Metro stansiyalarındakı köşklər sökülür

16.03.2014 - 10:26

Metro stansiyalarındakı köşklər sökülür

Dünəndən başlayaraq sahibkarlar bayıra atılır
Martın 15-dən Bakı metropoliteninin “Koroğlu” stansiyasındakı ticarət köşklərinin yığışdırılmasına başlanıb. Bu barədə “Azadlıq” radiosuna həmin obyektləri işlədənlər məlumat veriblər. Satıcıların dediyinə görə, səhər tezdən metropoliten rəhbərliyi onlara obyektləri günün sonuna qədər təhvil verməyi tapşırıb: “Bir neçə dükan tam boşaldılıb. Qalan satıcılar da axşam saat 6-dək mallarını satıb qurtarmağa çalışır”.
Xəbərdarlıqdan sonra satıcılar malların qiymətinə endirim ediblər.
Qeyd edək ki, metropolitenin rəhbərliyi dəyişəndən sonra metrostansiyalar ərazisindəki ticarət obyektlərinin sökülməsinə qərar verilib. Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verildiyi elan edilmişdi.
Indi isə metrostansiyalarda bəzi satıcılara qarşıdakı 3-4 gün, bəzilərinə isə ayın 27-i son gündür deyiblər.
“Təmir üçün pul yığanda dedilər ki, narahat olmayın, hər şey yaxşı olacaq”
“Azadlıq”a danışan metronun “Inşaatçılar” stansiyasında 12 ildir ki, ticarətlə ailəsinə çörəkpulu aparan Vüsal Hüseynov deyir ki, metrostansiyaların daxilində və piyada keçidlərində quraşdırılan dükanlarda 2 minə yaxın insan ticarətlə məşğuldur: “Hər bir kəs burada qazandığı pulla ailəsində 4-5 nəfəri dolandırır. Metroda satışa qadağa qoyulsa, minlərlə insan çörəksiz qalacaq. Bu qədər insanı kim işlə təmin edəcək? Deyirlər ki, çıxın, biz sizi yerlə təmin edəcəyik. Ancaq ünvanı demirlər. Çünki bilirlər ki, onların deyəcəyi yerə getməyəcəyik. Bizə ya “28 May”dakı yeraltı keçiddə, ya da A.M.A.Y.-da yer verəcəklər. Bu bizə sərf etmir. Hər ikisində yer haqları bahadır. Üstəlik, A.M.A.Y.-a müştərilər gəlmir. “28 May”dakı ticarət mərkəzində işləməyə hazırıq, ancaq bizə güzəşt edilsin. Ən azından üç ay yer haqqı almasınlar ki, özümüzə gələ bilək”.
Vüsal Hüseynov deyir ki, satıcıların əksəriyyətindən təmir adı altında 1000-1500 manat pul yığılıb: “Bunu da tələb edirik, pulumuzu versinlər. Təmir üçün pul yığanda dedilər ki, narahat olmayın, hər şey yaxşı olacaq. Indi nə oldu. Pulu bizdən alan adamı tapa bilmirik. Yerhaqqını yığırlar, iki-üç gün sonra gəlib deyirlər ki, dükanlar söküləcək. Belə şey olar? Mart ayının yer haqqını öncədən aldılar. Aksiya keçirdik, sonra dedilər ki, bir həftə vaxt verilir, bir gün sonra vaxtı 27-nə qədər uzatdılar. Indi isə deyirlər ki, 3-4 günə çıxın. Əslində dükanları sökmək fikirləri vardısa, bunu bizə bir ay öncədən xəbər etməli idilər ki, problemlərimizi həll edək. Üstümüzdə qalan məhsulları geri qaytaraq, üstəlik, yer haqqını almalı deyildilər. Ancaq bizdə hər şey əksinədir”.
Satıcılar əllərində sənəd olmadığı üçün məhkəməyə müraciət edə bilmədiklərini deyirlər
Adının açıqlanmasını istəməyən, “Xalqlar Dostluğu” metrostansiyasında 1,5 kvadratmetrlik ticarət sahəsi olan satıcı “Azadlıq” radiosuna deyib ki, 10 ildən çoxdur burada işləyir: “Köşkün yenidən qurulması üçün bizdən üst-üstə 2 dəfə 2 min manata yaxın pul alıblar. Bir dəfə müqavilə də bağlamışıq. Amma o müqavilədə nə yerhaqqının məbləği yazılıb, nə də başqa bir şey. Müqavilə illik olub. Icarəpulunu hər ay ödəmişik. Vergiyə ödənilməsi üçün hər ay əlavə 75 manat da vermişik. Amma özümüz rəsmi vergi ödəyicisi deyilik”.
