Etibar Pirverdiyevdən Rövnəq Abdullayevə əzələ nümayişi – Hakimiyyətdaxili savaş

14.03.2014 - 13:27

Etibar Pirverdiyevdən Rövnəq Abdullayevə əzələ nümayişi – Hakimiyyətdaxili savaş

“Azərenerji”nin rəhbəri nəzarəti altındakı ATEF-i böyüdür
ASC sədri şirkətin arxa tərəfindəki ARDNŞ-ə məxsus böyük torpaq sahəsini hasarlatdırıb
Bildiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan torpaq sahələrində hansısa tikinti işlərini həyata keçirmək qadağandır. Ölkə rəhbərliyinin də göstərişi var ki, neft quyularının olduğu sahələrdə fərdi yaşayış sahəsi, yaxud müxtəlif təyinatlı obyektlər tikmək olmaz. Bununla belə, neft-qazçıxarma idarələrinin rəhbərləri, Mənzil Kommunal Kontorlarının müdirləri, sahə müvəkkilləri və digər aşağı vəzifəli şəxslərin işlərində yol verdikləri nöqsanlar ucbatından Neft Şirkətinə aid olan torpaqlarda evlərin tikilməsinə şərait yaradılır.
Bəzi hallarda isə şirkət rəsmilərinin özləri tikinti işlərinin aparılmasına razılıq verirlər. Təbii ki, belə yerlərdə yaşamaq insan həyatı, sağlamlıq üçün hədsiz ziyanlıdır. ARDNŞ rəhbəri qanuna uyğun olmayaraq, şirkətə məxsus ərazilərdə tikilən evlərin sökülməsi barədə qərar verib. Artıq keçən ildən bu günə qədər yüzlərlə evin söküntüsü həyata keçirilib. İcra olunan bu tip tədbirlərə baxmayaraq, şirkətin balansındakı torpaqların satışı və orda hansısa işlərin görülməsi prosesi yenə də davam edir. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev Rövnəq Abdullayevə qarşı çıxaraq Suraxanı rayonu ərazisində iki hektara yaxın neftli sahəni ələ keçirib. Məlumata əsasən, ASC sədrinə məxsus olan ATEF şirkətinin arxa hissəsindəki böyük sahə daş hasara alınıb. Halbuki, həmin ərazidən mərkəzi qaz xətləri keçir. Buna o qədər də önəm verməyən cəmiyyət sədri işini kimlərləsə həll edərək torpağı hasara aldırıb. Mənbənin bizə təqdim etdiyi şəkillərdə ərazidən keçən qaz xətti açıq-aşkar şəkildə görünür. Məlumatlı şəxsin dediyinə inansaq, “Azərenerji” şefi ATEF-ə daxil olan müəssisələrin sayını artırmaq məqsədilə hasara çəkdirdiyi ərazidə yeni zavod tikdirməyi planlaşdırır: “Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları araşdırma aparıblar. Bu zaman sözügedən şirkət tərəfindən zəbt olunan ərazinin neftli sahə olduğu müəyyənləşib. Şirkət təmsilçiləri hasarlanma prosesinin dayandırılması tələbi ilə ASC rəhbərliyinə şifahi formada xəbərdarlıq etsə də, buna əhəmiyyət qoyulmayıb. Artıq qeyd olunan sahədə şumlama əməliyyatı başlayıb və traktorlar ərazini tikintiyə hazır vəziyyətə gətirirlər. Müəssisənin rəhbər işçiləri Neft Şirkəti tərəfindən edilən xəbərdarlığa məhəl qoymasa, çox güman ki, Rövnəq Abdullayev Etibar Pirverdiyevdən ölkə rəhbərliyinə şikayət edəcək. Hazırkı vəziyyət ASC sədrinin əleyhinədir. Çünki ölkə başçısı Dövlət Neft Şirkətinin tabeliyindəki torpaq sahələrində tikinti işlərinin aparılmasına qadağa qoyub”. Qeyd edək ki, ATEF “Bakı Transformatorlar Zavodu” ASC-nin varisidir. Müəssisə özündə elektrik və tikinti məhsullarının istehsalı üzrə dörd böyük zavodu birləşdirir. Bunlar Bakı Transformatorlar Zavodu, ATEF Elektromaş, ATEF Transformator və Hövsan Metalkonstruksiya zavodlarıdır.
Verilən bilgiyə əsasən, şirkətə daxil olan zavodlarda ümumilikdə 1500 nəfər işçi çalışır ki, onlardan 300 nəfəri mühəndisdir. Şirkət hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikinti və bərpa layihəsində iştirak edir. Onu da bildirək ki, adını qeyd etdiyimiz zavodlarda çalışan işçilərə qarşı normal münasibət göstərilmir. Ağır iş şəraitində işləyən fəhlələr maaşlarını vaxtı-vaxtında ala bilmirlər. Həmçinin aylıq əməkhaqlarından yersiz tutulmalar olur. İşçilərin əmək hüquqlarını pozan şirkət rəhbərliyi isə haqqını tələb edənləri heç bir səbəb göstərmədən işdən azad edirlər. Bu üzdən işçilərin əksəriyyəti rastlaşdıqları qanun pozuntularına göz yummaq məcburiyyətində qalırlar. ARDNŞ-lə “Azərenerji” rəhbərlərinin arasında yaranmış qalmaqalın sonunun necə olacağı isə hələlik dəqiq bilinmir. Ümumi vəziyyət belə deməyə əsas verir ki, ATEF Neft Şirkətinin ərazisində zavod tiksə, məsələ böyüyəcək.
Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031