"Azərbaycan və Türkiyə ilə nə edəcəyik?.."
17.03.2014 - 10:14
“Azərbaycan və Türkiyə ilə nə edəcəyik?..”

Bu sual Ermənistanda artıq tez-tez səslənməkdədir; Rusiyanın işğalçı ölkəyə vəd elədiyi zəmanətlərə qonşu dövlətdə şübhələr yaranıb; Krım böhranı ilə bağlı təcavüzkar ağır seçimlə üz-üzə: “Qarabağ müharibəsi başlasa, Ermənistanın dostları kim olacaq?..”
Krımda dünən keçirilən və beynəlxalq birliyin öncədən qanunsuz saydığı referendumunun sonucları, şübhəsiz ki, Azərbaycanın da yerləşdiyi Güney Qafqaz bölgəsinin taleyinə, özəlliklə Dağlıq Qarabağ münaqişəsinin həll perspektivinə də öz güclü təsirini göstərəcək. Belədirsə, yeni situasiyadan Azərbaycanla yanaşı, işğalçı Ermənistanın öz maraqları maninə faydalanmağa çalışacağı şəksizdir.
Ancaq hələlik düşmən ölkədə Ukrayna olaylarından dolayı daha çox narahatlıq, ümidsizlik və hətta bir xof ovqatı müşahidə edilməkdədir, nəinki nikbinlik və özünə inam. Bunun da əsas səbəbi təbii ki, İrəvanın 1 nömrəli müttəfiqi Rusiyanı Krımın böhranından sonra gözləyən çətin günlər, siyasi-iqtisadi çətinliklərdir. Aydındır ki, təcavüzkarın əsas dayağının zəifləməsi Ermənistanı da qayğılandırır.
Bu xüsusda Ermənistanın siyasi-ekspert dairələrində dolaşan fikirlər kifayət qədər diqqət çəkir və haradasa Azərbaycanın da yeni mərhələdə özünün Dağlıq Qarabağ siyasətini düzgün qurması, onu korrektə eləməsi baxımından faydalı ola bilərdi. Onlardan bəzilərini təqdim edirik.
Məsələn, erməni politoloqlardan Artur Kazinyan hesab edir ki, Ukraynada baş verənlər Ermənistana yaxşı bir şey vəd eləmir: “Rusiyanı çətin günlərin gözlədiyinə zərrəcə şəkk eləmirəm. Obamanın dediyi kimi, Rusiyaya bunun çox baha oturacağına da şübhə eləmirəm. Rusiyaya bütün bunlar artıq baha oturmaqdadır. Necə ki, bir günün içində Rusiya Fond Birjasında 50 milyard dollardan artıq itirdi və rublun kursunu saxlamaq üçün bazara 12 milyard dollar çıxarmalı oldu. Bu rəqəmlər Moskva üçün çox böyük qiymətdir. Rusiya həddən ziyadə qəliz vəziyyətindədir”.
Erməni təhlilçi dünya düzəninə və beynəlxalq birgəyaşayış normalarına meydan oxuyan belə bir dövlətin Ermənistana verdiyi təhlükəsizlik qarantını da şübhə altına alır: “SSRİ dağılandan dərhal sonra Ukrayna ərazisində kifayət qədər nüvə silahı qalmışdı. Əldə olunan anlaşmalara görə isə keçmiş SSRİ-nin subyektlərinin ərazisində qalan silahlar avtomatik olaraq yeni dövlətin mülkiyyəti sayılırdı. Ukraynadakı nüvə başlıqların sayına görə Rusiya və ABŞ-dan sonra üçüncü yerdə idi. 1992-ci ildə Ukraynaya nüvə dövləti olmağa imkan verməmək üçün 4 dövlət – ABŞ, Rusiya, İngiltərə və Ukrayna Budapeşt sazişi imzaladılar. Həmin sazişə görə, Ukrayna nüvə silahlarını Rusiyaya verməyin qarşılığında öz ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına, iqtisadi və siyasi inkişafını azad müəyyən eləməyə zəmanət alır. Ukrayna əmin olmuşdu ki, bu zəmanəti alıb. Yəni ən azı yaxın perspektiv üçün ərazi bütövlüyü təminatına malikdir. Ancaq biz indi beynəlxalq qayda-qanunun misli görünməmiş şəkidə pozuntusunun şahidiyik. 1995-ci ildə Ermənistan da Rusiya ilə böyük saziş imzalayıb. Həmin sənəddə bizə də Moskva bir sıra zəmanətlər verib. Paralellik aparmaq istəməzdim, ancaq Ukraynada baş verənlər bizi də düşünməyə vadar edir: əcəba, Rusiyanın zəmanətlərinə bel bağlamaq olarmı?”