Satıcı onlara alternativ yer təklif olunmadığını bildirir: “Ayın 27-dək boşaltmalıyıq. Indi alverə müdaxilə eləmirlər, amma deyiblər ki, əlavə mal vurmayın. Biz də, hələ ki, dükana mal gətirmirik. Elə nə var, onu satırıq”.
O, problemin necə çözüləcəyini bilmir. Deyir ki, burda daimi alıcıları vardı: “Metro giriş-çıxışları, keçidlər daxil, bütün stansiyalardakı köşklər yüzlərlə adamın daimi iş yeridir”.
O, məhkəmə perspektivinə də inanmır. “Əlimizdə nə sənəd var ki, məhkəməyə də gedək?”, – deyə satıcı sual edir.
Satıcılara təklif olunan iki yer
“Bu köşkün tikilməsi üçün aylıq puldan əlavə birbaşa 10 min dollar pul vermişəm. Bundan əlavə hər ay 1750 manat yerpulu, 280 manat vergi, 100 manat da əlavə pul ödəyirəm. Ay ərzində 2 min manatdan çox pul edir. Bu qədər xərc çəkəndən sonra gəlib bizi çıxardırlar”,- deyə satıcılar axar.az saytına bildiriblər.
Metroda çalışan satıcılara 4 gün ərzində dükanlarını tərk etməyi məsləhət görüblər: “Dedilər ki, burdan çıxmağınız məsləhətdir, yaxşı olar sizə təklif edilən ticarət mərkəzlərindən birinə köçəsiniz”.
Hara köçmək məsələsinə isə satıcılar belə cavab verdi: “Bizə deyirlər ki, ya Keşlə bazarına, ya da A.M.A.Y ticarət mərkəzinə gedin. A.M.A.Y-da yerpulu burda verdiyimiz yer haqqından 300 manat çoxdur. Həm də oranın müştərisi, demək olar, yoxdur. A.M.A.Y-da işləyənlər hamısı varlı insanlarla işləyir və hərəsinin öz müştərisi var. Biz gedib orda nə işləyəcəyik? Keşlə bazarından isə danışmağa dəyməz. Meyvə-tərəvəz satanların yanında paltar sataq? Bu mümkün deyil. Çünki alver olmayacaq. Ora müştərilər mer-meyvə almaq üçün gəlirlər”.
Satıcılardan biri dedi ki, gedəcəkləri ticarət mərkəzlərində 3 ay yer pulu alınmayacaq: “Düzdür, haranı seçib getsək, 3 ay yer pulu alınmayacaq. Ancaq burdan çıxıb getmək bizə heç sərf etmir. Dörd bankdan kredit götürüb mal almışam. Indi hara getsəm, o malları sata bilməyəcəyəm. Hərənin öz müştəri çevrəsi var. Bizim yerimiz də bura idi. Qıraq yerdə sata bilməyəcəyik. Özüm kirayə qalıram. Indi həmin bankların pulunu necə qaytaracağam?”.
Tağı Əhmədov demişdi ki…
Bakı Metropolitenindəki ticarət köşkləri daha əvvəllər də media gündəminə düşüb. Buradan yığılan icarə haqlarının taleyi daim tənqidçi qəzetlərin diqqət hədəfində olub. Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov bir neçə il əvvəl “Azadlıq” radiosuna müsahibəsində bildirmişdi ki, bu köşklərdə iki minədək adam çalışır: “Hər ailədə 5 adamın olduğunu nəzərə alsaq, bu, Bakıda 10 min adamın özünə iş yeri tapması deməkdir və ordan qazanılan pul metropolitenə gəlir. Bakı Metropolitenindən istifadə edənlərin sayı gündə 1.1 milyon nəfər olarsa, bu ticarət köşklərini də aradan çıxararıq. Artıq “Içərişəhər”, “Sahil” stansiyalarında dükan yoxdur. Yavaş-yavaş da yığışdırılacaq”.
Həmin müsahibədə Tağı Əhmədov onu da bildirmişdi ki, ticarət köşklərindən ayda 70 min manat vəsait yığılır və metroya sərf olunur: “Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyr, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir”.
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728