Ərdoğanın şiələri təhqiri Azərbaycanda etirazla qarşılandı
14.03.2014 - 10:23
Ərdoğanın şiələri təhqiri Azərbaycanda etirazla qarşılandı

Hacı Şahin Həsənli: “Şiə məzhəbinin bu şəkildə tənqid edilməsi yanlışdır”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan şiə-cəfəri məzhəbinin ünvanına təhqiramiz ifadələr işlədib. Axar.az xəbər verir ki, “24 TV”-nin canlı yayımında son dövrlər “Gülən hərəkatı” ilə hökumət arasında yaşanan gərginlikdən danışarkən baş nazir “Camaat”la şiəliyi müqayisə edib və bu zaman aşağılayıcı ifadələrdən istifadə edib.
Ərdoğan bildirib ki, “Camaat” nümayəndələri təqiyyədən istifadə edir. Sitat: “Bu hadisələr olduğu zaman biz bir şeyi dəqiqləşdirdik. Mən bunu bilmirdim. Bunların üç vacib xasiyyəti var: təqiyyə, yalan, iftira. Üçünün də nəticəsində fitnə və fəsad var. Yəni belə çox rahatlıqla təqiyyə edirlər. Bunlar artıq şiəni keçmiş vəziyyətdədirlər. Şiə bunların əlinə su tökə bilməz”.
Qeyd edək ki, təqiyyə və ya başqa adla təhlükə anında əqidənin gizlədilməsi şiəlikdə qəbul olunur. Eyni zamanda digər İslam cərəyanlarında, o cümlədən sünni məzhəblərində müxtəlif adlarla (məsləhət) müsəlmanların inanclarını gizlətməsinə icazə verilir. Ancaq şiə-cəfəri məzhəbinə görə, təqiyyə bir sıra hallarda haramdır. O cümlədən İslamın əsaslarına və Qurana təhlükə olarsa, bu zaman təqiyyə etmək olmaz. Bu mənada bir sıra alimlər təqiyyənin canın deyil, dinin qorunmasına xidmət etdiyini bildirirlər.
Ərdoğanın bu kimi mübahisəli mövzu ilə bağlı müqayisə aparması və bir məzhəbi aşağılaması birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.
İlahiyyatçı Hacı Şahin Həsənli modern.az saytına açıqlamasında Ərdoğanın sözlərinin təəssüfdoğurucu olduğunu söyləyib: “Düzdür, Ərdoğanın çıxışını izləməmişəm. Əgər Türkiyə baş naziri belə deyibsə, buna çox təəssüf edirəm”.
“Bir var, hansısa radikal cərəyan ola, bunu başa düşmək olar. Bir də var, sünni və şiə məzhəbləri. Onların hər ikisi Quran və hədislərə əsaslanır. Baxış fərqləri ola bilər. Bu təbiidir, amma şiələrin nurçularla eyniləşdirilməsi və şiə məzhəbinin bu şəkildə tənqid edilib aşağılanması yanlışdır”, – deyə hacı Şahin Həsənli əlavə edib.
Ş.Həsənli dəfələrlə Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğanın şiə mərasimlərində iştirak etdiyinin şahidi olduğunu da bildirib: “Cənab Ərdoğan həmişə Aşura mərasimlərində iştirak edib. Özü-özlüyündə istənilən dövlət və hökumət başçısının vəzifəsi məzhəblər arasında barışıq yaratmaqdır. Ümumiyyətlə, İslam dinində sünni və şiə məzhəbləri ənənəvi məzhəblərdir. Təbii ki, bunlar sırf dini mövzulardır. Ərdoğanın toxunduğu təqiyyə anlayışı Quran kəlamıdır. Tarix boyu təzyiqə, təqibə məruz qalan insanlar təqiyyəyə müraciət ediblər. Təqiyyə insanın həyatına təhlükə olarsa inancını gizlətməsidir. Peyğəmbərimizdən də hədislərdə qeyd olunub ki, təqiyyə mənim dinimdəndir və mənim dinimdə təqiyyə anlayışı var. Peyğəmbərin öz zamanında da Əmmar adlı səhabəsi inancını gizlətmişdi. Peyğəmbər də onun bu əməlini təsdiq etmişdi ki, o düz edib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5068