Metro qiyamının gizlinləri

13.03.2014 - 10:11

Metro qiyamının gizlinləri

Bakını qarışdıran qərarın arxasında duran əsas səbəb nədir?; Metropolitenin yeni rəhbərliyi ildə 12 milyon manatdan imtina etməyib; az sonra yeni dizaynlı köşkləri daha baha qiymətə satacaqlar; metrodakı ticarət seti sıfır variantından başlayaraq yenidən qurulacaq 
Bakını bürüyən söküntü dalğası metropoliteni də haqladı. Yeni rəhbərlik metronun giriş və çıxışlarında fəaliyyət göstərən ticarət köşklərinin sökülməsi barədə qərar qəbul edib. Martın 27-dən sonra söküntü işlərinə başlanılacaq. Hələlik yeni rəhbərlik söküntü qərarını əsaslandırmağa tələsmir, ticarətçilər isə kütləvi etiraz aksiyalarına start verib.
Görünür, ticarətçilərin yeni rəhbərliklə anlaşma cəhdləri uğursuzluğa düçar olub. Bütün dinc yolların tükəndiyini görən ticarətçilər sonuncu vasitəyə – etiraz aksiyalarına əl atmağa məcbur olub. Onları anlamaq çətin deyil – heç kim dolanışıq, özü də normal dolanışıq mənbəyindən məhrum olmaq istəmir. Ancaq  görünən budur ki, yeni rəhbərlik onlara qarşı münasibətdə çox sərt və kompromissiz mövqe tutub. İndi çoxlarını bir sual maraqlandırır: Ticarət köşklərini sökmək kimə və nə üçün lazım idi? Axı bu metropoliten rəhbərliyinə yaxşı gəlir gətirən bir mənbə idi. Nəyə görə yeni rəhbərlik bu mənbəyi qapatmaq istəyir? 
Bu suala birmənalı cavab vermək çətindir. Burada 2 versiya var.
Birinci versiya – bu qərar daha yüksək səviyyədə verilib və yeni rəhbərlik sadəcə yuxarıların qərarını icra edir. Bu versiya təsdiqlənsə, deməli, oliqarxiya kiçik ticarətçiləri sıradan çıxartmaq niyyətinə düşüb. Metro keçidlərində ticarət dövriyyəsi on milyonlarla ölçülür. Bu köşkləri qapatmaqla on milyonlarla dövriyyəni iri ticarət mərkəzlərinə transformasiya etmək istəyirlər. İri ticarət mərkəzlərinin isə oliqarxlara məxsus olması mübahisə predmeti deyil. 
Ancaq bu versiya tənqidə o qədər dözümlü sayıla bilməz. Həm də ona görə ki, metro ticarətinin dövriyyəsi də önəmli oliqarxlara məxsusdur. Pul axını xəttində hansısa normal iş adamları yox, məhz siyasi hakimiyyətə bağlı olan oliqarxlar dayanıblar. Digər tərəfdən,  köşklər sökülürsə, dövriyyə cəmi bir neçə ticarət mərkəzinə transformasiya ediləcək. Bu səbəblərdən də oliqarxlar belə dumanlı layihəyə çətin ki, maraqlı olsunlar. 
İkinci versiya – ticarət köşklərinin sökülməsi yeni rəhbərliyin iradəsi ilə həyata keçirilir. Məqsəd az sonra köşkləri yeni dizaynda təkrar ticarətçilərə satmaqdır. Həm müşahidəçilər, həm də ticarətçilərin özləri bu versiyaya daha çox üstünlük verir. Elə biz də bu versiyanı əsaslı sayırıq. Çünki metro ərazisindəki ticarət köşklərinin metropoliten rəhbərliyinə nə qədər gəlir gətirməsi barədə real məlumatlar var və yeni rəhbərliyi bu gəlirdən imtina edəcəyi qədər ağılsız hesab etmirəm. Yeni rəhbər ixtisasca mühasibdir və gəlir-çıxarını yaxşı bilir. 
Metropolitenin sabiq rəhbəri Tağı Əhmədov bildirmişdi ki, müəssisənin balansında 2 minə qədər ticarət obyekti var. O, eyni zamanda demişdi ki, metro ticarətindən əldə olunan aylıq gəlir 70 min, illik gəlir isə cəmi 840 min manatdır.
Belə çıxır ki, metro keçidlərində  fəaliyyət göstərən bir dükandan orta hesabla ayda cəmi 35 manat icarə haqqı yığılır. Ancaq bu dükanları işlədən istənilən ticarətçidən dəqiqləşdirmək olar ki, bu rəqəm 500 manatdan az deyil. Bəzi işlək yerlərdə (“28 May”, “20 Yanvar”, “Neftçilər”, “Nərimanov”, “Koroğlu” stansiyalarının keçidlərində) bu məbləğ hətta 1000 manata çatır. Orta hesabla götürsək ki, 2000 ticarətçinin hər biri ayda 500 manat ödəyir, bu, ildə 12 milyon manat pul edir. Deməli, bu məbləğin 11 milyon 160 mini metropolitenin büdcəsinə yox, şəxsi cibə axıb. 
İndi necə hesab etmək olar ki, yeni rəhbərlik ayda 1 milyon, ildə isə 12 milyon manat rəsmi gəlirdən imtina edir? Bizi heç kim inandıra bilməz ki, yeni rəhbərlik nəfsinə qalib gələrək, 12 milyondan imtina edir.  Üstəlik də indiki oyun qaydaları da bunu istisna edir – rəhbərlik gəlirin bir hissəsini yuxarılara ötürməlidir. Deməli, yeni rəhbərlik az sonra ticarət köşklərini yeni dizaynla ticarətçilərə satacaq. Onda təbii sual ortaya çıxır. Belədirsə, bu həngaməyə nə ehtiyac var idi? 
Metropoliten rəhbərliyinin məntiqi ilə götürsək, var idi. Yeni dizaynla köşklər baha qiymətə 3-5 min manata satılacaq. Yəni yeni rəhbərlik sıfır variantından başlayaraq ticarət setini yenidən quracaq. Bu isə hələlik maliyyə durumu o qədər də “yaxşı olmayan” yeni rəhbərliyə birdəfəlik 6-10 milyon manat qazandıracaq. Aylıq icarə haqları da bir qədər bahalaşacaq və daha çox gəlir gətirəcək. Bir sözlə, yeni rəhbərlik köhnə rəhbərlikdən qalmış seti dağıdaraq öz setini qurmaq istəyir. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5031

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031