Milli Şura sədrindən 8 mart təbriki
Milli Şura sədrindən 8 mart təbriki
Bu gün 8 mart Beynəlxalq Qadınlar günüdür. Bu vəsilə ilə mən şəxsim və təmsil etdiyim Milli Şura adına ölkəmizin xanımlarını təbrik edir, onlara güvənli həyat arzu edirəm. Qadınlar ölkəmizin əhalisinin yarıdan çoxunu təşkil edir, cəmiyyətin inkişafı bilavasitə onların yaşam tərzindən asılıdır. Arzuladığımız Azərbaycan qadın və qızlarımızın həyat səviyyəsindən, intellektindən və təhsilindən keçir. Hazırda qızların təhsildən uzaqlaşdırılması ölkəmizin gələcəyini böyük təhlükə qarşısında qoyur. Möhkəm ailənin mənəvi təminatı daha çox hərtərəfli inkişaf etmiş qadınlarımızdan asılıdır. Lakin sosial baxımdan milyonlarla Azərbaycan qadını təminatsız şəraitdə yaşayır, onların arasında işsizlik, hüquqsuzluq günü-gündən genişlənməkdədir. Cəmiyyəti bürümüş ədalətsizliyin ilk qurbanı, məhz qadınlardır. Tibb elminin nəaliyyətləri ölkəmizdə qız uşaqlarının hələ ana bətnində olarkən məhv edilməsində təcəlla tapır. Yarıtmaz idarəçilik və hüdudsuz talançılıq ucbatından, ayaqlarının altında cənnət olan Azərbaycan anaları, cəhənnəmin bütün əzablarını bu dünyada yaşamalı olurlar. Halbuki, onlar daha güvənli, daha təminatlı və daha ləyaqətli həyat haqqına malikdirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4919