Məhbus ailələri Novruz Bayramını necə qarşılayacaqlar?

19.03.2014 - 16:23

Məhbus ailələri Novruz Bayramını necə qarşılayacaqlar?

Azərbaycanda xeyli sayda siyasi məhbuslar var. Onların bəziləri artıq illərdir ki, bayramları həbsxanada qarşılayırlar. Bəs, bu il Novruz bayramını siyasi məhbuslar və ailələri necə qeyd edəcək? 
 
Siyasi və vicdan məhbuslarının bir neçəsinin ailələri ilə əlaqə saxlayıb, onlara Novruz bayramını necə qeyd edəcəkləri ilə bağlı sual ünvanladıq. Onların bəziləri belə həssas bir gündə bayram etməyəcəklərini, bəziləri də bayramı həbsxanada doğmalarıyla görüşməklə qeyd edəcəklərini dedi. 
“NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, vicdan məhbusu Rəşadət Axundovun ailəsindən Novruz bayramı ərəfəsində görüşə gedəcəklərini bildirdilər: “Hər həftə görüşə gedirik, bayram həftəsində də gedəcəyik. Amma düzünü desəm, uşaqlıqdan bəri Novruz bayramını sevmədiyim üçün heç vaxt xüsusi olaraq, qeyd etməyi sevmirəm. Bu il də bir fərqlilik olmayacaq, o barədə…”
Digər “NİDA”-çı, vicdan məhbusu Zaur Qurbanlının anası Səkinə Qurbanlı Zaursuz Yeni il bayramını qeyd etmədikləri kimi, Novruz bayramını da qeyd etməyəcəklərini dedi: “Bayram ərəfəsində Zaurla görüşə gedəcəyik. Ancaq görüşümüz şüşə arxasında olduğu üçün heç bayramı onunla da qeyd edə bilməyəcəyik. Bir də ki, nə bayram..? Bizə bayram düşmür”.
Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqubludan da fikrini soruşduq: “Tofiqsiz necə bayram keçirmək olar? Artıq ikinci ildir ki, Novruz bayramını Tofiqsiz qeyd edirik. Bu, ailəmiz üçün çox üzücüdür. Bayramda oğlumla qızım Tofiqlə görüşəcəklər. Mən xəstə olduğum üçün gedə bilməyəcəm. Nigar isə hələ məhkum olduğu üçün Bakıdan çıxmağına icazə yoxdur. Ümid edirəm ki, gələn il nəinki Novruz bayramını, bütün bayramları ailə olaraq, hamımız bir yerdə qeyd edərik”.
Müsavat Partiyası başqanının həbsdə olan müşaviri, vicdan məhbusu Yadigar Sadıqlının anası Gövhər Sadıqlı isə bayram ərəfəsində oğlu ilə görüşə bilməyəcəkləri üçün təəssüflədiyini bildirdi: “Axrıncı dəfə martın 9-da Yadigarla görüşmüşəm. Biz özümüz Lənkəranda qaldığımız üçün hər dəfə gedib-gəlmək imkanımız olmur. Novruz bayramı ərəfəsində də təəssüflər olsun ki, görüşə bilməyəcəyik. Bizim əvəzimizə yaxın dostları görüşəcək. Onu da deyim ki, Yadigarsız bayramı qeyd etmək bizim üçün çox çətindir”.
 
MTN-nin təcridxanasında saxlanılan jurnalist Pərviz Həşimlinin qardaşı Şamo Həşimov bayramı həbsdə olan qardaşının evində keçirəcəklərini dedi: “Biz qərara aldıq ki, Novruz bayramını MTN-nin hücum etdiyi Pərvizin evində keçirək. Pərviz həbs olunandan o evdə yaşanılmır. Bayramı o evdə keçirməyi planlaşdırırıq”.
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı onun həbsindən bu günə qədər heç bir bayramı, ad gününü qeyd etmədiklərini dedi: “Bizdə görüş üç aydan bir olur. Görüşün vaxtı çatmayanda görüş vermirlər. Növbəti görüş təxminin iki ay yarımdan sonra olacaq. Ona görə də, Novruz bayramı ərəfəsində biz Nemətlə görüşə bilməyəcəyik. Nemət tutulandan bayram da qeyd etmirik. Nəyi qeyd edəcəyik ki..? Hansı günün bayramını qeyd edəcəyik? Uşaqlar hərəsi öz məktəbində qeyd edirlər. Bu qədər… Bizim evimizdə bayram olmur. Bayram hələlik harınlamış, müftə yeyənlər üçündür.  Qoy, bayram etsinlər. Bir gün də biz bayram edərik, onlar matəm edər. İndi bizim üçün matəmdir, bayram etmirik. Bizim uşaqlarımızın gözü yollarda qalıb. Uşağım hər gün atasının nə vaxt gələcəyini soruşur. Mən ona nə bayram edim? Nə ad günü qeyd etmirik, nə də bayram…”
 
“Xural” qəzetinin baş redaktoru, siyasi məhbus Əvəz Zeynallının xanımı Məlahət Zeynallı Əvəz bəy olmadan heç bir bayram keçirməyəcəyini dedi: “Əvəz bəyi bu yaxınlarda Bakı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə  köçürüblər. Ona görə də, hələ danışıb, əlaqə saxlaya bilməmişik ki, nəyi, necə edək? Hələ heç bir şeydən məlumatımız yoxdur. Amma artıq üçüncü ildir ki, mən bayram keçirtmirəm. Yəni Əvəz bəy olmadan keçirtməmişəm”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031