Diplomatiyada Amerikanı barmağına dolayan rus

16.03.2014 - 14:43

Diplomatiyada Amerikanı barmağına dolayan rus

Ukraynadakı böhran və Rusiyanın Krımı ələ keçirməsi ilə bağlı Vaşinqtonla Moskva arasında əsl “soyuq müharibə” gedir.
Birləşmiş Ştatlar fevralın 27-dən – Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılar tərəfindən Krımda bir-birinin ardınca strateji obyektləri ələ keçirməyə başladığı gündən etibarən Moskvanı dayandırmaq üçün hədə-qorxu gəlir, diplomatik təzyiqlər göstərir və sanksiyalar hazırlayır.
Lakin bu vasitələrin heç biri kömək etmədi və Rusiyanın Krımı zəbt edib öz ərazisinə birləşdirmək planlarının qarşısını ala bilmədi.
Qərb təhlilçiləri və KİV-ləri bu vəziyyəti belə qiymətləndirirlər: “Rusiya iş görür, Qərb isə boş-boş danışır”.
Əslində ABŞ-ın və onun NATO-dakı müttəfiqlərin Ukraynaya görə Rusiya ilə hərbi müstəvidə qarşılaşmaq imkanları da məhduddur. Amerikanın Ukraynaya görə Rusiya ilə hərbi qarşıdurmaya girə bilməyəcəyini “Forbes” jurnalında dərc edilmiş məqaləsində ABŞ-ın Lexington İnstitutunun araşdırma mərkəzinin icraçı direktoru Loren Tompson 6 tutarlı səbəblə kifayət qədər əsaslandırıb (virtualaz.org saytı artıq bu məqalənin tərcüməsini oxuculara çatdırıb).
Lakin belə görünür ki, ABŞ Rusiya ilə heç diplomatiya müstəvisində də bacara bilmir. “The Washington Post” qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun diplomatiyada indiyədək dörd Amerika dövlət katibini necə “şil-küt etdiyindən” bəhs edir.
Virtualaz.org saytı qəzetin “Lavrov: ABŞ-ın nifrət etdiyi nazir” başlıqlı məqaləsinin (müəllif Adam Teylor) tərcüməsini təqdim edir:
*      *      *
Bu gün (martın 14-də-red.) dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Uinfild-hausda, Amerikanın Böyük Britaniyadakı səfirinin London rezidensiyasında görüşdülər. Bu, hər şeydən göründüyü kimi, Ukraynadakı böhranının inkişafının qarşısını almağa yönələn sonuncu cəhd idi.
Belə görünür ki, Kerri Lavrovdan Rusiyanın Ukraynadakı gərginliyi artırmayacağına, orada əlavə hərbi qüvvələr cəmləşdirməyəcəyinə və yerli özünümüdafiə dəstələrindən Krımın hüdudları kənarında təhdid kimi istifadə etməyəcəyinə dair söz almaq istəyirdi.
Kerri və Lavrov ötən həftə bir neçə dəfə görüşmüşdülər, lakin bu danışıqlarda irəliləyiş heç cür əldə olunmadı. Bu görüş də əvvəlkilərdən fərqlənmədi. İngilis dilində kifayət qədər yaxşı bilən Lavrov bu danışıqların yekunları ilə bağlı mətbuat konfransında rus dilində çıxış edərək dedi ki, iki tərəf arasında “ümumi baxışlar yoxdur”.
Danışıqlar barədə hesabat bizim 63 yaşlı rusiyalı xarici işlər nazirindən gözləməyə vərdiş etdiklərimizə uyğun gəlir. Son 10 ildə (o, 2004-cü il, martın 9-da Rusiya XİN-ə rəhbər təyin edilib) o, təkcə öz ağlı və ironik nüfuzediciliyi ilə tanınmayıb. “Daily Telegraph” qəzetindən Peter Oborn bir dəfə onu “dünyanın ən güclü xarici işlər naziri” adlandırmışdı.
Lavrov həm də Rusiya xarici siyasət vəzifələrini və mövqelərini inadkarcasına müdafiə etməsi ilə tanınır. Sadə dillə desək, o, Amerikanın “nifrət etməyə” öyrəşdiyi nazirə çevrilib.
Xarici işlər naziri postunda o bir çox amerikalı həmkarları ilə işləyib – Con Kerri, Hillari Klinton, Kondoliza Rays və Kolin Pauell.
Belə görünür ki, Lavrov onların hamısını qıcıqlandırıb hövsələdən çıxara və pərt edə bildi.
2004-cü ildə o, “narıncı inqilab”dan sonra Ukraynanın statusu məsələsində Pauellə “toqquşdu”.