Müxalifyönlü “Yeni Zaman” Partiyasının sədri Aram Karapetyana görə, Ukraynadakı proseslər hərbi ssenari üzrə davam edərsə, o zaman Gürcüstanla Moldova qısa zamanda NATO-ya üzv qəbul ediləcəklər ki, bu da Ermənistan üçün daha ağır siyasi, iqtisadi situasiya yaradacaq: “Çünki sirr deyil ki, Ermənistan Rusiyadan qardaşlıq köməyi alır. Əgər Rusiyaya qarşı sanksiyalar işə düşsə (bu sanksiyalar isə çox sərt olacaq), o zaman Rusiyanın iqtisadi durumu ağırlaşmağa başlayacaq və bu ağırlaşma ona gətirəcək ki, xalq pis yaşamağa başlayacaq. Rusiyanın səfərbər edilmiş iqtisadi sistemi belə uzunmüddətli mübarizəyə hazır deyil. Aydındır ki, çox ağır iqtisadi durum yaranacaq, maliyyə sistemi, onun ardınca isə iqtisadi sistem çökəcək. Çünki bu sistem neft və qaza əsaslanıb. Nəticə etibarilə Ermənistanda da situasiya pisləşəcək. Ermənistan daha böyük problem qarşısında duracaq: biz Azərbaycan və Türkiyə ilə nə edəcəyik? Əgər alternativlər tapmasaq, tam mənasında olduqca ciddi problemlərlə üz-üzə qalacağıq. Vəziyyət həddən artıq ciddidir. Ermənistanın fikirləşməyə belə vaxtı yoxdur, hər şey ondan asılı olacaq ki, dünya hadisələrinin inkişafı nəyə gətirəcək?”
Siyasətçi həmçinin rəsmi İrəvanın Ukraynadakı olaylara hazır olmadığı qənaətindədir: “İndiki hakimiyyətin təfəkkür tərzi hadisələrə adekvat deyil. Minsk Qrupu necə olacaq, qarşıdurma baş verəcəkmi? Serj Sərkisyan seçim eləməlidir. Yoxsa o, Yanukoviç kimi müflis ediləcək. Yeni dünyanın siyasi fəlsəfəsi indi başqadır. Öz xalqını qarət edib əvəzində heç nə verməyənlərə bundan sonra siyasi səhnədə yer olmayacaq – istər oliqarx olsun, istərsə də rəhbər. Bizi əhatə edən dövlətlər çox ciddi geosiyasi addımlar atmağa hazırlaşırlar. Yeni Ermənistan qurmağın vaxtı yetişib. Bizə yeni siyasi elita, yeni doktrina lazımdır. İndi mən düşünürəm ki, Rusiyada situasiya dəyişsə, Rusiya geri çəkilsə, Ermənistan öz hərbi müdafiəsini necə nizamlayacaq, hansı siyasi, iqtisadi rıçaqlar lazım olacaq? Allah eləməmiş Qarabağ müharibəsi başlasa, dünyadakı dostlarımız kim olacaq? Dünyanın ciddi köməyi olmadan hətta Ukrayna kimi dövlət heç nə edə bilmir. Biz hər mənada yeni proseslərə, istənilən inkişaf ssenarisinə hazır olmalıyıq”.
Ermənistanda keçmiş prezidentliyə namizəd Paruyr Ayrikyan isə öz növbəsində hesab edir ki, Ermənistanın Rusiyadan asılılığı birincinin tam iflasına gətirəcək. “Bizim dövlətimiz çürüyür, onu məhv edirlər…” (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5140