Millət vəkili hicaba qarşı çıxış etdi
11.03.2014 - 11:27
Rövşən Əhmədli: “Bəxtiyar Sadıqovun səsləndirdiyi fikirlər qanunumuza, insanların inanc məsələlərinə təhqirdir”
Mətbuat Şurasının təşkil etdiyi “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun çıxışı birmənalı qarşılanmayıb. B.Sadıqov bildirib ki, bir neçə il bundan əvvəl məktəblərdə qadınların hicab bağlamasına qadağa qoyulması Azərbaycanda bəzi insanlarda narahatlıqlar yaratdı:
“Onlar Təhsil Nazirliyinin qarşısında buna etirazlarını da bildirdilər. Sonradan məlum oldu ki, etiraz edən insanların nə anaları, nə də bacıları ali məktəbdə oxuyub çarşab bağlayan qadınların sırasında deyil və bunlar müəyyən dairələr tərəfindən etiraz etmək üçün öyrədilmiş insanlardır”.
B.Sadıqov qeyd edib ki, mətbuatın bu məsələdə düzgün yol tutmaması və bunu insan azadlığının pozulması kimi qeyd etməsi, sözügedən insanların bəzən müdafiə mövqeyində durması belə bir halın meydana gəlməsinə səbəb olub. Deputat söyləyib ki, Azərbaycan qadını dünyanın ən inkişaf etmiş, ağıllı və mütərəqqi qadınıdır: “Azərbaycan dünyanın yeganə dövlətlərindəndir ki, qadına hörmət əlaməti olaraq onun şərəfinə heykəl ucaldılıb. ABŞ-dan əvvəl Azərbaycan qadını seçkilərdə səs vermək hüququ qazanıb. Gəlib XX-XXI əsrdə Azərbaycan qadınını çarşaba qaytarmaq təbii ki, səhv idi. Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əlbir işlədilər. Bu gün, görürsünüz, bu zalda bir nəfər də olsun çarşablı qadın yoxdur. Bu, bizim uğurumuzdur və mətbuatın köməyilə görülmiş işin nəticəsidir”.
B.Sadıqovun açıqlamasına münasibət bildirən Rövşən Əhmədli millət vəkilinin bu qədər məsuliyyətsiz və təxribatçı çıxış etməsini təəssüflə qarşılayır. Həmsöhbətimiz bunu nəinki millət vəkilinə, sadə vətəndaşa yaraşmayan və səsləndirilməsi lazım olmayan fikir adlandırır:
“Bu gün Konstitusiyada insanların haqq və hüquqları tanınır. Vicdan azadlığı hüququ da qanunla təsbit olunub. Millət vəkilinin Konstitusiyanın əleyhinə bu cür həqarətedici mövqeyi qəbulolunan deyil. Islami cameə, qanunlara riayət edən, ictimai-siyasi mənsubiyyətindən, inanclı olub-olmamasından asılı olmayaraq bütün insanlar buna fikirlərini bildirməlidir. Səsləndirilən fikirlər qanunumuza, insanların inanc məsələlərinə təhqirdir. Bu cür insanlar dava axtarır, onlar təxribatçı çıxışlarıyla ölkədə hansısa formada sabitliyin pozulmasında maraqlıdır”.
R.Əhmədli qeyd edir ki, millət vəkilinin bu cür mövqeyinə qarşı dövlət səviyyəsində münasibət bildirilməlidir. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4987