Putinin eyhamı, SSRİ-dən çıxmaq qaydası və 17 mart referendumu…
14.03.2014 - 14:37
Putinin eyhamı, SSRİ-dən çıxmaq qaydası və 17 mart referendumu…
Rusiyanın Krımı işğal etdiyi və Ukraynanın şərq sərhədlərində qoşun cəmləşdirməyə davam etdiyi bir vaxtda preziddent Vladimir Putin keçmiş SSRİ respublikalarının hər birinə aid oluna biləcək eyhamla çıxış edib.
Putin Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə telefon danışığında bildirib ki, vaxtilə Ukrayna da SSRİ-dən sovet normaları ilə müəyyən edilmiş qanuni prosedurlarla çıxmamışdı.
Putinin bu eyhamı Azərbaycanda da narahatlıqla qarşılanıb və Rusiya prezidentinin SSRİ-ni başqa ad altında yenidən bərpa etmək üçün göstərdiyi aqressiv cəhdləri yenidən gündəmə gətirib.
Əgər Putin Krımın Rusiyaya birləşdirilməsini vaxtilə Ukraynanın da SSRİ-dən “qanuni çıxmaması” ilə əsaslandırırsa, o zaman Moskva istənilən keçmiş sovet respublikasına qarşı bu bəhanədən istifadə edə bilər.
Artıq Rusiyanın hərbi-siyasi dairələrində SSRİ-nin buraxılması və MDB-nin təsis edilməsinə dair 1991-ci il Belovejsk paktını ləğv etmək təklifləri eşidilir. Məsələn, Rusiya Baş qərargahına yaxın “Hərbi icmal” (“Voyennoe obozreniye”) adlı internet portalında Belovejsk paktını ləğv etmək və “Zaqafqaziyadan tutmuş Orta Asiyaya qədər rus torpaqlarını” yenidən birləşdirmək barədə geniş yazı gedib.
Bəs Putin SSRİ-dən çıxmağın hansı qaydasından bəhs edirdi və vaxtilə bu ittifaqdan çıxıb öz müstəqilliklərini elan edən respublikalar hansı prosedurları pozublar?
Virtualaz.org saytı bu mövzuda kiçik araşdırma aparıb. Belə məlum olur ki, əslində SSRİ-dən çıxmaq barədə işlək mexanizm heç vaxt olmayıb.
Doğrudur, SSRİ-nin Konstitusiyasında respublikaların bu ittifaqa könüllülük əsasında daxil olduğuna dair müddəa yer alıb. Lakin SSRİ-ni quranda onun nə vaxtsa dağılacağını ağıllarına gətirmədiklərinə görə hansısa respublika bu ittifaqdan ayrılmaq istəsə onu hansı prosedurlara əməl etməklə həyata keçirə biləcəyinə dair ayrıca mexanizm işlənib hazırlanmamışdı.
Nəhayət, 80-ci illərin sonlarında keçmiş ittifaq respublikalarında müstəqillik hərəkatları başlayanda və SSRİ-dən çıxmaq barədə çağırışlar artanda SSRİ Ali Soveti 1990-cı il, aprelin 3-də “İttifaq respublikalarının SSRİ-dən çıxması qaydaları ilə bağlı məsələlərin həllinə dair” adlı qanun qəbul etməli oldu.
Qanuna görə, ittifaq respublikaları SSRİ-dən çıxmaq istəsə, bu qərarlarını elan etməli və referendum keçirməli idi. İttifaq respublikasının SSRİ-dən çıxması proseduru 5 ildən tez tamamlana bilməzdi.
Lakin SSRİ parlamentinin ittifaqın dağılması ərəfəsində qəbul etdiyi digər qanunlar kimi bu qanun da ölü doğuldu və ona heç kim əməl etmədi. Baltik respublikaları bir-birinin ardınca SSRİ-dən çıxmaq qərarlarını verdilər və müstəqillik bəyannaməsini qəbul etdilər.
Sovet rəhbərliyi isə SSRİ-ni saxlamaq cəhdlərini davam etdirərək 1991-ci il martın, 17-də referendum elan etdi.
Referendumda belə sual qoyulmuşdu: “Siz Sovet Sosialist Respublikaları İttifaqının bərabərhüquqlu suveren respublikaların yenilənmiş, istənilən millətdən olan vətəndaşların hüquq və azadlıqlarının tam ölçüdə təmin olunduğu federasiyası kimi qalmasını zəruri hesab edirsinizmi?”.
Bu referendumun nəticələrinə görə, SSRİ sakinlərinin əksəriyyəti ittifaqın saxlanılmasına səs vermişdi. O cümlədən Azərbaycanda əhalinin 95 faizdən çoxunun SSRİ-nin saxlanılmasına səs verdiyi açıqlanmışdı. Hərçənd ki, sovet seçki sistemi şəraitində nəticələrin xalqın iradəsini əks etdirdiyinə ciddi şübhələr var idi.
Formal olaraq 17 mart referendumu SSRİ-nin saxlanılmasına hüquqi əsas versə də Moskva bu referendumun nəticələrini reallaşdıracaq mexanizmə malik deyildi və çox keçmədən ittifaq dağıldı. Onun xarabalıqları arasında yeni ittifaq – MDB yarandı.
Hansı ki, indi Putin bu ittifaqı Avrasiya İttifaqı adı altında yeni SSRİ-yə çevirmək istəyir və buna müqavimət göstərənləri Ukrayna kimi cəzalandırır. Əgər Putin Ukraynanı SSRİ-dən çıxmağın 1990-cı ildə qəbul edilmiş prosedurunu pozmaqda ittiham edirsə, onun növbəti dəfə 17 mart referendumunun nəticələrinə istinad etməsinə də təəccüblənmək lazım gəlməzdi…
Short URL: http://www.cumhuriyyet.net/?p=5084