Hakimiyyəti təhdid edən gözəgörünməz güc
Fətullah Gülənin Türkiyədəki “çevriliş” cəhdi
rəsmi Bakını qorxuya salıb
Türkiyədə
“Gülən camaatı” ilə AKP hökuməti arasında başlayan açıq savaşın getdikcə
şiddətlənməsi, gözlənildiyi kimi, Azərbaycana da təsirsiz ötüşməyib. Son günlər
“Gülən camaatı” ilə əlaqələri olan vəzifəli şəxslərin, deputatların adlarının
açıqlanması, onlar haqda müxtəlif məlumatların, gizli məktubların yayılması,
qarşılıqlı ittihamların başlaması bu təsirin açıq təzahürləri hesab oluna
bilər.
Ancaq bunlar hələ məsələnin görünən, sadə
üzüdür. Arxa planda
daha ciddi proseslər baş verir. Hakimiyyət daxilində Türkiyədə baş verənlərdən
sonra “Gülən camaatı”nın Azərbaycanda mövcudluğundan ciddi narahatçılıq baş
qaldırıb.
“Camaatın” AKP hökumətinin başına açdığı
oyunlar Bakını qorxuya salıb
“Gülən camaatı”nın Türkiyədə faktiki olaraq
“paralel dövlət” qurduğunun ortaya çıxması Bakıda soyuq duş effekti verib.
Xüsusən də, bir dövrlər müttəfiq kimi hərəkət etmələrinə, hətta eyni yolun
insanları kimi tanınmalarına baxmayaraq, “camaatın” bu gün AKP hökumətinin
başına açdığı oyunlar rəsmi Bakını, sözün həqiqi mənasında qorxuya salıb.
ABŞ-dan gələn tapşırıqla Ərdoğanı hakimiyyətdən salmağı hədəfləyən bir
kampaniyaya başlayan “Gülən camaatı”nın, bir gün eyni ssenarini Bakıda da işə
sala biləcəyi əndişəsi iqtidarı dərhal hərəkətə keçməyə sövq edib.
Prezident Administrasiyasından “Gülən camaatı”
ilə bağlı tapşırıq
Bizə
verilən bilgiyə görə, Prezident Administrasiyasından dövlətin bütün
strukturlarına yerləşdirilmiş “Gülən camaatı”na bağlı şəxslərin
müəyyənləşdirilməsi, yüksək vəzifədə olanların adlarının ictimailəşdirilməsi
tapşırılıb. Bu işdə Azərbaycan xüsusi xidmət orqanları ilə yanaşı, Türkiyə
hökumətinin də yardımlarından istifadə olunur.
Azərbaycanın
İstanbuldakı Baş konsulu Həsən Zeynalov da məhz Bakıdan verilən tapşırıq
əsasında bu işlə məşğul olub. Və Türkiyədəki müvafiq dairələrdən Azərbaycandakı
“nurçu”larla bağlı əldə etdiyi məlumatları hesabat şəklində Prezident
Administrasiyasına göndərib. Hansı ki, onun bir hissəsi mətbuata da sızdırılıb…
Bakının bu
addımları “Gülən camaatı”nda müəyyən narahatlıqlara səbəb olsa da, ciddi təşviş
yaratdığını söyləmək mümkün deyil. Bunu adı “nurçu”luqda hallandırılan vəzifəli
şəxslərin bəyanatlarında sərt ritorikaya üstünlük vermələri də aydın göstərir.
Belə görünür ki, ABŞ siyasətinə təsir edən dairələrlə bağlılıq “camaat”da
Azərbaycanla bağlı özünəarxayınlığa yol açıb.
