-deputatlardan gedirsə…
Bəs adı parlament fəaliyyətindən daha çox korrupsiya qalmaqallarında çəkilən deputat Ayaz Orucov kimdir? Onun heç bir gəlir mənbəyi və rəsmi olaraq bir qəpik də qazancı olmayan, 200 minlik maşınla şəhərdə şütüyüb qarşısına keçənləri gülləbaran edəcək qədər harınlamış oğlunun bu dərəcədə özünü arxayın hiss etməsinin mənbəyi nədir? 
Virtualaz.org saytı Ayaz Orucov barədə indiyədək mətbuatda getmiş faktların bir neçəsini yada salır.
Ayaz Orucov Azərbaycanın ən kasıb rayonlarından olan Beyləqandan deputatdır, biznesmendir və çoxsaylı şirkətləri, restoranları, istirahət mərkəzləri və təbii ki, villaları, mülkləri var. Onun biznes şəbəkəsinə tez-tez büdcə pullarından yağlı tikələr qoparan “Hidromaş servis” QSC, “Espanyol mebel” şirkətləri, kənd təsərrüfatı texnikasının icarəyə verilməsi ilə məşğul olan şirkət, mebel sexləri və mağazaları və s. daxildir.
İtaliya markası olan “İndesit” soyuducularının Azərbaycanda rəsmi distribütorluğunu da onun şirkəti həyata keçirir. Deputatın biznesinə müxtəlif məişət avadanlıqlarının ölkəyə idxalı və satışı, Bakıda çoxmərtəbəli binaların tikintisi də daxildir. Məsələn, 2007-ci ilin avqustunda Bakının Yasamal rayonunda uçan və insan tələfatına səbəb olan, yeni inşa edilməkdə olan 16 mərtəbəli binanın əsas payçılarından birinin də Ayaz Orucov olduğu haqda məlumatlar var.
Lakin bütün bu çoxşaxəli biznes fəaliyyəti deputatın heç də əsas gəlir mənbəyi deyildi. Cəmi bir il əvvələ qədər o, kifayət qədər yağlı tikənin – qaçqınlar və məcburi köçkünlər üçün yaşayış binalarının inşasını həyata keçirən fondun rəhbəri idi.
Deputatın biznesində yer alan mənbələrin dediyinə görə, o vaxtlar Ayaz Orucovun pulları sel kimi axırdı, necə deyərlər, deputat pullarının sayını-hesabını bilmirdi. Nəyin hesabına? Təbii ki, qaçqınlar və məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisində yol verilən dəhşətli korrupsiyanın.
Məsələn, belə deyilirdi ki, qaçqınlar üçün tikilən 500-ə yaxın mənzilin “Espanyola” şirkəti tərəfindən mebellə təchizatı sənədlərdə göstərilib. Deputatın şirkəti kağız üzərində hər mənzilə təxminən 5 min manatlıq mebel yerləşdirib. Əslində isə 300-ə yaxın evə cəmi 1000-1200 manatlıq mebel qoyulub.
Yaxud mətbuat elə deputatın Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılmasının da səbəbinin Bakının Müşfiqabad qəsəbəsində məcburi köçkünlər yaşayış kompleksinin tikintisində iri miqyasda korrupsiyaya yol verilməsi olduğu haqda yazıb. Deyilənə görə, prezident İlham Əliyev tikintinin keyfiyyətsiz aparılmasından xəbər tutanda bu layihəni koordinasiya edən baş nazir Artur Rəsizadədən izahat istəyib. O isə öz növbəsində tikintiyə rəhbərlik edən şəxsin – deputatın işdən azad edilməsinə göstəriş verib.
Ayaz Orucovun ən gəlirli biznesinin – qaçqınlar və məcburu köçkünlər üçün yaşayış evlərinin tikintisinin əlindən alınmasından sonra onun maliyyə göstəricilərinin bir qədər pisləşdiyi, deputatın nağd pul qıtlığı çəkdiyi, hətta işlətdiyi fəhlələrin pullarını da verməkdən imtina etdiyi məlum olmuşdu. Belə ki, Orucovun vaxtilə qaçqın və məcburi köçkünlər üçün tikdirdiyi yaşayış komplekslərinin qazanxanalarını avadanlıqlarla təbii ki, onun şirkəti – “Hidromaşservis” təmin edirdi. Ancaq deputat vəzifədən çıxarılandan sonra bu avadanlıqları quraşdıran mühəndis və fəhlələrin pullarını vermirdi. Onun adamları deyirdilər ki, Ayaz Oruvovun hazırda əli aşağıdır. O, yaxın vaxtlarda vəzifəyə təyin olunacaq, baş nazirin müavinlərindən biri olacaq və bundan sonra işlər düzələcək, işçilərin də pulları veriləcək.
Lakin belə görünür ki, deputat Ayaz Orucov fəhlələrə ödəməyə pul “tapmasa” da onun sevimli oğlu puldan və əyləncədən qətiyyən korluq çəkmir. Hətta elə-belə, sadəcə kefi yuxarı olduğu üçün küçədə “111” nömrəli maşında şütüyüb qarşısına keçənləri güllələyir… (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4874

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031