Azərbaycanda gizli separatçı təşkilat yaranıb?
19.03.2014 - 12:12
Azərbaycanda gizli separatçı təşkilat yaranıb?

İrəvan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin dosenti, ötən ilin payızında bədnam separatçı Ələkrəm Hümbətovun Ermənistana və işğal altındakı Dağlıq Qarabağa səfərini təşkil edən Vardan Voskanyan Azərbaycanda talış separatizminin dəstəklənməsi ilə bağlı yeni planlardan danışıb.
Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, Vardan Voskanyan bu yaxınlarda Avropa Parlamentinin bir neçə deputatının təşəbbüsü ilə Brüsseldə keçirilən və milli azlıqlar məsələsinə həsr olunmuş konfransa “ilk dəfə bütün talış təşkilatlarının nümayəndələrinin dəvət olunduğunu” deyib.
Onun sözlərinə görə, həmin toplantıda “Talış milli hərəkatı” ilk dəfə “müstəqil talış dövləti”nin yaradılması planını elan edib. Həmin hərəkatın rəhbəri Ələkrəm Hümbətovdur.
“Bu xalq ilk dəfə yüksək Avropa tribunasından Azərbaycanın cənub-şərq bölgəsində müstəqil talış dövləti yaradılması arzusunu dilə gətirib” – deyə Voskanyan bildirib.
Erməni şərqşünas deyib ki, son il yarımda talışlar erməni təşkilatları və elmi-tədqiqat institutları ilə fəal əməkdaşlıq etməyə başlayıblar: “Talışlar erməni və İran məktəblərində talış tarixinə, mədəniyyətinə dair dərslərin keçilməsini, lobbi dəstəyi göstərilməsini xahiş edir”.
Daha sonra V.Voskanyan bildirib ki, bu günlərdə Azərbaycanda “Qafqaz farsları-tatlar” tərəfindən “Şirvan Azadlıq Cəbhəsi” adlı təşkilat yaradılıb.
“Bu təşkilat gizli fəaliyyət göstərəcək. Onun məqsədi Azərbaycan ərazisində Şirvan fars dövlətinin yaradılmasıdır” deyə Voskanyan əlavə edib…
Bəs İrəvan Dövlət Universitetinin Azərbaycanda yeni separatçılıq ocaqları yaratmaq üçün əldən-ayaqdan gedən dosenti nə sayıqlayır? Doğrudanmı Azərbaycanda belə gizli təşkilat yaradılıb və Voskanyan bu informasiyanı haradan alıb?
Virtualaz.org saytı internetdə axtarış aparanda üzə çıxarıb ki, doğrudan da üç gün əvvəl – martın 15-də facebook sosial şəbəkəsində naməlum istifadəçi tərəfindən “Şirvan Azadlıq Cəbhəsi” (“Cəbhə Azadi an Şirvan”) adlı təşkilatın bəyanatı yayılıb. Bəyanat Azərbaycan və rus dillərindədir. Onu yayan şəxs “bütün talış bacı və qardaşlara” müraciət edərək bəyanatın digər istifadəçilərə paylanmasını xahiş edir.
Həmin facebook hesabından həmçinin “Şirvan Azadlıq Cəbhəsi”nin emblemi də yayılıb. Bəyanatı bu linkdən də yayıblar.
Özlərini “parsi” millətinin nümayəndələri adlandıran müəlliflər “talış bacı və qardaşlar”a müraciət edir, “parsi millətinin Şirvanşah dövləti şəklində min illik dövlət ənənələri”ni nəzərə alaraq “Şirvan Azadlıq Cəbhəsi” yaradıldığını elan edirlər. Bəyan edilir ki, “Şirvan Azadlıq Cəbhəsi”nin bütün şöbələri Kiçik Qəfqaz dağlarından Abşerona qədər yaxın vaxtlarda öz fəaliyyətini və mübarizəsini başlanğıc dövründə gizli şəraitdə başlayacaq”. Burada əsas məqsədləri də odur ki, “parsi millətinin öz vətəninə – Şirvana tarixi, mədəni və iqtisadi hüquqları tanınsın; parsi milləti üçün “tat” və “dağlı” təhqiramiz adının yerinə “parsi” adı tanınsın; parsi millətinin dil hüquqları tanınsın; bütün Şirvan ərazisində parsi dilinə əsas dövlət dili hüquqi statusu verilsin; ümumparsi milli-azadlıq hərəkəti təşkil edilsin, gələcəkdə Şirvan Parsi Respublikası şəklində Şirvanın Parsi dövləti yaradıslın” və s.
Virtualaz.org saytı araşdırıb ki, bəyanatı yayan istifadəçi isə həmin facebook hesabını (https://www.facebook…98260706934880/) artıq bağlayıb. Açıq-aydın görünür ki, bu separatçı təşkilatın yaradılması (əgər doğrudan da belə fakt varsa) Ermənistan xüsusi xidmət orqanlarının və bəzi digər xarici kəşfiyyatların işidir. Çünki Ermənistan və Azərbaycana qarşı etnik separatçılıq kartından istifadə etməyə çalışan digər dövlətlər son illər bu istiqamətdə fəallaşıblar.
Bu baxımdan Azərbaycan xüsusi xidmət orqanlarının İrəvan Dövlət Universitetinin dosenti V.Voskanyanın bəhs etdiyi və sosial şəbəkələrdə bəyanatı yayılan həmin təşkilatla bağlı təcili araşdırma aparması məqsədəuyğun olardı.
Əgər belə bir təşkilat yaranmayıbsa belə sosial şəbəkələrdə dövlətçiliyin əsaslarına qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlar yayan şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır. (virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=5200