QMİ Şeyxə qarşı kompromatların ünvanını göstərir

14.03.2014 - 10:18

QMİ Şeyxə qarşı kompromatların ünvanını göstərir

Şeyxin Səudiyyə Ərəbistanı hakimiyyəti ilə problemi var? 
Rəhimə Dadaşova: “Bu şayiələrin məhz QMİ-nin radikal dini qruplara qarşı fitvasından sonra meydana çıxması çox mətləbə aydınlıq gətirir”
Mediaya Şeyxülislam haqda məlumatların ötürülməsi halları davam edir. Qeyd edək ki, bu tip məlumatlar hələ yanvarın sonlarında QMİ rəhbərliyi Suriyada cihadın olmadığı haqda fitva verdikdən sonra yayılmağa başlayıb. Bir sıra ekspertlər bu məlumatların məhz Şeyxin məlum fitvasına cavab olduğunu qeyd edirlər.
Ötən gün redaksiyamıza göndərilən məlumatın ardınca bu gün “Yeni Müsavat”a daha iki məlumat gəlib. Yeri gəlmişkən, bu cür məlumatlar demək olar ki, hər gün redaksiyalara ötürülür. Ancaq redaksiya olaraq bu tip məlumatların əksəriyyətini çap etməsək də, bəzi xəbərləri ümumiləşdirib yazmağa çalışırıq.
Redaksiyamıza göndərilən son iki məlumat Şeyxin Səudiyyə Ərəbistanı səfəri zamanı keçirdiyi görüşlər haqdadır. Əlbəttə, müəllifin bu məlumatları hansı şəkildə əldə etdiyi açıqlanmır, ancaq məktubda qeyd edilən bir sıra iddiaların Azərbaycanın da daxil olduğu bölgədə baş verən siyasi proseslərlə əlaqəli olduğunu nəzərə alaraq yazıda bu məlumatlara aydınlıq gətirməyə çalışdıq. Əjdər Əliyev adlı müəllif qeyd edir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti QMİ sədrindən Qafqazda “İxvan” camaatının yayılmasının qarşısını almasını istəyib. İddia olunur ki, “İxvan” məhz Şeyxülislam vasitəsilə daxil olub: “Hamıya məlumdur ki, “İxvan” Qafqaz ölkələrinə Şeyx vasitəsilə daxil olub. Qafqazda “İxvan”ın daxil olması üçün maliyyəni Küveytin dini işlər nazirinin müavini Adil əl-Fələh təmin edirdi. Adil əl-Fələh Azərbaycanda çox tanınır və Allahşükür Paşazadə vasitəsilə Azərbaycan hakimiyyətində yüksək yerlərlə görüşləri olub. Adil əl-Fələh son dəfə Allahşükür Paşazadə ilə bərabər Dağıstan, İnquşetiya və Çeçenistanda səfərdə olmuşdur. Adil əl-Fələh “İxvan”lar fəaliyyətinin baş tutması üçün milyonlarla dollar xərcləyib”.
Müəllif iddia edir ki, Səudiyyə Ərəbistanı indi  Şeyxə təklif edir ki, Əbdüləziz Babtinin iddiası həll etməyin müqabilində Qafqazda “İxvan”ın yayılmasının qarşısı alınsın və onların bütün fəaliyyətinə son qoyulsun: “Şeyx indi seçim qarşısındadır. İran, yoxsa Səudiyyə Ərəbistanının dəstəyi və milyonlarla dollarlıq sərmayə. Şeyxi sıxışdırmaq üçün Səudiyyə Ərəbistanında Şeyxlə Səud hakim ailəsi görüşməkdən imtina etmişdi. Şeyxə təklifi Səudiyyə Ərəbistanı Kralı adından, İslam Liqasının rəhbəri Abdullah Al Türki etmişdir. Şeyx təklifi qəbul etsə, 2 ay ərzində ər-Riyad şəhərində Kral ailəsi ilə görüşəcəkdir. Şeyx düşünmək üçün 2 ay vaxt istəyib. Əlbəttə, Şeyx bu barədə yəqin ki, hakimiyyətlə görüşmək üçün möhlət istəmişdir”.
Daha bir məlumatda isə yenə həmin müəllif Şeyxi vəhhabilərə qarşı məzhəb savaşı başlatmaqda ittiham edir. Şeyxi bundan çəkinməyə çağıran müəllif son olaraq professor Aydın Əlizadənin məhz Şeyxülislam tərəfindən danışdırıldığı iddia olunur. Xatırladaq ki, A.Əlizadə bir gün qabaq mətbuat konfransı keçirərək Azərbaycanda radikal vəhhabiliyin sürətlə yayıldığını bildirmişdi.
