Manat cinayətində rol alan gizli məmurumuz aşkarlandı

14.03.2014 - 10:03

Manat cinayətində rol alan gizli məmurumuz aşkarlandı

Qalmaqallı beynəlxalq bank işində şok gəlişmə; Vyana məhkəməsində adı gizlədilən Mərkəzi Bank məsulu hazırda Elman Rüstəmovun müşaviri vəzifəsini daşıyır; heyrətamiz cinayətin Bakı fraqmenti barədə detallı təfsilat bu yazıda…
Hazırda Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mərkəzi Bankı ilə bağlı qalmaqallı məhkəmə prosesi davam edir. Dünya və Azərbaycan qəzetləri prosesə və skandallı cinayət əməlinə dair dəfələrlə sensasion yazlar veriblər. O yazılarda da göstərildiyi kimi, prosesdə Azərbaycan Mərkəzi Bankının adı hallansa da, müttəhimlər onlarla korrupsiya əlaqələrində olmuş şəxslərin adını açıqlamaqdan çəkinirlər.
Müttəhimlər ifadələrində deyiblər ki, onlar qorxduqları üçün ad çəkmirlər. Yada salaq ki, cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın – manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb. Avstriya prokurorluğu iş üzrə 9 nəfərə, o cümlədən “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir. 
 Volfhanq Duchatek
Müttəhimlər digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları da cavablandırmalıdır. Müttəhimlər kürsüsündə həmçinin Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duchatek, Mərkəzi Bankın keçmiş şura üzvü Con Miller, “OeBS” şirkətinin marketinq, satış və idarəetmə departamentlərinin rəhbərləri də yer alır. Prosesi hakim Georq Osçak aparır.  Məhkəmədə ittiham aktını prokuror Volkert Sakmann oxuyub. Prokuror bildirib ki, hər şey 2005-ci ildə “OeBS” şirkətinin Sinqapurla ziyanlı biznesindən sonra böhrandan çıxmaq üçün göstərdiyi cəhdlərlə başlayıb. “OeBS” şirkəti maliyyə böhranından çıxmaq üçün “ekzotik ölkələrlə” işləməyin yollarını axtarıb. 
Həmin vaxt Azərbaycanın Mərkəzi Bankına yeni banknotların – manatın çapı üçün şirkət tapmaq lazım gəlib. Yeni Azərbaycan manatının dizaynını avronu dizayn edən Robert Kalina verib. “Azərbaycan Mərkəzi Bankının xahişi ilə manat çapına dair müqavilənin nominal dəyərinin 20 faizi onlara çatmalı idi. Hansı ki, sənədlərdə bütün pulların “OeBS” şirkətinə verildiyi göstərilməli idi. Rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus idi. Lakin rüşvət azərbaycanlıların pullarının hesabına ödənilsə də, Avstriyanın banknot çap edən şirkəti rüşvətxorluq və mənimsəməyə vasitəçilik ittihamından yaxasını kənara çəkə bilməz”, – deyə prokuror Sakmann bildirib.
Müttəhimlər kürsüsündə oturanlardan biri, “OeBS” şirkətinin keçmiş yüksək vəzifəli əməkdaşı olan qadındır. O, istintaqa verdiyi ifadədə deyib ki, bu rüşvət sxemində yer alan azərbaycanlılardan və suriyalılardan qorxur.
Qeyd etdiyimiz kimi, bu proses dünya və Azərbaycan mediasının diqqət mərkəzindədir. Lakin indiyə qədər də məhkəmə şahidlərinin qorxduğu Azərbaycan məmurunun, ya da məmurlarının adları birmənalı olaraq çəkilməyib. Doğrudur, prosesdə haqlı olaraq Elman Rüstəmovun adı hallanır; əsas məsul sima da odur; lakin cinayətkar sövdələşmədə bilavasitə iştirak edən şəxsi müəyyənləşdirmək mümkün olmayıb.
