Azərbaycandan çıxarılan 500 milyon avronun sirri
Hakim ailəyə yaxın adamlar xarici ölkəyə
investisiya adı altında özlərinə şirkətlərini qururlar
Azərbaycan
hökuməti Monteneqroda (Çernoqoriya) kurort kompleksi inşa edəcək. 2016-cı ildə
başa çatacaq layihə 500 mln avroya (686,97 mln dollar) başa gələcək və 6500
nəfəri iş yeri ilə təmin edəcək. Bu Azərbaycan hökumətinin digər ölkələrdə
həyata keçirdiyi ilk belə layihə deyil. Digər ölkələrə milyonlarla dollar
vəsait yatıran hökumət ölkənin bir çox problemlərinin həllinə hələ də nail
olmayıb. İstər rəsmi stastitika, istərsə də müstəqil araşdırmalar ölkənin
regionlarında əhalinin həyat səviyyəsinin ürəkaçan olmadığını göstərir. Ölkədə
hələ də yoxsulluğun səviyyəsi yüksəkdir. İş yerləri tapa bilməyən əhali qazanc
dalınca paytaxda yaxud digər ölkələrə üz tutmaq məcburiyyətində qalır. Belə olan
halda bu vəsaiti regionların inkişafına sərf etməz daha məqsədəuyğun olmazdımı?
Hökumətin
xarici ölkələrə bu qədər vəsait yönəltməsi əlbəttə Azərbaycan əhalisinin böyük
əksəriyyəti tərəfindən rahatlıqla qarşılana bilməz. Çünki dərhal sual yaranır
ki, ölkə daxilində əhalinin sosial problemləri həll olunmadığı halda niyə
Azərbaycan xalqına məxsus olan maliyyə vəsaitləri xarici ölkələrin iqtisadi
strukturlarının inkişafına yönəldilir. Belə vəziyyətdə “əvvəl evi içi, sonra
çölü” atalar misalı yerinə düşür. Çünki ölkənin bu qədər problemləri olduğu
halda neftdən gələn vəsaitlərin xarici ölkələrə yatırılması normal hal
deyil. Azərbaycanda əhalinin sosial
vəziyyəti çox ağırdır. Bakı şəhəri
istisna olmaqla əksər regionlarında, kənd rayonlarında sosial infrastruktur
dağılmış vəziyyətdədir. Emal sənayesi 90-cı illərdən çox ağır zədə almış
vəziyyətdə qalıb. Bu sahədə ciddi irəliləyişlərə nail olmaq mümkün deyil. Hakim
ailəyə yaxın sahibkarlıq subyektləri hardasa nələrsə tikiblərsə, onun
Azərbaycan xalqına faydası yoxdur. Azərbaycanda əhlinin böyük hissəsi işsizdir.
Yaxud elə iş yerləri ilə təmin olunublar ki, orda daxil olan maliyyə vəsaitləri
xalqın güzaranını, gündəlik ehtiyaclarını ödəyə bilmir. Belə vəziyyətdə neftdən
gələn pulların ölkə daxilində istifadə edilməsi zərurəti ortalığa çıxır. İlk
növbədə hökumət əlinə düşən maliyyə vəsaitlərini bu istiqamətə yönəltməli idi.
Dolanışıqlarının ağırlığı ucbatından insanlar özlərinə od vurub yandırır.
Son
altı ildə ünvanlı sosial yardım alanların sayı 370 min nəfər artıb. Bunun 50
min nəfəri son bir ilin payına düşüb. Bu adamların hər birinə 25 manat 80 qəpik
vəsait ünvanlı yardım verilib. 25 manat 80 qəpik ümidinə buraxılmış insanların
sosial vəziyyətinin nə dərəcədə acınacaqlı olduğunu təsəvür etmək çətin deyil. Dövlət
Statistika Komitəsinin açıqladığı rəqəmlərdən məlum olur ki, işləyən əhalinin
təxminən yarısının gəliri 150 manata qədərdir. 150 manata bir ay müddətində
dolanmaq mümkün deyil. Belə vəziyyətdə ölkə daxilində rəqabət qabiliyyətli,
gəlir gətirən iş yerləri yaratmaq əvəzinə Azərbaycanı xalqına məxsus maliyyə
vəsaitlərini xalqın adını eşitmədiyi ölkələrin iqtisadiyyatının inkişafına
yönəltmək ağılsızlıqdır. Bunun normal izahatını tapmaq çox çətindir.
Eyni
zamanda bu qədər vəsaitin ölkədən çıxarılmasını təsadüfi hesab etmək olmaz. Hakim
ailəyə yaxın adamlar xarici ölkəyə investisiya adı altında özlərinə
şirkətlərini qururlar. Bu şirkətlər də ailə, tayfa, klan maraqlarına xidmət
edən şirkətlərdir. Görünür Azərbaycan xalqına artıq etibar etmirlər. Bu maliyyə
vəsaitlərinin şəffaflığı ilə bağlı Azərbaycan hökumətinin hesabatı olmalıdır.
“İqtisadiyyat
şöbəsi”
Short URL: http://www.cumhuriyyet.net/?p=4948