Eldar Əzizovun qohumu dövlət bağçasını necə ödənişli edib?
151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova qəbul etdiyi uşağa görə 500 manat, aylıq isə 100 manat alır
Binəqədi rayonunda yerləşən 151 saylı körpələr evi-uşaq bağçasında baş verən özbaşınalıqla bağlı məlumat yayılıb. Həmin məlumatda deyilir ki, bağçanın müdiri Venera Xəlilova qanunlara məhəl qoymamaqla yanaşı, həm də dövlət bağçasını ödənişli edib.
Cümhuriyyət.az Xalqxeber.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Alay Kunanbayev küçəsi 7/19 mənzil 114-də yaşayan Qurbanova Samirə Tofiq qızı bağçadakı durumdan şikayətçi düşüb. Şikayətçi bildirir ki, 2015-ci ilin may ayında oğlu Əli Hüseynzadəni 151 saylı körpələr evi-uşaq bağçasına qeydiyyat etdirmək istəyib: «Bu məqsədlə bağçanın müdiri Venera xanıma müraciət etdim. Mənə bildirdilər ki, bunun üçün 500 manat ödəməliyəm. Üstəlik, uşaq bağçaya qəbul ediləndən sonra hər ay 100 manat verməli idim. Bağça müdirinin bu şərtləri ilə razılaşdım. 500 manat verib oğlumu bu bağçaya qəbul etdirdim. Həmin tarixdən, yəni 2015-ci ilin may ayından dekabr ayına kimi bağçaya hər ay 100 manat ödədim. Sonuncu aylar maddi problemlərim olduğu üçün bağçanın aylığını verə bilmədim. Maraqlandım ki, sən demə bağça ödənişsiz imiş, yəni dövlətdən maliyyələşirmiş. Oğlum bir neçə gün müəyyən səbəblərə görə bağçaya gedə bilmədi. Mənə zəng elədilər ki, uşağın nəyə görə bağçaya gələ bilmədiyi haqda arayış al gətir, əks təqdirdə uşaq bağçadan xaric ediləcək. Sonradan mənə bəlli oldu ki, əslində arayış bəhanədir, aylığı vermədiyim üçün uşağı bağçadan çıxarıb yerinə başqasını götürmək istəyirlər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə müraciət etmişəm. Bağça ödənişssiz olduğu halda, 6 ay hər ay məndən 100 manat alıblar. Bundan əlavə, 500 manat ödəmişəm. Sizin vasitənizlə ölkə rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin müəllimə və aidiyyəti dövlət qurumlarına müraciət edib kömək istəyirəm. İndiyə qədər ödədiyim pulları geri qaytarsınlar. Əks halda, haqqımı ən ali instansiyalar səviyyəsində tələb edəcəm».
Şikayəti araşdırmaq üçün 151 saylı körpələr evi-uşaq bağçası ilə əlaqə saxlanılıb. Zəngə cavab verən Gülya adlı xanım Venera Xəlilovanın məzuniyyətdə olduğunu və bir həftədən sonra işə çıxacağını bildirib.
Bu arada, əldə etdiyimiz məlumatlara görə, Venera Xəlilova özünü hər yerdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qohumu kimi təqdim edir. Üstəlik, onun «Audi Q7» markalı avtomobil sürdüyü də vurğulanır. Maraqlıdır, bir bağça müdirəsi dəyəri faktiki olaraq 70 min manatdan baha olan bir maşını hansı pulla alıb?
Qarşı tərəfi də dinləməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=51648