Kəmaləddin Heydərovu İsrail himayə edir?
15.03.2014 - 11:31
“Kurtlar vadisi pusu”da yenə Azərbaycan gündəmə gəldi
“Kurtlar vadisi pusu” serialında növbəti dəfə Azərbaycanla bağlı məqamlar yer alıb. Xatırladaq ki, serialın 213 və 214-cü bölümlərində də Azərbaycan gündəmə gətirilmişdi. 213-cü bölümdə Polat Ələmdar Kara adlı məxfi əməliyyatçını Azərbaycana göndərir. Karanın missiyası Azərbaycanda “Ixtiyarlar”ın nümayəndəsini qətlə yetirəni və bunun sifarişçisini tapmaqdır.
Burada Karaya deyilir ki, “Ixtiyarlar”ın nümayəndəsini Rusiya mafiyasına onların Azərbaycandakı adamı Kəmaləddin adlı şəxs satıb. Karaya məlumat verən Bəxtiyar adlı şəxs Kəmaləddinin qara kürü biznesi ilə məşğul olduğu və üzərində nərə balığına oxşar işarənin olduğu bıçaqdan istifadə etdiyini də deyir. Kara da Kəmallədininin axtarışına çıxır.
Bu bölümdən sonra belə mülahizələr irəli sürüldü ki, Kəmaləddin obrazı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Bu mülahizələri irəli sürənlər “Kurtlar Vadisi Pusu”dakı Kəmaləddinin kürü və balıq biznesi ilə məşğul olduğunu əsas gətirirdilər. Azərbaycanda ən iri balıq zavodu olan “Caspian Fiş” Kəmaləddin Heydərova məxsusdur.
Serialın növbəti bölümündə isə Kəmaləddin obrazı daha da aydınlaşır. Həmin bölümdə Kara Kəmaləddini öldürməyə gəlir. Hadisələrin baş verdiyi ərazi Qəbələ-Ismayıllı zonasının relyefinə bənzəyir. Karanın əməliyyatı planlamaq üçün durduğu nöqtəyə əlavə qüvvə gətirən avtomobil Azərbaycan seriya və nömrəsi ilə göstərilir. Bundan başqa bəlli olur ki, Kəmaləddin özünə məxsus “Limonad su zavodu”ndadır. Bəxtiyar orada Kəmaləddinin otağında əli bağlı saxlanılır. Kara və adamları həmin zavoda basqın edir. Kəmaləddinin arxalandığı rus mafiyası ona kömək etməyə tələsmir. Bu bölümdə Kəmaləddin öldürülür.
Azərbaycanda məşhur olan “Jalə” şirələrinin fövqəladə hallar naziri Kəmaldəddin Heydərova məxsus olduğu sirr deyil. Bu şirələr Qəbələdəki “Meyvə şirələri” zavodunda istehsal olunur.
Serialın sonuncu bölümündə də bu mövzuya qayıdılır. Kəmaləddini öldürən Kara prokurorluqda sorğu-suala çəkilir. Prokuror Karaya Kəmaləddini kimin sifarişilə öldürməsi barədə sual verir. Bu zaman otağın qapısı açılır və bir nəfər prokurora “Tel-Əvivdən sizi axtarırlar” deyə bildirir. Prokuror getmək istəyəndə Kara onun yaxasından yapışaraq “Sən Türkiyənin prokurorusan, yoxsa Israilin vəkili?” deyə sual edir. Belə anlaşılır ki, Karanın öldürdüyü Kəmaləddin həm də Israil tərəfindən himayə olunur.
Maraqlıdır ki, serialda Israil tərəfindən himayə olunduğuna işarə vurulan Kəmaləddin Heydərov dünən Irana səfər edib.
Serialda diqqətçəkən bir məqam da Polad Ələmdarın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla konfliktdə olan nurçuların rəhbəri Fətullah Gülənin düşmən obrazında təqdim edilməsidir. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5097