Prezidentdən əks-inqilab addımları

07.03.2014 - 10:30

Prezidentdən əks-inqilab addımları

22 oktyabr prosesinin davamı – hakim komanda yenilənir; Dövlət başçısı hakimiyyətini qorumaq üçün tədrici və sakit kadr dəyişikliklərini davam etdirir; İlham Əliyev MDB məkanı üçün cızılan yeni inqilab ssenarilərinə qarşı hərəkətə keçir; yaxın vaxtlarda daha bir neçə iri ranqlı məmur vəzifədən çıxarılacaq; amma gedişat hakimiyyət üçün əks-effekt də verə bilər 
2013-cü il prezident seçkisindən sonra İlham Əliyevin komandasında üç ciddi dəyişiklik etməsi ilə başlayan “səssiz inqilab”ın (“Yeni Müsavat” zamanında bunu “Ag inqilab” da adlandırmışdı) yeni mərhələsi başlayıb. Prezident andiçməsindən sonra üç mühüm sahə – ölkənin müdafiə, sosial təminat və kənd təsərrüfatı nazirliklərində kabinetin əsas üzvlərindən üçünü istefaya göndərən İlham Əliyevin kadr islahatlarının tədricən, hakimiyyətin əsaslarını laxlatmadan həyata keçirəcəyi proqnozlaşdırılırdı.
İlham Əliyevin komandasına yeni düzən verməsini şərtləndirən amillər sırasında onun üçüncü müddətə prezidentliyinə qarşı olmayan Qərb institutları və dünya gücləri qarşısında götürdüyü siyasi öhdəliklər də var. Amma bununla  yanaşı, 10 ildən çoxdur ki, əsasən bir komanda ilə işləyən prezidentin özünün gördüyü gerçəkliklər də var. MDB məkanında yeni dəyişikliklərin, inqilabların planları cızılır. Ukraynada baş verən qanlı inqilab onu göstərdi ki, daxili sabitliyə, “xalq-iqtidar birliyinə”, gücə güvənməklə, dünyada baş verən dəyişikliklərdən özünü təcrid etməklə hakimiyyəti əldə saxlamaq mümkün deyil. Ya bu dəyişiklikləri özün öz qapına gətirməlisən, ya gec-tez iqtidardan getmək zorunda qalacaqsan. Ya yuxarıdan inqilabı gerçəkləşdirməli, ya da bir neçə il sonra özünə qarşı inqilabı seçməlisən… 
Prezident fevralın 5-də keçirdiyi müşavirədə daha çox ikinci yola üstünlük verdiyini göstərdi. Müşavirədə İ.Əliyevin komandasında heç kimin toxunulmazlıq immunitetinin olmadığını deməsi də bu dəyişikliklərin anonsu sayılırdı. Amma bu prosesi ləngidən, birinci şəxsin belə iradəsindən tam asılı olmayan şərtlər də ortadadır.   
İri oliqarxiya hakimiyyətin içərisində elə şaxələnib və hətta dərin kök atıb ki, onların  “təmizlənməsi” prosesi hakimiyyətə ciddi problem yarada bilər. Bu səbəbdən də indi oliqarxlaşmış məmur korpusunun hələ ki yerlərdəki adamlarının təmizlənməsi başlayıb. Maraqlıdır ki, 5 fevral müşavirəsindən sonra hakimiyyətdaxilində kompromat savaşı da qızışıb, hətta deyərdik ki, amansız xarakter alıb. Hər gün demək olar ki, bir məmurun özü və ya övladı haqda ifşaedici materiallar ortaya çıxır. Bu materialların bir çoxunun hakimiyyətdəki müxtəlif qruplaşmalara yaxın olan media strukturlarında tirajlanması kompromat savaşının qızışdığını təsdiq edir. Sanki hamı “dalğadan” qurtulmaq üçün rəqiblərini önə vermək üçün yarışır… Bu, artıq hakimiyyətdə mümkün dəyişikliyə hazırlıqdır və bunun konturlarını elə həmin məmur-oliqarxiyanın hərəkətliliyi sübut edir.
