Kreml Dağlıq Qarabağda rus pasportları paylamağa hazırlaşır

16.03.2014 - 10:17

Kreml Dağlıq Qarabağda rus pasportları paylamağa hazırlaşır

Moskva Bakıya qarşı təhdid siyasətini sərtləşdirir; Rusiya məkrli ilhaq ssenarisini Azərbaycanda da təkrarlamaq niyyətindədir; Qarabağ ermənilərinə Rusiya vətəndaşı olmaq təklifi edilir; bu məqsədlə işğal altındakı ərazilərdə Moskvaya bağlı “Qriboyedov fondu” fəaliyyətə keçib… 
Rusiyanın Krımı ələ keçirməsi Azərbaycan üçün də təhlükəli presedentə çevrilə bilər. Bir sıra ekspertlər hesab edir ki, Krımda separatçılıqla bağlı Rusiya layihəsi baş tutsa, bu region üçün mənfi nəticələrə gətirəcək. İlk növbədə Azərbaycan, daha dəqiqi Dağlıq Qarabağ üçün təhlükə yaranmış olacaq. 
Qeyd edək ki, avantürist Vladimir Jirinovskinin bu günlərdə Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi haqda etdiyi çağırış ciddi qəbul olunmasa da, Rusiyanın siyasi dairələrində belə fikirlərin olmasını təsdiqləyən fakt kimi qəbul oluna bilər.
Soçi olimpiadasından öncə Azərbaycanın Ermənistanla sərhəd bölgələrində, xüsusən də Qərb cəbhəsinin Tovuz rayonu ərazisində baş verən toqquşmalar bir sıra ekspertlər tərəfindən məhz Rusiyanın təxribatı kimi qiymətləndirilirdi. Ancaq həmin vaxt proseslər çox tezliklə Ukraynaya adladı və Azərbaycan mövzusu arxa plana keçdi. İndi isə sürəc tərsinə işləyə bilər – Krımın Ukraynadan qoparılması baş tutarsa, postsovet məkanı ölkələri üçün real təhlükə yaranmış olacaq. 
Ankara Universitetinin doktorantı, “Bilgesam” Araşdırma Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı “Yeni Müsavat”a deyir ki, Rusiyanın Azərbaycana qarşı müxtəlif təzyiq vasitələri, o cümlədən Qarabağ kartından istifadə etməsi gerçəkdir: “Moskva-Bakı münasibətləri soyuqlaşmaya başladıqda Rusiya hər zaman Azərbaycanın şimal regionlarında bəzi dini qrupların terror fəaliyyətini dəstəkləməyə və ya etnik münaqişə yaratmaq üçün bəzi qrupları Dağıstan vasitəsilə ölkəmizə göndərməyə çalışır. Soçi olimpiadası öncəsi biz bunu müşahidə etdik. İndi də Ukrayna hadisələri və Rusiyanın Krım bölgəsi üzərində işğalçı siyasətinin şahidiyik. Azərbaycan hökuməti və siyasətçiləri sabah bizə qarşı da eyni oyunların oynanılacağını bilməlidirlər. Hökumət ciddi hazırlıqlı olmalıdır. Çünki biz son günlər Jirinovskinin də Dağlıq Qarabağla bağlı açıqlamasına şahid olduq. Əslində bu mesaj birbaşa Kremldən verilmişdi”.
O.Qafarlının sözlərinə görə, Rusiya hakimiyyəti narahatdır ki, Azərbaycan açıq şəkildə Ukraynanın tərəfini tuta bilər: “Bundan əlavə, Ukraynada müvəqqəti hökumət bir çox ölkələrə, o cümlədən Azərbaycana iqtisadi yardım üçün müraciət edib. Rusiya isə Azərbaycanın Ukraynaya iqtisadi yardım etməsini və onun ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsini istəmir. Lakin Azərbaycan Ukrayna ilə GUAM çərçivəsində uzun zaman Qərbə inteqrasiya məsələsində əməkdaşlıq edib. GUAM postsovet məkanında yeganə Avroatlantik inteqrasiya təşkilatı idi. Bizim Ukraynaya çox açıq dəstək olmamız lazımdır. Çünki sabah eyni işğalçı siyasətə biz də məruz qala bilərik. Və mən düşünürəm ki, qalacayıq”.  
O.Qafarlı düşünür ki, Rusiya Krım məsələsindən sonra Azərbaycan-Ermənistan məsələsinə xüsusi diqqət yetirəcək. Bu məsələdə bir çox ekspertlərin eyni fikirdə olduğunu deyən O. Qafarlı Qarabağla bağlı Rusiyanın yeni addımları ilə bağlı əldə etdiyi, sensasiya sayılacaq məlumatı “Yeni Müsavat”la bölüşdü: “Məndə olan məlumata görə, bu gün Dağlıq Qarabağda və ətraf rayonlarda Rusiyaya bağlı olan, birbaşa Kremldən maliyyələşən “Qriboyedov fondu” aktiv fəaliyyət göstərir. Bu fond Qarabağ erməniləri içində Gömrük Birliyi və Avrasiya Birliyi təbliğatını aparmaqdadır. Eyni zamanda onlara, yəni Qarabağ ermənilərinə Rusiya vətəndaşı olmaq təklifləri edirlər. Bu yolla daha çox qida və digər yardımlar ala biləcəklərini vəd edirlər. İqtisadi durumu pis olan Qarabağ erməniləri üçün bu təkliflər cəlbedicidir. Separatçı rejimin indiki rəhbəri də Rusiyaya birbaşa bağlı insandır. O, Rusiyanın tapşırıqlarını daha çox yerinə yetirir, nəinki Ermənistan rəhbərliyinin. Bu ssenari Krımda indi həyata keçirilən plana çox bənzəyir”. 
Ekspertin fikrincə, Azərbaycanı Gömrük İttifaqı və Avrasiya Birliyinə cəlb etmək üçün Rusiyanın Qarabağ kartından istifadə edəcəyi istisna deyil: “Mən şübhə etmirəm ki, Azərbaycanı Gömrük və Avrasiya Birliyinə salmaq üçün Rusiya Krıma bənzər prosesi Qarabağda tətbiq edə bilər. Bunun üçün Azərbaycan çox ciddi hazırlaşmalıdır. Yaxın beş ildə diplomatiyamızı və dövlətimizi çox ciddi imtahanlar gözləyir. Regionda status-kvonun davam etməsi bizim ziyanımızadır. Nə qədər ki, Qarabağ de-fakto bizdən ayrıdır, bu, ermənilərin xeyrinədir. İndiki durumda nəsə dəyişiklik yenə bizim ziyanımıza olacaq. Çünki bu dəyişiklik Rusiyanın təzyiqi ilə olacaq. Üçüncü yolun üzərində çox ciddi düşünülməsi lazımdır”. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5119

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031