Ərdoğanın ən qatı düşməninə qarşı hiyləgər taktikası

11.03.2014 - 10:23

Ərdoğanın ən qatı düşməninə qarşı hiyləgər taktikası

Yaxud Türkiyənin baş naziri qurama ittihamlarla həbs edilmiş dünyəvilik tərəfdarlarının qapılarını niyə açır…
Türkiyədə məhkəmələr Cümhuriyyət tarixinin ən səs-küylü siyasi repressiya aktının qurbanlarını – “Ergenekon” işi üzrə həbss edilmiş silahlı qüvvələr mənsublarını və atatürkçüləri tədricən azadlığa buraxmağa başlayıb.
Xəbər verildiyi kimi, ötən həftə sonu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, ordu generalı İlkər Başbuğun azadlığa buraxılması barədə qərar verilib.
Bu gün isə məhkəmə jurnalist, “Kanal Türk” kanalının keçmiş sahibi Tuncay Özkan, istefada olan polkovnik, PKK terrorçularına qarşı çoxsaylı xüsusi əməliyyatlara komandanlıq etmiş Levent Göktaş, keçmiş xüsusi təyinatlı polis komandiri İbrahim Şahin, “mafiya babası” kimi tanınan Sedat Peker, vəkil Kamal Kerinçsiz həbsdən buraxılıb.
“Ergenekon”çuların azadlığa buraxılması barədə xəbələr hələ də gəlməkdə idi və son xəbərlərə görə, 1-ci ordu komandanı olmuş ordu generalı Hasan İğsız, jandarma qüvvələrinin komandanı olmuş ordu generalı Şener Eruyğur da aralarında olmaqla daha bir qrup məhbus buraxılıb.
Virtualaz.org saytının xəbər verdiyi kimi, bu təxliyyələr baş nazir Ərdoğanla onun keçmiş “hocası” və müttəfiqi Fətullah Gülən arasında münasibətlərin qatı düşmənçilik səviyyəsində korlanmasının ardınca hökumətin məhkəmə və hüquq sistemində apardığı qanunvericilik dəyişiklikləri sayəsində mümkün olub. Belə ki, Ərdoğan fətullahçıların polis, prokurorluq və məhkəmə sisemində kök salmış güclü şəbəkəsini zəiflətmək üçün Hakimlər və Prokurorlar Yüksək Şurası (HSYK) barədə qanunu tələsik dəyişdirdi.
Bu dəyişikliklərə əsasən hökumətin hakimlərin və prokurorların təyinatına təsir imkanları artdı, eyni zamanda Xüsusi Səlahiyyətli Məhkəmələri ləğv edildi. Hansı ki, “Ergenekon” və dünyəvilik tərəfdarlarının dəstə-dəstə Silivri həbsxanasına doldurulması üçün istifadə olunan digər qurama cinayət işlərinə məhz bu məhkəmələr baxırdı.
“Ergenekon” məhbuslarının bir neçəsinin azadlığa buraxılması üçün qərar çıxaran hakimlər deyirlər ki, Xüsusi Səlahiyyətli Məhkəmələri ləğv edildiyi üçün onların çıxardığı qərarlar da hüquqi baxımdan əhəmiyyətini itirir. Həmin məhkəmələr “Ergenekon” məhbusları barədə iki ildən çoxdur ağır hökmlər versə də öz qərarlarını hələ də yazılı şəkildə əsaslandıra bilməyib.
Lakin “Ergenekon” işi üzrə tutulanların, o cümlədən keçmiş Baş qərargah rəisi İlkər Başbuğun azadlığa buraxılması Türkiyədə heç də ədalətin nəhayət qələbə qazanması kontekstində dəyərləndirilməməlidir. Belə görünür ki, söhbət Ərdoğanın onu möhkəm sıxışdıran və siyasi karyerasını bitirməyə çalışan ən qatı düşməninə qarşı istifadə etməyə çalışdığı hiyləgər taktikadan gedir.
Bu taktika iki düşmən arasından daha az düşmən olanı seçməkdən və onu daha qatı düşmənə qarşı istifadə etmək cəhdindən ibarətdir.
Əslində Ərdoğan bu taktikanı Fətullah Gülənin ilk sarsıdıcı hücumundan-17 dekabr rüşvət və korrupsiya həbslərindən dərhal sonra istifadə etməyə başlamışdı. Ərdoğan Türkiyənin polis və prokurorluq sistemində möhkəmlənmiş Fətullah əsgərlərinin onun hökumətinin korrupsiya əməllərini ifşa edən əməliyyatının ardınca demişdi ki, bunlar milli orduya da tələ qurublar.
