Tağı Əhmədovun biznesi vuruldu, ara qarışdı…
12.03.2014 - 10:19
Tağı Əhmədovun biznesi vuruldu, ara qarışdı…

Metro keçidlərində alver edənlərə 1 həftə vaxt verildi; Ticarət köşklərinin sahibləri kütləvi aksiya keçirdi; polislə qarşıdurmada saxlanılanlar oldu; Bakı Metropoliteninin rəisi: “Ticarət köşkləri haqda qəti qərar qəbul edilib”
Martın 11-də Bakı Metropoliteninə daxil olan stansiyalardakı ticarət köşklərinin yığışdırılması ilə bağlı qərar verilib. Metropolitenin yeni rəisi Zaur Hüseynov tərəfindən verilən qərar stansiyaların daxilində və piyada keçidlərində qurulan ticarət köşklərini şamil edilib.
Şifahi şəkildə verilən ilkin qərar stansiya rəisləri tərəfindən metroda ticarət köşklərini işlədən sahibkarlara martın 11-də səhər saatlarında çatdırılıb. Metropolitenin yeni rəisinin bu qərarına ticarət köşklərinin sahiblərinin reaksiyası gecikməyib. Yasamal rayonunda yerləşən Bakı Metropoliteninin binası önünə toplaşan yüzlərlə sahibkar yeni rəisdən məsələyə aydınlıq gətirməsini tələb ediblər.
“1300 manatımızı qaytarın”
Ticarət köşklərində çalışanların metropolitenin binasına qarşısına toplaşması ilə əlaqədar əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Etiraz edən satıcılardan Çimnaz Behbudova “Yeni Müsavat”a açıqlaması bildirib ki, yeni rəisin göstərişini yüzlərlə ailənin ac qoymaq, ölkədə sosial gərginlik yaratmaqdan başqa bir şey deyil: “Keçmiş rəis Tağı Əhmədov çörək verən insan idi. Biz ondan heç vaxt narazı olmamışıq. Nə vaxt nə problemimiz olub, getmişik bizi canla-başla qarşılayıb. Mağazalarda işləyənlərin çoxu elə metropolitendə çalışanların ailə üzvləridir. Metroda işləyənlərin maaşı azdır. Tağı müəllim özü bunu dəfələrlə mətbuatda səsləndirib. Köşkləri metroda çalışanların ailəsinə yardım kimi verdilər. Mən 1994-cü ildən burda işləyirəm. İki ailə mənim balaca mağazamdan dolanır. Ayda 500 manat yer pulu verirəm. Gündə qazancım 20-50 manat arası olur. Bir təhər başımızı dolandırırıq. Axı niyə camaatın çörəyinə bilərəkdən bais olurlar?”
Metronu “Nəriman Nərimanov” stansiyasındakı ticarət köçkündə çalışan Qabil adlı satıcı isə bildirib ki, yeni rəis yer haqlarını qaldırmaq üçün bu addımı atıb: “Ayda 500 manat yer pulu veririk. Görünür, bunların gözləri doymur. Daha çox istəyirlər. Elə hey deyirlər ki, tez olun mağazaları bağlayıb, çıxın. İndiyə kimi bir metropoliten rəsmisi bu qədər camaatın qabağına çıxıb bir açıqlama verməyib. Elə bilirlər ki, “çıxın” deyəndə sakitcə çıxıb gedəcəyik. Xeyir, bunu görməyəcəklər. Axıra kimi haqqımız uğrunda mübarizə aparacağıq. Əgər tələblərimiz yerinə yetirilməsə növbəti kütləvi aksiyamız Prezident Administrasiyasının önündə olacaq”.
Sahibkarlar şərtlərini də açıqladılar. Onlar metroda işləyən mağaza sahiblərinə ticarət mərkəzlərinə yer verilməsini, 2-3 ay onlardan yer pulu alınmamasını, köşklərin təmirinə görə yığılan 1300 manatın geri qaytarılmasını tələb ediblər.
Polis aksiyaya sərt müdaxilə etdi
Aksiya iştirakçılarının çoxalmasından ehtiyat edən Yasamal polisi canlı sədd yaradaraq etirazçıları metropoliteninin binası qarşısından uzaqlaşdırmağa başlayıb. Bu zaman aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Polisin canlı səddini yaramaq istəyən etirazçılardan ikisi saxlanılıb.
Aksiyanı dağıtmaq üçün əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Bakı Metropoliteni rəhbərliyi etirazçıların nümayəndəsini qəbul etdikdən sonra ara bir qədər sakitləşib. Daha sonra bildirilib ki, Bakı Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslərin iştirakı ilə fövqəladə toplantı keçirilib. Toplantıda ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu deyib. Daha sonra yeni rəis etiraz aksiyası keçirənlərin nümayəndəsini qəbul edib. Görüşdən çıxanlar bildiriblər ki, yekun qərar olaraq onlara 1 həftə vaxt verilib. Sahibkarlar 1 həftə yeraltı keçiddə satışdan istifadə edə bilərlər. Vəziyyətlə bağlı bu müddətdə qərar veriləcək.