Təsadüfi
deyil ki, “Hizmət”in Azərbaycandakı ana strukturu olan “Çağ Öyrətim
İşlətmələri” MMM-in rəhbəri Ənvər Özərənin Fətullah Gülənə yazdığı iddia edilən
məktubda, Güləndən Azərbaycana ABŞ-dan daha çox təzyiq edilməsi üçün hərəkətə
keçmək xahiş olunur. Sitat: “Prezident Administrasiyasındakı dostumuzun
dediyinə görə, hazırda Azərbaycan ABŞ-la münasibətlərini gücləndirmək üçün
lobbi fəaliyyətlərini artırıb. Azərbaycan dövləti nəzdində lehimizə fəaliyyət
göstərməyi üçün ABŞ-dakı dostlarımızın bunu nəzərə almağını istəyirik”.
“Gülən camaatı”na qarşı hansısa ciddi
addımların atılması mümkünsüz və təhlükəlidi
Qeyd edək
ki, ABŞ-dan hər hansı təzyiq olmasa belə, Azərbaycanda “Gülən camaatı”na bağlı
şəxslərə qarşı hansısa ciddi addımların atılması mümkünsüz və təhlükəli iş kimi
görünür. Niyə?
Əvvala,
artıq gecdir. 20 ildən artıq müdətdə “Hizmət” hərəkatı yaradılan münbit
şəraitdən istifadə edərək, geniş şəkildə şəbəkələşib, şaxələniblər. Bakıdan
Gülənə göndərilən məktubda qeyd edildiyi kimi, “Hizmət” hərəkatı Prezident
Administrasiyasından tutmuş Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə və digər
nazirliklər, qədər, hamısına kadrlarını yerləşdirə bilib. Bunda “Gülən
camaatı”na aid təhsil mərkəzlərini bitirən şəxslərin bir-birilə sıx bağlılığı
da mühüm rol oynayıb. Bu məktəbləri bitirən birinin səlahiyyət əldə etməsi
kifayət edir ki, ətrafındakı digərlərinin də ələ çatan yerdə vəzifə tutmasına
səbəb olsun. Ötən illər ərzində təkçə türk litseylərini və “Qafqaz”
universitetini bitirənlərin, onların içərisindən vəzifəyə gedənlərin sayını
nəzərə alsaq, “Gülənçilər”in hər yerdə olduğunu söyləyə bilərik.
“Gülən camaatı”nın gücü Azərbaycan dövlətini
TƏHDİD edir
Başqa
faktorları da qeyd etmək olar. Ancaq qeyd etdiklərimiz, hakimiyyətin necə bir
çətinliklə qarşılaşdığını və narahatçılığının nə qədər əsaslı olduğunu əyani
göstərir.
Hər halda,
ƏN BAŞI xaricdə müəyyən dairələrə bağlı bir HƏRƏKATIN Azərbaycanda böyük gücə
çevrilməsi arzuolunan hal deyil. Bu yalnız hakimiyyəti deyil, bütövlükdə
Azərbaycan dövlətini, onun siyasi-iqtisadi müstəqilliyini TƏHDİD edir.
Ona görə
də, “Gülən camaatı”na bağlı şəxslərin nəzarətə götürülməsi istiqamətində
addımları başa düşmək olar. Ancaq bunun indiki kimi hay-küylə aparılması, total
xarakter alması, “nurçular”ın az qala düşmən kimi təqdim olunnması ağıllı
variant deyil. Bəzi şəxslərin və dairələrin Roma papasından artıq xristian olub
özünü “nurçular”la mübarizənin önünə atması isə sadəcə gülünc görünür…
Bu cür
təbliğat bir tərəfdən cəmiyyətdə bölünmələrə, mənasız qarşıdurmalara səbəb
olur, digər tərəfdən də “Gülən camaatı”na bağlı şəxslərin daha da
“kilidlənmələrinə” gətirib çıxarır.
Ona görə də, hakimiyyətin bu istiqamətdəki
fəaliyyəti maksimum ehtiyatlı və gizli olmalıdır.
Fikrimizcə,
bütövlükdə “Gülən camaatı”na bağlı şəxslərin deyil, yalnız “Pensilvaniya ilə”
əlaqələri olanların fəaliyyəti nəzarətə götürülməlidir. (azpolitika.info)
Murad Məmmədov
Short URL: http://www.cumhuriyyet.net/?p=4949