Əslində bu, dünyəvilik tərəfdarlarına qarşı Ərdoğanın özünün də dəstəklədiyi, onunla Fətullah Gülənin ittifaqının ümumi maraqlarına xidmət edən həbs əməliyyatlarının qurama ittihamlarla həyata keçirildiyinin etirafı idi. Təbii ki, dərhal belə sual yarandı: əgər fətullahçılar orduya tələ qurmuşdusa baş nazir Ərdoğan niyə “Ergenekon” həbslərinə dəstək verir və hələ məhkəmə qərarı olmadan generallara “terrorçu” damğası vurub bu həbs əməliyyatlarını demokratiyanın təntənəsi kimi təbliğ edirdi?
Ərdoğan özü də şübhəsiz ki, belə sualların meydana çıxacağını nəzərə almışdı. Ancaq Fətullah Gülənin güclü şəbəkəsinin hücumlarını dəf edə bilmək üçün onun taktikanı dəyişdirməsi, cəmi iki il əvvəl ortaq olduğu işdən yaxasını kənara çəkərək keçmiş müttəfiqini qurama ittihamlarla generalları həbs etdirən əsas güc olaraq təqdim etməsi vacib idi.
Necə deyərlər, Ərdoğan özü üçün iki pis arasından ən az pis olana tərəf meyl edirdi. Çünki “hocaefendinin” necə amansız düşmən olduğunu, rəqiblərinə qarşı bütün üsullardan istifadə etdiyini onu yaxından tanıyan və bir vaxtlar “ətəyində namaz qılan” birisi kimi yaxşı bilirdi. Təbii ki, belə düşmən bir vaxtlar onu cəmi bir illik həbs etdirib siyasi fəaliyyətinə qadağa qoyan atatürkçülərdən daha təhlükəli və qəddar idi. Türkiyə baş nazirinin siyasi karyerasında bu cür kəskin manevrələr çox olub və onun bu gün dediyini sabah danmasına dair xeyli nümunələr var.
Beləliklə, Ərdoğan keçmiş müttəfiqindən və indiki qatı düşmənindən qisas ala bilmək üçün saxta ittihamlarla ömürlük həbsə atılmış generalların, jurnalistlərin və atatürkçülərin azadlığa yolunu açır. Bu, ömrünü Türkiyədə dini rejimin qurulması yolundakı əsas maneəyə-orduya və atatürkçülərə qarşı mübarizəyə həsr etmiş Fətullah Gülənə qarşı mesajdır.
Əslində taktikanı dəyişdirən təkcə Ərdoğan deyil. Onun keçmiş “hocası” da eyni cür hərəkət edir. Ərdoğana qarşı onun qatı müxaliflərini-ana müxalifət partiyası CHP-ni gizli və ya açıq dəstəkləyir. Hətta MHP-yə də dəstək verməyə hazır olduğu barədə siqnallar göndərir. Martın 30-da keçiriləcək bələdiyyə seçkilərində CHP-nin İstanbul bələdiyyəsinə namizədi Mustafa Sarıgülün Fətullah Güləndən dəstək aldığına dair xəbərlər var. Hansı ki, bir vaxtlar CHP də silahlı qüvvələr kimi Fətullah Gülənin əsas düşmənləri arasında yer alırdı.
İndi bütün diqqətlər martın 30-da keçiriləcək seçkilərdə fətullahçıların Ərdoğana dəstəyi kəsməsinin nəticələrə necə təsir edəcəyinə, bu təriqətin CHP və MHP-nin namizədlərinə verəcəyi dəstəyin nə dərəcədə həlledici olacağına yönəlib. Lakin Ərdoğan həm də bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Belə görünür ki, imici möhkəm zədələnmiş və durmadan fətullahçıların gizli səs yazıları ilə vurulan Ərdoğan ilk dəfə keçiriləcək bu birbaşa seçkilərdə namizəd olmayacaq.
Hazırkı prezident, Ərdoğanın ən sadiq dostlarından hesab edilən Abdullah Gül isə baş nazirin Fətullah Gülənlə mübarizəsində ən azı neytral qalmağa çalışır. Pensilvaniyada mənzillənmiş təriqət imamının isə prezident seçkilərində Gülə dəstək verəcəyinə dair mesajlar göndərdiyi barədə məlumatlar var.
Belə bir vaxtda həbsdən buraxılmış keçmiş ordu komandanı, xarizmatik general İlkər Başbuğ Fətullah Gülənin namizədinə qarşı güclü alternativ ola bilərdi. Hələ general Başbuğun siyasətə qoşulacağı məlum olmasa da analitiklər hesab edir ki, Ərdoğanın onun azadlığa yolunu açması məhz prezident seçkilərində Fətullah Gülənə qarşı güclü “kozır” əldə etməyə yönəlmiş gedişdir. Beləliklə, Türkiyədə baş verənlər növbəti dəfə sübut edir ki, siyasətdə daimi dostlar və daimi düşmənlər heç vaxt olmur, eləcə də prinsiplər dəyişməz deyil…
Fərhad Məmmədov
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4983

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031