Hakimiyyət seçkidə Gülənin lobbiçiliyindən istifadə edib
19.03.2014 - 10:04

Dövlət aparatında nurçu şəbəkə ilə bağlı ilginc məlumatlar
2013-cü ildə keçirilən prezident seçkisində Azərbaycan hakimiyyəti nurçuların lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin lobbiçiliyindən yararlanıb. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Məlumatda deyilir ki, hakimiyyətdəki qruplaşmalardan biri Qərbin seçkidə Ilham Əliyevə dəstəyini təmin etmək üçün Fətullah Gülənin nüfuzundan istifadə etməyi qərara alıb. Bu məqsədlə nurçuların lideri ilə görüş keçirilib və onun lobbi xidməti göstərməsi xahiş edilib. Fətullah Gülən bu xahişi rədd etməyib.
Beləliklə bəlli olur ki, nurçuların dövlət aparatına sızması əslində hakimiyyətin şəxsi maraqlarına önəm verməsindən irəli gəlib. Lakin AKP ilə “Gülən camaatı”nın toqquşması hakimiyyəti nurçularla bağlı konkret addımlar atmağa vadar edib. Artıq bəlli olduğu kimi nurçularla əlaqəli olduğu iddia edilən məmurlardan biri – Elnur Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən götürülüb. Ehtimal olunur ki, proses bununla yekunlaşmayacaq. Elnur Aslanovun komandasına daxil olan Strateji Araşdırmalar Mərkəzinin Fərhad Məmmədov və adı nurçularla əlaqədə olan digər hökumət təmsilçiləri “vurulacaq”.
Bu arada avropa.info saytı məlumat yayıb ki, Elnur Aslanovun nəzarətində olan bütün saytlar əlindən alınır. Məlumata görə, sabiq şöbə müdirinin kurasiyasında olunan Azərbaycan dilli saytlar Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətinə veriləcək. Keçmiş şöbə müdirinin nəzarətində olan rusdilli 1news.az saytı və “Baku Post” qəzeti isə Trend informasiya agentliyinin rəhbəri Ilqar Hüseynova veriləcək. Bütövlükdə isə eks-şöbə müdirinin kurasiyasında olan bütün mətbuat orqanlarına Əli Həsənov nəzarət edəcək.
Bu xəbərlə paralel olaraq “1News.az” informasiya agentliyinin və “Gun.az” internet portalının direktoru Rəhman Hacıyev rəhbərlik etdiyi media qurumlarından kənarlaşdırılacağı barədə məlumat yayılıb. Rəhman Hacıyev yayılan məlumatlara münasibət bildirib. O, publika.az-a açıqlamasında deyib: “Mən bu barədə eşitməmişəm. Bu cür məlumatlardan xəbərim yoxdur. Mən heç yerə çıxarılmamışam. Səhərdən işdəyəm, heç bir şey yoxdur. Əgər belə bir şey olsaydı, o zaman özüm deyərdim. Mənim Strateji Araşdırmalar Mərkəzinə də heç bir aidiyyatım yoxdur və olmayıb”.
Elnur Aslanovun yaxın adamı kimi tanınan Rəhman Hacıyev eyni zamanda “Bakinski raboçi” qəzetinin baş redaktorudur.
“Qafqazinfo” isə Elnur Aslanovun ən yaxın silahdaşlarından biri, eyni zamanda nurçuların əsas simalarından sayılan şəxslə bağlı ilginc məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağın Azərbaycanlı Icmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov da sözügedən şəbəkənin əsas fiqurlarından sayılır. Hətta onun öz dilləri ilə desək daha üstün “şərəfə” nail olduğu bildirilir. Belə ki, Orxan Əkbərov Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Azərbaycan Amerika Alyansı”nın hələ 2012-ci ildə Vaşinqtonda təşkil etdiyi şam yeməyində iştirak etmək üçün bu ölkəyə səfər edib. Həmin vaxt Orxan Əkbərov tədbirdə aradan çıxaraq bir neçə gün tapılmayıb. Onun yeri ilə maraqlananda məlum olub ki, Əkbərov öz hocası ilə görüşmək üçün itib. Onun həmin vaxt Fətullah Gülənlə görüşdüyünü və bir çox məsələlərdə məsləhət aldığını sübut edən dəlillər var.
Məlumatla bağlı araşdırma apararkən maraqlı məqamlar ortaya çıxıb. Belə ki, məlum olub ki, Orxan Əkbərov həm də başıbəlalı ASAIF-in həmtəsisçisidir. Hansı ki, bu təşkilatın mətbuatda “qanadlı oğlan” kimi təqdim olunan sədri Ramin Hakimovun Berlində “Yeni Yanaşmalar və Yeni Imkanlar” mövzusunda forumu etirazlara səbəb olduğu üçün təxirə salınıb. Daha doğrusu tədbirin vaxtı və təşkilatçıları dəyişdirilib.
Məsələ ilə bağlı Orxan Əkbərov “Qafqazinfo”ya zəng vuraraq mövqeyini açıqlayıb. O bildirib ki, həqiqətən də iki il əvvəl ABŞ-da təşkil olunan sözügedən tədbirdə iştirak edib, lakin tədbirin yarısından xəbərdə deyildiyi kimi aradan çıxmayıb: “Mən o tədbirdə iştirak etmişəm, buna görə şərəf duyuram. Ancaq Fətullah Gülənlə görüşməmişəm. Ümumiyyətlə, mənə elə gəlir ki, Fətullah Gülən real varlıq deyil. Onun haqqında o qədər danışırlar ki, reallıqda belə bir insanın olduğuna inanmıram”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5189