Krımda referendum komediyası: Rusiya vətəndaşları da səs verir
16.03.2014 - 14:03

Martın 16-da Krımda Muxtar Respublikanın Ukraynadan ayrılması üçün referendum keçirilir. Səsvermə yerli vaxtla səhər saat 8-də başlayıb və 20:00-da bitməlidir (Bakı vaxtı ilə 10:00-22:00)
Krım tatarlarının kompakt yaşadığı Baxçasaray rayonunda seçki məntəqələri qurulmayıb. Yerli administrasiyanın rəhbəri İlmi Umerov bildirib ki, seçki komissiyalarını formalaşdırmağa heç kimi tapa bilməyiblər. Umerov bundan əvvəl yerli sakinləri təxribata uymamağa və referendumda iştirak etməməyə çağırmışdı.
***
Rusiya kazakları Ukrayna hərbçilərini referenduma getməyə məcbur edirlər. ANS PRESS-in məlumatına görə bu barədə, Krımdakı Ukraynanın Müdafiə Nazirliyinin media-mərkəzinin rəhbəri Vladislav Seleznyov “Ukraynskaya Pravda” qəzetinə açıqlama verib.
Nəşrin yaydığı məlumatda qeyd olunub ki, Rusiya kazakları dəniz kənarındakı dövlət elmi-tətqiqat mərkəzinin əməkdaşlarını işə buraxmırlar. Seleznyov nəşrə bildirilib ki, Rusiya hərbçiləri işçilərə əvvəlcə səs verməyə getməyin lazım olduğunu deyirlər:
“Bu gün Primorskdakı hərbi hissənin Rusiya Müdafiə Nazirliyinə məxsus kazaklar qrupu dövlət elmi-tətqiqat mərkəzinin işçilərini işə buraxmırlar.Onlar bunu işçilərin səs verməyə getmələrinin vacibliyi ilə əsaslandırırlar”.
***
Artıq Krımdakı separatçı rejimin rəhbərləri səsvermədə iştirak ediblər.
Avropa Birliyi bu referendumun qanunsuz olduğunu və onun nəticələrini tanımayacağını bəyan edib.
Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev isə deyib ki, qərb liderlərinin və beynəlxalq təşkilatların reaksiyaları yarımada əhalisini az maraqlandırır. Heç kim onları öz gələcəklərini müəyyən etmək hüququndan məhrum edə bilməz.
Bəzi məntəqələrdə elektrik enerjisi və telefon xətləri kəsilib. Yerli komissiyalar bunun hava şəraiti ilə əlaqədar baş verdiyini deyiblər.
Şahidlər isə sosial şəbəkələrdə məlumat yayırlar ki, səsvermədə aşkar pozuntularla keçirilir. Belə ki, məntəqələrdə səs verənlərin buna hüquqları çatıb-çatmadığına əhəmiyyət verilmir. Adları siyahıda olmayanlar yerindəcə əlavə siyahılara salınır və onlara bülleten verilir. Hətta başqa ölkəninin, konkret nümunədə Rusiyanın vətəndaşı olanlar da səs verə bilirlər.
Şahidlər onu da bildirirlər ki, hər məntəqədə 5-6 “drujinnik” və milis keşik çəkir.
Bu arada Krım tatarlarının Məclisi İslam Əməkdaşlıq Təşkilatının baş katibinə müraciət edərək, təşkilatı yarımadada yaranmış münaqişəli vəziyyətdən dinc çıxış yolunun tapılmasına kömək etməyə çağırıb.
Krım tatarları bölgənin Ukraynadan ayrılmasının əleyhinədir və referendumda iştirak etmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5133