“Biz elektoral proseslərin qiymətləndirilməsində dağıdıcı ikili standartlar praktikasından qaçmalıyıq” – deyə Lavrov onda ABŞ-dakı 2000-ci il seçkilərini nəzərdə tutaraq bildirdi (həmin seçkilərdə Buşun qalib gəldiyinə şübhə yaranmışdı və səslər yenidən sayıldı-red.).
Xəbərlərə görə, 2006-cı ildə Lavrov və Rays İraqa dair qapalı görüşdə mübahisə etmişdilər. “The Washington Post”un jurnalistiQlenn Kessler daha sonra yazmışdı ki, Lavrovun Raysı özündən çıxarmaq xüsusiyyəti mükəmməl idi, hətta o səviyyədə ki, dövlət katibi tez-tez kəskin, sarkastik və hətta emosional cavablar verməli olurdu.
K.Rays öz avtobioqrafiyasında Lavrovla ünsiyyət zamanı yaşadığı bir neçə gərginlik barədə bəhs edir.
Lavrov Hillari Klintonu da qınayıb. 2009-cu ildə Vaşinqtonda ona Rusiya ilə Amerika arasında münasibətlərdə yeni mərhələnin başlanmasını simvolizə edən “yenidən yükləmə” (“perezaqruzka” ) düyməsini hədiyyə edəndə bu sözü səhvən rus dilinə “pereqruzka” kimi tərcümə etmişdilər və Lavrov kifayət qədər korrekt şəkildə də olsa səhvi qınamışdı.
Daha sonra Rusiya BMT Təhlükəslik Şurasında Suriyaya dair qətnamənin qəbulunu əngəllədi. Klinton bunu “parodiya” adlandırdı, Lavrov isə dedi ki, Qərbin (müvafiq olaraq həm də Klintonun özünün) reaksiyası isterika həddindədir.
2012-ci ildə bu məsələ ilə bağlı keçirilən mətbuat konfransında o, demişdi ki, “kim qəzəblənirsə, deməli, haqlı deyil”.
Lavrov öz diplomatik vərdişlərinə görə misli görünməmiş ağlına və mühüm təcrübəsinə borcludur. O, dörd dil bilir və Kosovo, İraq böhranları zamanı Rusiyanın BMT-dəki nümayəndəsi olub.
Şəxsi planda hündürboy və atletik görünüşə malik nazirin xarici görkəmindən dominantlıq yağır, ancaq onun daha yumşaq naturaya malik olduğu deyilir. Deyirlər ki, Lavrov poeziyanı çox sevir, hərçənd ki, onun “maço” stilində əyləncələrə – italyan kostyumları, şotland viskisi almağa və siqar çəkməyə də meylinin olduğuna dair xəbərlər var.
Onu hətta sevməsələr belə hörmət edirlər. O, BMT-dəki iş prosesini də çox yaxşı bilir. Keçmiş dövlət katibi Madlen Olbrayt bu yaxınlarda verdiyi müsahibədə Lavrovu “çox  xoş və praktik adam” kimi xarakterizə edib. Eyni zamanda əlavə edib ki, o, bütün bunların tam əksinə də çevrilə bilər.
Ötən il Syuzan Qlasser “Foreign Policy” jurnalı üçün Sergey Lavrovla bağlı məqalə hazırlayanda Corc Buş administrasiyasının adının açıqlanmamasını istəyən keçmiş əməkdaşı rus nazirin şəxsiyyətinə belə qiymət vermişdi: “O, sadəcə olaraq kütün biridir”.
Ümid var idi ki, Con Kerri S.Lavrovla daha yaxşı işləməyə nail olacaq. Çünki Amerikanın indiki dövlət katibi Rusiya xarici işlər nazirinin maraqlarını bölüşən adam deyil, ancaq açıq desək, o, kişidir. Və müəyyən vaxt ərzində, hətta Suriya böhranı dövründə belə görünürdü ki, onlar yaxşı münasibət qura biliblər.
Ötən il “The New York Times” qəzeti yazmışdı ki, Kerri və rusiyalı həmkarı özlərinin xokkeyə və “köhnə dəbli gözəlliklərə” həddən artıq bağlı olduqlarına görə yaxınlaşıblar. Ancaq belə görünür ki, bu gün vəziyyət dəyişib. Kerri ilə Lavrovun Krımla bağlı təmas qurduğu bir vaxtda Rusiya XİN-in twitter hesabında  da Kerriyə istehza etməkdən özlərini saxlaya bilməyiblər:
@mfa_russia (London görüşü başlamazdan əvvəl)
Lavrov və Kerri. Ümid edək ki, onlar qayıdacaqlar. (pic.twitter.com/ZXDFNSCzhE)
@mfa_russia (Görüş bitəndən sonra)
Fasilə bitdi. Oyun davam edir (pic.twitter.com/C3Dmf4rq2D)

Short URL: http://www.cumhuriyyet.net/?p=5134

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728