Azəriqaz ölüm mənbəyinə çevrilir
Kütləvi zəhərlənmələrin əsas səbəbi
abunəçilərə keyfiyyətsiz qaz verilməsidir
Qış
mövsümünün başlanmasıyla “dəm qazı” faciəsinə start verildi. Ən azı gün ərzində
neçə nəfər dəm qazından zəhərlənmələrlə xəstəxanalara çatdırılır. Son olaraq
Lökbatanda baş vermiş olay isə cəmiyyətdə şok effekti yaratdı. Bu dəfə isə
artıq söhbət dəm qazından yox, birbaşa abunəçilərə verilən mavi qazdan gedirdi.
İstehsal
olunan mavi yanacaq Qaradağda Qaz Emalı Zavoduna daxil olandan sonra emal
edilərək abonentlərə ötürülür. Bu proseslə bağlı “Yeni Cumhuriyyət” olaraq şok
fatları üzə çıxarmışıq. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Sabunçu,
Suraxanı, Binəqədi, Xəzər və Səbail rayonları ərazisində köhnə mədənlər
fəaliyyət göstərir və ordan çıxan qazın tərkibinə lazımi qatqı maddəsi
vurulmadan birbaşa abonentlərə ötürülür. Bunlar hamısı köhnə buruqlardır, hələ
də onlardan qaz hasil olunur, idarə və müəssisələr də həmin qaz itkiyə getməsin
deyə əhaliyə verirlər. Qazı yalnız tərkibinə metan qatıldığı halda əhaliyə
vermək olar. Mavi yanacağın tərkibində metanın faizi 60-dan aşağıdırsa, onu
əhaliyə ötürmək olmaz. Onun faizi mütləq 60-dan çox olmalıdır. Qaz cihazları,
istilik sistemlərinin korlanmasında bu amilin böyük rolu var. Metanın faizi
aşağı olduğu üçün cihazlar işləməyə, xarab ola bilər. Problem qazdadır.
Sözügedən mədən və buruqlar ARDNŞ-ın neft-qazçıxarma idarələrinin
nəzarətindədir. Onlar qazı necə gəldi camaata verirlər, sonra da faciə və
fəsadlar baş verir. ARDNŞ gərək abonentlərə verilən təbii qazın tərkibinə
nəzarət etsin. Abonentlərə verilən təbii qazın tərkibinə mütləq
etilmerkaptan maddəsi vurulmalıdır ki,
qaz sızması olanda insan bunu hiss etsin. Bu maddə təbii, məişət və yanmış
qazların tərkibinə odorant – xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin
qoxusu var, bir növ yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması
zamanı bu qoxu insanları duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq,
yayda isə 8 mq həmin maddədən olmalıdır.
Yeri
gəlmişkən, dəm qazıyla metanı qarışdırmaq olmaz. Dəm qazı insanı öldürmür, onu
zəhərləyir. İnsanın ölümünə səbəb olan qaz metandır. “Azəriqaz”ın əsas işi qazı
zavoddan alaraq əhaliyə verməkdir. Buna görə də zəhərlənmələri Qaz Emalı
Zavodunda axtarmağı daha düzgündür. Zavodda qazın emalı sahəsində, onun
tərkibinə havanın çox vurulması məsələsində böyük problemlər var.
Zəhərlənmələrin kökü həmin zavoddadır. Əslində, sovet vaxtında da belə
mədənlərdə çıxarılan qazı əhaliyə satırdılar.
Ekspertlər
bildirirlər ki, bu gün fəaliyyət göstərən Qaz Emalı Zavodu (QEZ) texniki
baxımdan pis vəziyyətdədir. Onun lazımi miqdarda qazı təmizləməyə gücü çatmır.
Mütəxəssislərin fikrincə, vəziyyətdən çıxmaq üçün qazın tərkibini təmizləyən
yeni müəssisələr tikilməlidir. Hələlik bu olmadığı üçün qaz əksər hallarda
mənzillərə normativlərə uyğun təzyiqlə verilmir.
Qazın
emalı zamanı tərkibinə xüsusi maye – odarant qatmaqla onu dəm qazından
təmizləmək imkanı yaranır. Həm də qazın tərkibinə xüsusi iyli maddə
qatılmalıdır – bu, qazsızmadan əhalinin vaxtında xəbərdar olması üçün ən etibarlı
vasitə hesab olunur. Ekspertlər deyirlər ki, çox vaxt bu da edilmir. Əsas kimi
də onun baha olması göstərilir. Əslində isə Azərbaycanda qazdan qazananlar bu
pulun sadəcə olaraq arxasına keçirlər.
Bu
sahədə işləyən kadrların hazırlıq səviyyəsinə gəlincə, ekspertlər deyirlər ki,
“Azəriqaz” ləğv olunub Neft Şirkətinə veriləndə onların qaşısında
daha ciddi tələblər qoyulacağını düşünürlərmiş. Amma əksinə olub: onun
ixtisaslı işçilərini çıxarıb, yerinə ordan-burdan bacarıqsız insanları gətiriblər.
Lakin
bu da hamısı deyil. Ekspertlər deyirlər ki, ən böyük problem qazın özünün
keyfiyyəti və bu sahəyə cavabdeh olan qurumlarda çalışanların əksəriyyətinin öz
işlərinin bilicisi olmamaları ilə bağlıdır. Dəm qazı əsasən aşağı yanıcılıq qabiliyyətinə
malik olan səmt qazı (neftlə birgə çıxan qaz) yanarkən alınır. Bütün dünyada
belə qazların məişət üçün emal edilmədən istifadəsi qadağan edilib. Belə
qazlar, tərkibi 60-70 faizə qədər propan qazı ilə zənginləşdirildikdən sonra
məişət istifadəsinə verilir ki, həmin qaz yananda qaz oksidindən başqa aralıq
maddələr alınmasın. Qazın məişətdə istifadə edildiyi bütün ölkələrdə bu
normalara əməl edilir. Səmt qazından isə dünyada yalnız sənayedə, məcburi yanma
sobalarında istifadə olunur. Bu səbəbdən də həmin ölkələrdə əhali arasında dəm
qazından boğulma, zəhərlənmə hadisəsi qeydə alınmır. Belə hadisə həmin
ölkələrdə yalnız təsadüfən qazanxana
işçilərinin başına gələ bilər. Azərbaycanda isə belə hadisələr, əvvəldə də qeyd
etdiyimiz kimi, qonaq otağında, mətbəxdə və hamamda baş verir. Mütəxəssislərin
sözlərinə görə, bunun yeganə səbəbi Azərbaycanda səmt qazının heç bir emal
prosesinə uğradılmadan, zənginləşdirilmədən məişətdə istifadəyə verilməsidir.
Haqqında
bəhs edilən vacib məsələ barədə işə məsuliyyətli qurum olan ARDNŞ isə susmağı üstün tutur. Belə ki, Neft
Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin müəllim aramsız zənglərimizə
rəğmən, mobil telefonunu açmadı. Dəm qazı belə çıxır, ARDNŞ-dən də vaz
keçməyib.
Ülviyyə
Short URL: http://www.cumhuriyyet.net/?p=4946