Elnur Aslanovun kod adı Əbu Ömər, gəmisini kimlər tərk edər…
19.03.2014 - 10:37
Elnur Aslanovun kod adı Əbu Ömər, gəmisini kimlər tərk edər…

“Əbu Ömər” Azərbaycanda daha hansı məmurları himayə edib; AzTV niyə prezident sərəncamlarını efirə verməyib; hər gün yeni bir sensasiya ortaya çıxır…
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən azad edilməsi ilə Azərbaycandakı nurçu şəbəkənin başsız qalması ötən gün həm Azərbaycan, həm də Türkiyə mediasının əsas mövzularından olub. Türkiyə mediası xəbəri “Əliyev Gülənin Azərbaycandakı imamını işdən çıxardı” başlığı ilə verib.
Nurçu şəbəkənin Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanın birbaşa göstərişi ilə vurulmasını martın 18-də onun İlham Əliyevə zəng etməsi də təsdiq edir. İnformasiyalı qaynaqların yaydığı xəbərə görə, Rəcəb Tayyib Ərdoğan telefon söhbətində Fətullah Gülənin əsas adamının önəmli postdan uzaqlaşdırılmasından məmnunluğunu bildirib və İlham Əliyevdən Azərbaycandakı bütün nurçu şəbəkənin ləğvini istəyib.
Nurçuların Azərbaycan şəbəkəsinin başında dayanan şəxsin vurulması ilə şəbəkə haqqında xeyli ilginc informasiyalar da aşkara çıxıb. Onlardan ən çox diqqət çəkəni Elnur Aslanovun işdən çıxarılması haqqında prezident sərəncamının AzTV-də səsləndirilməməsi olub. Bu, İlham Əliyevin AzTV-dən səslənməyən ilk sərəncamıdır desək, yanılmarıq. Onun ölkəyə rəhbərlik etdiyi 10 ildən artıq dönəmdə belə bir olay yaşanmayıb. Ölkədə zəlzələ olsa belə, AzTV üçün öncəlik prezident İlham Əliyevin fərman və sərəncamları, qatıldığı tədbirlərdə olub.
Elnur Aslanovun işdən çıxarılması haqqında sərəncamı və bundan sonrakı gəlişmələri 1 news.az, gün.az, oxu.az, “Paku Post” da çap etməyib. Adı çəkilən media quruluşlarının mövqeyi anlaşılandır – onların hamısı Elnur Aslanovun himayəsi altındadır. AzTV-nin bu saytlarla eyni səfdə yer alması isə bir sıra suallar yaradır. İnanırıq ki, yaxın gələcəkdə AzTV-nin rəhbəri Arif Alışanovun belə bir göstərişi haradan almasına aydınlıq gələcək.
E.Aslanovun dövlət himayəsindən rəsmən məhrum edilməsindən dərhal sonra ən yaxın çevrəsindəki şəxslər də dağılışmağa başlayıb. Məsələn, “Bakinskiy Raboçiy” qəzetinin
baş redaktoru Rəhman Hacıyev publika.az-a açıqlamasında az qala Elnur Aslanov adlı adam tanımadığını deyib. Rəhman Hacıyev işdən çıxarılması haqqında xəbərlərin də doğru olmadığını bildirib: “Mən bu barədə eşitməmişəm. Bu cür məlumatlardan xəbərim yoxdur. Mən heç yerə çıxarılmamışam. Səhərdən işdəyəm, heç bir şey yoxdur. Əgər belə bir şey olsaydı, o zaman özüm deyərdim. Mənim prezident yanında Strateji Araşdırmalar Mərkəzinə də heç bir aidiyyatım yoxdur və olmayıb. Mənim SAM-la heç bir əlaqəm yoxdur”.
Faktlar isə Rəhman Hacıyevi təkzib edir. Onun Elnur Aslanovun, Fərhad Məmmədovun ən yaxın çevrəsindəki şəxslərdən biri olmasını çoxları bilir. Rəhman Hacıyevlə illərdir Fərhad Məmmədovla ailəvi dostdurlar. Bakının mərkəzindəki “Sultan`s”, “Mantı House” restoranlar onların az qala hər gün nahar etdikləri məkanlardır. Elnur Aslanov isə onların nahar və şam yeməklərinin daimi qonaqlarındandır.
İnformasiyalı qaynaqlardan alınan xəbərlərə görə, Elnur Aslanov, Fərhad Məmmədov, Rəhman Hacıyev illər öncə “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun kapitanı, sonradan Milli Məclisə üzv olan Anar Məmmədxanovun vasitəsi ilə tanış olublar. Rəhman Hacıyev mediaya sığorta sektorundan gəlib. O, bir neçə il hakim ailəyə yaxın MBASK sığorta şirkətində çalışıb.
Rusdilli Rəhman Hacıyevin dini cərəyanlara meylliliyi də illər öncədən başlayıb. Yaxınlarının dediyinə görə, o, bir neçə il günorta namazlarını bir qayda olaraq İçəri Şəhərdəki Ləzgi Məscidində qılıb. Həmin məscid sələfilərin belə demək mümkünsə, nəzarətinə keçəndən sonra Rəhman Hacıyev oradan uzaqlaşıb.
Elnur Aslanovun işdən çıxarılması ilə onun indiyə qədər himayə etdiyi qurumların da taleyi sual altında düşüb. Adını çəkdiyimiz saytların ən qısa zamanda ən azı “əl dəyişdirəcəyi” şübhə doğurmur.
Ancaq Əbu Öməri ölkədə yalnız nurçu cameənin himayəçisi saymaq doğru olmaz. “Əbu Ömər” Elnur Aslanovun nurçular arasındakı kod adıdır. Daxili söhbətlərdə, xüsusən telefon danışıqlarında onu məhz belə adlandırırmışlar… Prezident Administrasiyasının şöbə müdiri postu təkcə bir cameəni himayədə, nəzarətdə saxlamaq üçün olduqca böyük məqamdır. Azərbaycan praktikası sübut etdir ki, bu cür önəmli postlarda əyləşən şəxslərlə sıx təmas qurmağa meylli xeyli iri məmurlar olur. İcra başçıları, komitə rəhbərləri, eyni zamanda iri biznes sahibləri Prezident Administrasiyasının şöbə müdirləri ilə sıcaq münasibətləri öz məqamlarının təhlükəsizliyinə təminat hesab edir. Elnur Aslanov gənc olsa da Prezident Administrasiyasında nə az, nə çox, düz 7 ilini keçirib. Böyük ehtimallar, onun himayəsində vəzifəli nurçularla yanaşı, nurçu olmayan vəzifəlilər də var.
Çevrəsindəkilərin sözlərinə görə, haqqında sərəncam çıxandan dərhal sonra Elnur Aslanov bir sıra bağlarından qurtulmaq dərdindədir. Bu məqam daha çox onun nəzarətində olan və illərlə milyonlar axıdılan QHT layihələrindəki “boşluqların doldurulması” ilə bağlıdır. E.Aslanova cinayət işi qaldırılması haqqında hələlik təsdiq edilməmiş xəbərlər də məhz buradan qaynaqlanır. Yoxlama var, ehtiyac olsa, cinayət işi də ola bilər.
İndi ən düşündürücü məqamlardan biri də bu posta kimin gətiriləcəyidir. Yeni kadrın kimliyi haqqında hələlik bilgi yoxdur. Ancaq şübhə doğurmayan bir məqam var – o, son aylarda hakim düşərgədə üstün mövqeyə sahib klanın üzvü olacaq.
Aygün Muradxanlı
Short URL: http://www.cumhuriyyet.net/?p=5193