Sitat: “Misirdə “İxvan” lideri Mursi hakimiyyətə gələn kimi Aydın Əlizadə Misirə səfər etdi və Mursi ilə görüşdü. Amma nədənsə Mursi ilə görüşünü açıqlamadı. Bəlkə ona qarşı ediləcək qınaqdan çəkindi. Aydın Əlizadə bəs nə üçün Misirdə ən tanınmış “İxan” liderlərindən olan İsma el Üryab ilə yaxın dostluq əlaqələrini gizlədir? Aydın Əlizadədən xahişim, Allahşükür Paşazadənin oyununa düşən sələfilərə qarşı məzhəb savaşı başlatma. Şeyx bu gün ərəblərdən nə isə umursa, açıq savaşdan çəkinir. Amma unutma ki sabah Şeyx səni yarı yolda qoyacaq. Bu barədə məlumatları Azərbaycanda ixvanlardan və vəhhabilərdən aldım. İki tərəf də bildirdilər ki, Allahşükür Paşazadə bizi qarşı-qarşıya qoyur və Azərbaycanda məzhəb savaşı başlatmaq istəyir.
Aydın Əlizadənin Şeyxlə sıx münasibətləri var və xarici səfərlərdə ixvanlarla görüşlərdə Şeyx Aydın Əlizadəni özü ilə aparır və Azərbaycanda “İxvan” lideri kimi təqdim edir”.
Qeyd edək ki, bu məlumatdan yola çıxaraq anonim müəllifin bəzi iddialarını dəqiqləşdirməyə çalışdıq. QMİ-nin saytında Şeyxin bir qədər əvvəl BƏƏ-yə baş tutan səfəri zamanı keçirdiyi görüşlərlə bağlı məlumatlar qeyd olunub. Bu məlumatlarda QMİ sədrinin və Azərbaycan nümayəndə heyətinin BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nihəyyan, İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri, Küveyt dövlətinin vəqflər və İslam işləri üzrə nazirinin birinci müavini Adil Əl-Fəlah və başqa rəsmilərlə görüşlər keçirilib. 
Bundan başqa, konfrans çərçivəsində BƏƏ prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayed Əli bin Əl-Sayed Abdurrəhman Əl Haşiminin təşəbbüsü ilə Azərbaycanla bağlı xüsusi tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, BƏƏ, Suriya və Səudiyyə Ərəbistanından dini, ictimai xadimlər və hökumət təmsilçiləri iştirak etmişlər.
QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova bizimlə söhbətində bildirdi ki, QMİ-nin mediaya ötürülən bu kimi şayiələrə cavab vermək fikri yoxdur. Bu cür məlumatların məhz QMİ-nin radikal dini qruplarla bağlı fitvasından sonra yayılmasının bu şayiələrin hansı ünvandan gəldiyini göstərdiyini deyən R.Dadaşova iddiaların əsasının olmadığını deyir.
 Mətbuat katibi Şeyxin son olaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfərləri zamanı yüksək səviyyəli rəsmilərlə görüşlərinin olduğunu bildirdi: “Bu kompromatların əsassız olduğunu sübut etmək üçün ciddi araşdırmaya gərək yoxdur. QMİ-nin rəsmi saytında Şeyxin səfərləri və keçirdiyi görüşlər haqda ətraflı məlumatlar var. Şeyxin ərəb ölkələrinə, ümumiyyətlə, istənilən səfəri 2-3 ay əvvəldən planlaşdırılır. Dəvətlərin eləsi var ki, ötən ilin noyabr-dekabr aylarında daxil olub və ardıcıllıqla həyata keçirilir. Hazırda planlaşdırılan səfərlər də var. Bu səfərlərin heç biri gizli və ya özəl səfər deyil. Bunlar hamısı konkret tədbirlərdir və İslam aləminin tanınmış şəxsiyyətlərinin təşəbbüsü və himayədarlığı ilə həyata keçirilir”.   
R.Dadaşova deyir ki, QMİ Azərbaycandakı bütün dini cərəyanlara qarşı eyni münasibət göstərir: “Bu şayiələrin məhz QMİ radikal dini qruplara qarşı fitvadan sonra meydana çıxması çox mətləbə aydınlıq gətirir. Biz heç bir təriqətə və ya dini cərəyana savaş açmamışıq. Sadəcə, bunu məqsədli şəkildə belə qələmə verirlər. Biz QMİ olaraq Azərbaycan ərazisində bəzi dini cərəyanların radikallığı yayan təbliğatlarına qarşıyıq. Ancaq hər bir dini cərəyanın qanun çərçivəsində fəaliyyət azadlığı var. Biz bunu elan etmişik”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5067

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031