Hakimiyyətin "rektor əməliyyatı"
Hakimiyyətin “rektor əməliyyatı”
Bütün universitetlərin rəhbərliyində dəyişiklik olacaq
Səbəb kimi rektorların Mikayıl Cabbarovla yola getməməsi və tələbə hərəkatının yaranacağı narahatlığı göstərilir
Bir neçə rektorun işdən çıxarılması universitet rəhbərləri ilə bağlı planın tərkib hissəsidir. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, tədricən bütün universitetlərdə rektorlar dəyişdiriləcək. Proses ötən ilin sonlarından başlayıb. Mənbə bunu iki səbəblə izah edir. “Bakı Dövlət Universitetində tələbələrin etirazı hakimiyyəti narahat edib. Indi iqtidar universitetlərə potensial inqilab yuvası kimi baxır. Tələbə hərəkatının yaranmasından ehtiyatlanır. Hakimiyyət yeni rektorlar təyin etməklə islahat görüntüsü yaratmaq və tələbələrin narazılığını bir qədər azaltmaq istəyir”.
Mənbə bildirib ki, ikinci səbəb yeni təhsil naziri Mikayıl Cabbarovla bağlıdır: “Əksər rektorlar onlardan xeyli gənc olan Mikayıl Cabbarovla hesablaşmırlar. Bu da əlbəttə ki, yeni təhsil nazirinin narazılığına səbəb olub. Hakimiyyət ziddiyyətlərin alovlanmaması üçün rektorların əvəzlənməsini məqsədəuyğun sayır”.
Mənbə bildirib ki, əvəzlənən rektorların bir hissəsi başqa vəzifəyə təyinat alacaq.
Xatırladaq ki, artıq Iqtisad Universitetinin, Bakı Slavyan Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin rektorları dəyişib.
Short URL: http://www.cumhuriyyet.net/?p=4980