“Köhnə qvardiyanın” əsas fiqurlarından olan Tağı Əhmədovun vurulmasından əvvəl onun telekanallarda sərt tənqidə məruz qoyulmasını da yalnız həmin telekanal rəhbərliyinin “yeraltı dünyanın kralı”ndan narazılığı kimi izah etmək sadəlövhlük olardı. T.Əhmədov “köhnə qvardiya”nın hakimiyyətdə barmaqla sayılan kadrlarından idi. O, genel olaraq Naxçıvan klanına bağlı kadr sayılırdı və onun himayədarları da əsasən hakimiyyətdə yüksək postlar tuturlar. Eləcə də İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev də sıravi rektor-deputat deyildi. Onun da hakimiyyətin içərisində ciddi oliqarxik  dayaqları (sabiq rektor Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevlə qudadır) vardı. Şəmsəddin Hacıyevin də işdən çıxarılması xəbərini Tağı Əhmədov kimi öz kabinetində eşitməsi bu prosesin həm də mümkün qədər konfendensial aparıldığına işarədir. Bu da məhz o səbəbdən edilir ki, oliqarxlar hakimiyyətdəki “əl-qollarının budanması”na müqavimət göstərə bilməsinlər. 
Universitet rəhbərlərinin vurulmasını (Ş.Hacıyevdən əvvəl Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da vəzifəsindən çıxarılıb və dövlət müşaviri təyinatı alıb) son vaxtlar daha da fəallaşan tələbə hərəkatı ilə izah edənlər də var ki, bu iddialarda da həqiqət payı yetərincədir. Amma bu “qaykaları bərkitmək” iddiaları da komandaya yeni düzən prosesinə zidd deyil, əksinə, dəyişikliklə bağlı arqumentləri gücləndirir. Tədricən bu proses daha iri oliqarx-məmurlara da çatmalıdır. Hakimiyyəti xilas etmək üçün indi müxalifətlə deyil, iqtidarın içində bir savaş başlanmalıdır. Yoxsa bu dəyişikliklərin heç bir mənası və nəticəsi olmayacaq.
Prezidentin yeni komanda formalaşdırmasında işini çətinləşdirən başqa bir ciddi səbəb də ortaya çıxıb. Bəzi iddialara görə, İlham Əliyev Avropa dəyərlərinə söykənən gənclərin yüksək vəzifəyə təyinatları ilə bağlı həyata keçirmək istədiyi proqram onda məyusluq yaradıb. Xatırlayırsınızsa, bir müddət rəhbər vəzifəyə təyin olunanlar xaricdə təhsil almış, bir neçə xarici dil bilən, ənənəvi hakimiyyət regionundan (Naxçıvan və Qərbi Azərbaycan) olmayan şəxslər idi. 2012-ci ilin mayında Elşad İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olundu. Elə həmin ay daha bir gənc – Fərhad Məmmədov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin olundu.
İ.Əliyevin daha bir yeni kadrı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidməti) sədr təyin olunmuş İnam Kərimov oldu. Misir Mərdanovun yerinə nazir təyin edilən Mikayıl Cabbarov da yeni nəslin nümayəndəsi hesab olunur. Amma məlumatlara görə, ASAN rəhbəri istisna olmaqla, prezident yeni kadrlardan o qədərdə razı deyil. Son vaxtlar Prezident Administrasiyasındakı perspektivli gənclərin adının müxtəlif qalmaqallarda hallanması, nurçuluq təriqəti ilə bağlı olmaları barədə iddialar da komandada “yeni qan”ın dövriyyəyə girməsinin tormozlandığını göstərir. 
Amma istənilən halda, bu dəyişikliklər qaçılmazdır. Hakim komandanın “tozunu almaqla” iş bitmir. Qarşıdan isə Azərbaycan və hakimiyyət üçün önəmli olan daha bir il var – 2015-ci il parlament seçkiləri. “Yeni Müsavat”ın ekspertlərindən birinin informasiyaya əsaslanan xəbərinə görə, prezident 2015-dək komandanın vitrinini dəyişməkdə israrlıdır. “Amma bu, o qədər də asan olmayacaq, hər şey xırda məmurların vurulmasına iri oliqarxiyanın reaksiyasından asılı olacaq” – deyə, ekspert bildirib.
Xəbər xidməti
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031