Xədicə İsmayılın istintaqında yeni DETALLAR
13.03.2014 - 13:34
Xədicə İsmayılın istintaqında yeni DETALLAR
Bu gün araşdırmaçı jurnalist Xədicə İsmayılova saat 10:30-a Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə dindirməyə çağırılıb
Politika.Az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədəki şəxsi səhifəsi vasitəsilə məlumat yayıb.
Xatırladaq ki, 12 mart tarixində dindirilməyə çağırılan jurnalist bildirib ki, dindirilmə zamanı ondan Bakıda Art Garden restoranında ABŞ Senatının nümayəndələri ilə etdiyi söhbətlə maraqlanıblar. Amerikalılarla təhsil məsələlərini müzakirə etdiyinə görə onu məzəmmət ediblər. Jurnalist bildirir ki, protokola göz gəzdirərkən orada müstəntiqin “Amerikalılar haranın itidir ki, təhsil məsələlərini onlarla müzakirə edirsən?” – sualını və bu suala verdiyi cavabını görə bilməyib. Buna cavab olaraq X.İsmayılova bu sualın elə verildiyi formada protokola daxil edilməsini tələb edib. Lakin müstəntiq bunu etməyib. Belə olan halda jurnalist özü protokolu imzalamazdan öncə sözügedən sualı ora daxil edib.
Məlumatda bildirilir ki, onun bu gün yenidən dindirilməyə çağırılmasına səbəb də həmin sual olub.
Jurnalistin vəkili Elton Quliyev isə bildirir ki, dindirilmənin mahiyyətini və nə üçün bu qədər uzadılmasının səbəblərini anlamır. O bildirir ki, Xədicə İsmayılovanın məsələsi nə siyasi, nə də hüquqi əsasa söykənmir.
Qeyd edək ki, jurnalist Xədicə İsmayılova fevralın 17-si sosial şəbəkədəki şəxsi səhifəsində MTN-nin xidməti fəaliyyətinə aid edilən sənəd yerləşdirib. Sənəddə MTN-nin müxalifət partiyalarına cəsus yetişdirilməsindən bəhs edilir. İstintaqda əvvəlcə bu sənədin kimin göndərilməsi barəsində dindirilmə keçirilib. Jurnalist mənbənin öz razılığı ilə onun adını açıqlayıb. Daha sonra isə dindirilmə ABŞ nümayəndələri haqqında yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlı aparılır. Bu dindirilmənin əsasında isə millət vəkili Ceyhun Osmanlının Baş Prokurorluğa jurnalistin amerikalılarla söhbətinin səsyazmasını təqdim etməsi dayanır. Məlum səsyazma isə hələ ki, ictimaiyyətə və jurnalistə dinləndirilməyib. Bununla bağlı açıqlama verən jurnalist Xədicə İsmayılova bildirir:
“Əgər sözügedən səsyazma doğrudan da varsa, o qanuni şəkildə təqdim olunsun. Eyni zamanda, səsyazmanın həqiqiliyi araşdırılsın. Ancaq onlar səsyazmaya şifahi şəkildə istinad etsələr də, yazılı şəkildə protokola qeyd etməyiblər. Mən də istəyirəm ki, bu səsyazma təqdim olunaraq, protokola qeyd olunsun.
Xatırladırıq ki, Xədicə İsmayılova “Dövlət sirrini yayma” maddəsi ilə açılan cinayət işi üzrə dindirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5046