“Yeni Müsavat” bu müşkülü özəl qaynaqlar hesabına aşa və cinayət əməlində bilavasitə rol alan məmuru müəyyənləşdirə bilib. Belə məlum olub ki,  Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar  aparıb. İstisna deyil ki, Vyana prosesində müttəhimlərin adını çəkməkdən qorxduqları şəxs də məhz baş bankirin müşaviridir. Qalmaqallı korrupsiya sövdələşməsi həyata keçirilən zaman A.Məlik-Aslanov Elman Rüstəmovun  müavini olub və birbaşa yeni manat çapına cavabdehlik daşıyıb. O, yeni pulların sifarişinə, daşınmasına və qəbuluna da birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat küpürləri Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL”  tərəfindən ölkəyə daşınıb. Dövriyyəyə buraxılacaq yeni manatlar xüsusi paddonlarda olub. 
Hər paddona 20 bağlama yerləşib. O vaxt pulları qəbul etmək və Mərkəzi Bankın xəzinəsinə daxil etmək üçün Mərkəzi Bankın 13 əməkdaşından ibarət komissiya təşkil edilib. Pullar xəzinəyə daşınıb qurtardıqdan sonra paddonlar üzrə sayılıb. Həmin vaxt komissiya üzvlərindən biri paddonların ümumi sayını hesablayarkən görüb ki, bir paddon pul artıqdır. Bundan sonra həmin komissiya üzvü siyahı ilə küpürlər üzrə saymağa başlayıb və görüb ki, 100 manatlıq küpürlə olan paddonun biri artıqdır. Bu vaxt Abdulla Məlik-Aslanov komissiyanın sədrinə deyib ki, hay-küy salmayın və harasa gedib. Bu faktı müəyyən edən əməkdaşdan başqa, digər komissiya üzvləri pulun düzgün qəbul edilməsi barədə akta həmin vaxt artıq imza etmiş olublar. Həmin əməkdaş eyni zamanda səhər ərazi idarələrinə göndəriləcək paddonların siyahısının xəzinə müdirinə verildiyini görüb. Abdulla Məlik-Aslanov 1 saatdan sonra qayıdaraq deyib ki, hər şeyi aydınlaşdırıb,  pul Avstriyada səhvən artıq çap olunaraq göndərilib. 
Yenidən akt tərtib edilərək artıq gətirilmiş 20 milyon manat pul xəzinəyə mədaxil edilib. Bu gün də bəlli deyil ki, Avstriyada bir paddon pulu niyə və kimin sifarişi əsasında artıq çap ediblər? Belə məlumat var ki, sonradan həmin 20 milyon yeni manat Mərkəzi Bankın ərazi idarələrinin birinə göndərilərək, oradan götürülüb. Bu hadisələrdən sonra Mərkəzi Bank daxilində təcili struktur dəyişiklikləri baş verib. Abdulla Məlik-Aslanov vəzifəsindən kənarlaşdırılıb. Azərbaycan Mərkəzi Bankında bu olaydan sonra işçilərin 80 faizi dəyişdirilib. Hazırda Vyana Məhkəməsində Azərbaycan manatının 20 faiz baha çapı araşdırma predmetidir. Tamamilə mümkündür ki, Avstriya Bankı 20 milyon artıq manatı “şapka”nın bir hissəsi kimi çap edərək, Azərbaycana yollayıb. 
Bu qədər vəsaitin səhvən artıq çapı mümkündürmü sualı isə açıq qalır. 
Qeyd edək ki, Abdulla Məlik-Aslanovun adı dəfələrlə qalmaqallı əməliyyatlarda, maxinasiyalarda hallanıb. Elman Rüstəmovun “sanitar”ı rolunu üzərinə götürən bu bank məmuru hətta həmin hadisə ilə bağlı bir neçə il öncə başına torba keçirilərək, MTN-ə aparılıb və orada dindirilib. Bu haqda   2009-cu ilin yay alarında ölkə qəzetlərində manşet yazıları dərc olunmuşdu.   (musavat.com)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5065

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829