Ticarət mərkəzləri niyə yanır?

16.03.2014 - 11:01

Ticarət mərkəzləri niyə yanır?

Ərəstun Oruclu: “Bu, iqtisadi çəkişmələrin nəticəsidir”; İlham İsmayıl: “Daha təhlükəli addımlar atıla bilər”
Azərbaycanda silsilə partlayışların ardınca dalbadal yanğınlar baş verməkdədir. Ölkədə bir gündə 4 partlayışın olmasını terror aktı və təxribat kimi şərh edənlər var idi. Çünki Suriyada döyüşən azərbaycanlıların ölkəmizə qarşı hədələyici bəyanatlarının yayıldığı ərəfədə bu partlayışlar baş vermişdi. Son iki gündə isə ticarət mərkəzləri yanır.Əvvəlcə “Sahil” ticarət mərkəzi, martın 14-də “Moskva” univermağı külə döndü. Əvvəllər də belə olub. Sumqayıtda “Karvan” yarmarkası, Lökbatanda “Sədərək” və “Binə” bazarları yanıb. Amma bu hadisələri təxribatdan daha çox, iqtisadi rəqabətin əlamətləri kimi xarakterizə edirlər.
Son günlər ticarət mərkəzlərinin yanmasının təsadüfi olmadığını deyən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu baş verənləri daha çox iqtisadi çəkişmələrin nəticəsi kimi qiymətləndirir.
Bu barədə “Yeni Müsavat”a danışan Ə.Oruclunun sözlərinə görə, rəsmi versiyalar inandırıcı görünmür: “Sırf təsadüfən, təhlükəsizlik qaydalarına riayət olunmadığına görə qısaqapanma olması real görünmür. Çünki indi elektrik şəbəkələri avtomatlara qoşulub, qısaqapanma olarsa, dərhal atır. Yəni burda insan səhlənkarlığını cüzi ehtimalla axtarmaq olar. Əsasən iqtisadi maraqların toqquşması nəticəsində belə hadisələr ortaya çıxır”.
Ə.Oruclu ehtimal edir ki, son günlərin yanğınları da iqtisadi rəqabətin göstəricisidir: “Ticarət mərkəzləri, iri bazarlar iqtidarda təmsil olunan qrupların himayəsindədir. Onların arasında daxili çəkişmələr, obyektlərin bir-birinin əlindən alınması uğrunda mübarizə bu cür yanğınlarla nəticələnə bilir. Bunun digər ictimai effekti ondan ibarətdir ki, məsələ mətbuata çıxır, hamı görür. Yəni bunu nümayişkaranə şəkildə həyata keçirirlər”.
O, hadisələrdə xarici barmağın olmasını da istisna etmir. Onun sözlərinə görə, kənar qüvvələr bunu təşkil edə bilər və bununla hakimiyyətə xəbərdarlıq işarəsini göstərmiş olarlar. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılın fikrincə, ticarət mərkəzlərinin yanmasında siyasi terror xarakteri yoxdur:
“Bu hadisələrdə siyasi məna axtarmağa dəyməz. Sadəcə, ard-arda yanan bazarların ilk növbədə görünən tərəfi var. Bu da Fövqəladə Hallar Nazirliyinin böyük müəssisələrə cavabdeh olmasıdır. Görünür ki, nazirlik vəzifəsini lazımınca yerinə yetirmir. İkinci, məsuliyyət Milli Təhlükəsizlik Nazirliyinin üzərinə düşür. Onlar kollektiv işləyən iri müəssisələrə zəif yerləri haqda xəbərdarlıq etməlidir. Hətta qısaqapanma varsa da, bunun məsuliyyətini daşıyan var”.
İ.İsmayıl hesab edir ki, hadisələrin görünməyən tərəfi iqtisadi maraqlardır: “Bundan qabaq da “Ramstore” ticarət mərkəzində yanğın olmuşdu. Ola bilsin ki, bu olayların arxasında iqtisadi maraqlar dayanır. Kiminsə marağına qarşı belə şeylərin olması mümkündür. 
Yanğın törətməklə xəbərdarlıq edirlər və daha təhlükəli, böyük addımlar atıla bilər. Ancaq burada iqtisadi zərər yetirməklə yanaşı, cəmiyyətin də panikaya salınmasından söhbət gedir”. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5124

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031