Rusiyada böhran Azərbaycanı da vuracaq
18.03.2014 - 10:56

Rusiya hesabına dolanan ailələrə ciddi ziyan dəyəcək
Rəsmilər bunu təkzib etsə də…
Krımı işğal etmək niyyətindən əl çəkmək istəməyən Rusiyanın beynəlxalq aləmlə üz-üzə qalması bu ölkəyə ciddi siyasi və iqtisadi problemlər yaratmaqdadır. Artıq ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Bu isə ölkədə artıq indidən iqtisadi problemlərə yol açıb. Rusiya rublu və iri şirkətlərin səhmləri sürətlə ücuzlaşır.
Qonşu ölkədə yaşanan problemin Azərbaycana da təsiri qaçılmazdır. Çünki bu ölkədə 2 milyondan artıq azərbaycanlı miqrant çalışır və Rusiyada yaranacaq hər hansı problem ilk növbədə həmin şəxslərin, eyni zamanda onların Azərbaycanda yaşayan ailə üzvlərinin maddi durumuna da təsirsiz ötüşməyəcək.
Ancaq Azərbaycan tərəfi narahatçılıq üçün əsasın olmadığını iddia edir.
Azərbaycan Mərkəzi Bankından “Trend”ə verilən məlumata görə, Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasının sabitliyinə təsir etməyəcək.
Bankın məlumatında deyilir ki, rublun devalvasiyası manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir etmir. Manatın məzənnəsinin sabitliyi fundamental amillərlə şərtlənir ki, bu da qlobal maliyyə böhranı dövründə özünü doğruldur.
Lakin ekspertlər hesab edir ki, Rusiyada gedən proseslərin Azərbaycana birbaşa təsiri olacaq. Çünki bu ölkədə təxminən 2 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır, işləyir və ailəsini dolandırmaq üçün ortalama ildə 1,7-1,8 mlrd dollar pul göndərir. Insanların çoxu ailəsinin bir üzvünün Rusiyada olmasından istifadə edərək ordan gələn pullarla dolanır. Bu da sosial gərginliyin azalması ilə nəticələnirdi. Amma bu proseslərin sonunda Azərbaycanın regionlarında ciddi sosial gərginliklər yarana bilər. Çünki Azərbaycana gələcək pullarda ciddi azalmalar olacaq.
Eyni zamanda Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi, rublun manata nisbətən məzənnəsinin də azalmasına gətirib çıxaracaq. Manat rubla nisbətən möhkəmlənəcək. Bu da Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabiliyyətini müəyyən qədər məhdudlaşdıracaq.
Rublun ucuzlaşması davam edərsə, bu, Rusiyanın Azərbaycan ixracatının artmasına, Azərbaycanın Rusiyadan idxalının artmasına gətirib çıxaracaq.
Çünki manatın bahalaşması hesabına bu ölkədən gətirilən mallar xeyli ucuz olacaq ki, bu da yerli istehsalın rəqabət qabiliyyətini azaldacaq.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5170