Metroda yerpulu yığan adam aradan çıxıb
“Nəriman Nərimanov” metro stansiyasında olan satıcılardan biri “Qafqazinfo”ya bildirib ki, onlardan sabaha qədər yerlərini boşaltmaq tələb edilib: “Bunu bizə indi deyirlər. Bundan əvvəl də belə hadisələr olub. Amma o vaxt bir ay qabaqdan bizə xəbərdarlıq etmişdilər və növbəti ayın icarə pulunu da almamışdılar. Bu dəfə isə deyirlər ki, tez boşaldın. Biz kasıb adamlarıq, ailəmizi bununla dolandırırıq. Ödədiyimiz arenda pulunu da qaytarmırlar. Arendanı yığanlar da ortalıqda yoxdur. Mən metronun rəisi ilə görüşdüm. Mənə deyir ki, bizlik iş yoxdur. Yuxarıdan bizə nə deyiblərsə, onu da sizə deyirik. Biz istəyirik ki, verdiyimiz pul qaytarılsın. Bundan əlavə bu günlərdə yeni mal vurmuşuq. Nə qədər ziyana düşmüşük. Pulumuzu qaytarmasalar, aidiyyəti qurumlara müraciət edəcəyik”.
Koroğlu stansiyasında isə vəziyyət bir qədər fərqli idi. Burdakı satıcılar dedilər ki, hələ ki metronun giriş və çıxışlarını boşaltmağı tələb ediblər. “Bu gün də satıcıların çoxu “Elmlər Akademiyası” stansiyasındakı aksiyaya qatılıb. Bu bir siyasətdir. Əvvəl-axır bütün hər yeri sökəcəklər. Bizi bir araya yığıb məsələ barədə məlumat verən yoxdur. Biz də baş verənləri ara söhbətlərindən eşidirik. Metro işçisi dedi ki, giriş-çıxış boşaldıqdan sonra digər obyektləri martın 22-dən sonra sökəcəklər. Keçən ayın əvvəlində yer pulu 590 manat vermişik. Bura sahibin öz yeridir. Vaxtilə 15000 manat verərək bu köşkü alıb. Deyirlər ki, təzə gələn rəis arendaların pulunu aşağı endirib. Bu kiçik mağazadan beş nəfər dolanır. İndi beşi də işsiz qalacaq. Bu necə olacaq?”
“Qərarımızı vermişik…”
Martın 11-də “Mediaforum” saytı metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı haqda məlumatlara və həmin keçidlərdə ticarətlə məşğul olan şəxslərin keçirdiyi aksiyaya münasibət öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova müraciət edib. Zaur Hüseynov “mediaforum” saytına deyib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib.
Məlumata görə, söküləcək obyektlərin əksəriyyəti T.Əhmədovun oğlunun şirkətinə məxsusdur. Ticarət obyektlərinin əksəriyyəti də keçmiş rəisin qohumlarına məxsusdur. Bunu axar.az-a metropolitendə işləyən mənbə də təsdiq edib. “Metro keçidlərində çalışan ticarətçi qohumlar bu günəcən işlətdikləri obyektlərin müqabilində dövlətə vergi ödəməyiblər. Məhz bu səbəbdən yeni rəhbərlik bütün obyektlərin sökülməsinə qərar verib. Mənbə eyni zamanda qeyd edib ki, rəhbərlik ticarət obyektlərinin işlədilməsi ilə bağlı yeni qiymət müəyyənləşdirdikdən sonra metropolitendə ticarət bərpa olunacaq” deyə, mənbə sayta bildirib.
“Metro həm də insanların sığınacaq yeridir”
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq İlkin Bağırovun sözlərinə görə, Bakı Metropoliteni strateji mülki müdafiə obyekti hesab edilir: “Bilməyənlər də bilməlidir ki, xüsusi fövqəladə hallarda metro həm də insanların sığınacaq yeridir. Təhlükəsizlik prinsiplərindən irəli gələrək metroya bir dəqiqə ərzində neçə nəfərin girib-çıxa bilməsi, oradakı hava sirkulyasiyası dəqiqliyi ilə hesablanıb.
Ona görə də mən dəfələrlə qeyd etmişdim ki, metro keçidlərində ticarət köşklərinin quraşdırılması təhlükəsizlik qaydalarına ziddir və yığışdırılmalıdır. Məsələn, əgər hansısa bir hadisə olsa, konkret vaxt müddətində müəyyən sayda insanın metrodan və ya metroya təxliyə edilməsi təmin edilməlidir. Lakin metrodakı ticarət obyektləri bu işlərə birbaşa mane olacaq və insanların həyatını təhlükə altına atmış olacaq”.
Politoloqun sözlərinə görə, ticarət obyektləri metro stansiyalarına və stansiyalardan hava axınının da qarşısını alır ki, bu da daha iki təhlükəyə səbəb olur: “İnsanlarda diskomfort yaradır, onların tənəffüsünü çətinləşdirir, bəzi hallarda isə müəyyən çatışmazlığı olan insanların həyatını təhlükə altına qoyur. Stansiyalarda insanların tənəffüsü zamanı, eləcə də qrunt sularının buxarlanması nəticəsində meydana gəlmiş hava damcıları birbaşa beton və metal konstruksiyaların eroziyasını sürətləndirir ki, bu da metronun dağılması təhlükəsini yaradır”.
İlkin Bağırov hesab edir ki, illərdir burada quraşdırılmış köşklərin birdən-birə bir günün içində yığışdırılması da düzgün deyil: “Hesab edirəm ki, əvvəlcə bununla bağlı ciddi maarifləndirici iş aparılmalı, belə bir addımın zəruriliyi əsaslandırılmalı, daha sonra müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla köşklərin sahiblərinə alternativ yerlər təklif edilməlidir”. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5007