Əliyev səmimi deyil, yoxsa onun göstərişlərini saymırlar?

08.03.2014 - 11:02

Əliyev səmimi deyil, yoxsa onun göstərişlərini saymırlar?

Dövlət başçısı bir neçə müşavirədə övladları harınlıq edən məmurlara barmaq silkələsə də, vəziyyət dəyişmir
 
Son vaxtlar bir-birinin ardınca yüksək vəzifəli məmurların övladlarının, yaxınlarının dəbdəbəli həyat tərzi keçirdiyini sübut edən şəkillər, faktlar açıqlanır.
Son olaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovun oğlu Murad Axundovun fotoları yayımlandı. General-polkovnikin yeganə oğlu olan 30 yaşlı Murad Axundovun Ədliyyə Nazirliyində çalışdığı bildirilir. Qeyd olunur ki, “ziyafətlər kralı” kimi tanınan Murad Axundovun öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi onun üçün adi haldır.
Bundan başqa, deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşındakı qadınları gülləbaran etməsi barədə xəbər yayıldı. Deputat oğlu bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir maşına atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb.
Qeyd etdiyimiz kimi, bundan əvvəl də məmur övladlarının harın həyatı barədə internetdə şəkillər və materiallar yayılıb.
Xatırlatmaq yerinə düşər ki, Ilham Əliyev bir neçə müşavirədə məmurlara üzünü tutaraq, onlara və övladlarına harın, qudurğan həyat keçirməmək mesajı versə də, heç bir dəyişiklik yoxdur. Belə çıxır ki, ya dövlət başçısı səmimi deyil, sadəcə, görüntü xatirinə harın məmurlara barmaq silkələyir, ya da onun göstərişlərinə əhəmiyyət verilmir.
Tanınmış yazıçı-publisist Mehriban Vəzir də deyir ki, bu məsələ əslində, bütün cəmiyyəti maraqlandırır: “Ola bilsin ki, məmur övladları harınlayıb, heç kimi eşitmir, “yuxarılarla” sıx qohumluq əlaqələrinə güvənirlər və s. Amma biz bir araya gələrək onlardan cavab istəməliyik. Kimsə maşını küçənin ortasında gülləbaran edirsə, bu, eləcə də bu qəbildən olan digər hadisələr barədə hər birimizin öz yozumumuz var. Hamı bir yerdə, cəmiyyət şəklində bu sualı onların özünə verməliyik və bu özbaşınalığın cavabını öyrənməliyik”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə düşünür ki, harınlamış şəxslərə qarşı hansısa tədbir görülməsi absurd məsələdir: “Vəzifəli adamların övladları üçün bu xalqı saymamaq, ona yuxarıdan aşağı baxmaq aldıqları tərbiyədən irəli gəlir. Ilham Əliyev Ismayıllı hadisələrində demişdi ki, sizin atalarınızı mən vəzifəyə qoymuşam və istədiyim vaxt da vəzifədən çıxararam. Digər vəzifəlilərin övladları da baxır ki, burada heç bir qanun işləmir, hansısa bir hüquqi addım atılmır və kimsə cəzalandırılmır. Cəzasızlıq olan yerdə təbii ki, harınlıq ayaq açıb yeriyəcək. Ilham Əliyev bunu ictimai rəy üçün deyib. Onun tədbir görmək niyyəti yoxdur, ona görə də qanunsuzluq baş alıb gedir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=4902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031