Elxan Süleymanovun qəzəbi…
19.03.2014 - 16:34
Elxan Süleymanovun qəzəbi…

Avropalı siyasətçilərin “damaq dadı”nı dəyişdirə bilən şəxs “demokratiya ağsaqqalları”na dərs keçməyə cəhd göstərdi
Avronest Parlament Assambleyasının vitse-prezidenti Elxan Süleymanov Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozoya, Aİ Şurasının Prezidenti Herman Van Rompuya, Avropa Parlamentinin Prezidenti Martin Şultsa, AŞPA Prezidenti xanım Anne Brasseura, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda, AVRONEST PA həmprezidentləri Yevgeni Kirilova və Boris Tarasyuka müraciət edib. Müraciətdə Ukraynada Respublikasında hökm sürən vəziyyətdən bəhs edilir.
Müraciətdə bildirilir ki, Ukrayna böhranı ilə bağlı baş verən hadisələr Avropa İttifaqının Aİ-nin Şərq Tərəfdaşlığındakı ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı belə qeyri-qanuni hücumlarla bağlı rəftarında güclü uyğunsuzluqları üzə çıxardır.
“Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab edirəm. Bəs nə üçün Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı eyni xarakterli tədbir və bəyannamələri dəstəkləmir?”, – deyə müraciətdə vurğulanır.
Adıçəkilən müraciət əlbəttə ki təqdirəlayiq haldır. Lakin bu sözləri adı dəfələrlə “kürü diplomatiyası”nda hallanan bir şəxsin söyləməsi anlaşılan deyil. Avropa siyasətçilərini bahalı hədiyyələrlə satın aldığı barədə məlumatlar dolaşan bir simanın müraciətində nə dərəcədə səmimi olması sual doğurur.
Ən müxtəlif məlumatlara görə, E. Süleymanov Azərbaycanın Avropadakı səfirlərini idarə edən başlıca fiqurdur və bu səbəbdən də rüşvət qalmaqallarında daima məhz E. Süleymanovun adı hallanır. Elə bu səbəbdən də E.Süleymanov “kürü diplomatiyasının” ən aparıcı simalarından biri olması barədə məlumatlar nüfuzlu Qərb mətbuatında da dolaşmaqdadır. E. Süleymanovun özünə bu qədər arxayın olmasının səbəbləri də mövcuddur.
Lakin E. Süleymanovu yaxşı tanıyan Qərb siyasətçilərinin belə bir simanın onlara “əxlaq dərsi” keçməsinə ironiya ilə yanaşacaqlarını təxmin etmək də mümkündür. Fəqət görünür “kürü dadı” avropalıları dözümlü olmağa vadar edir.
Bir məsələyə də diqqət yetirmək lazım gəlir. 73 yaşlı oliqarx E. Süleymanovun “kürü diplomatiyası” ona gətirib çıxartdı ki, Azərbaycan hakimiyyətinin adı Qərb mətbuatında korrupsiyaya uğramış iqtidar kimi hallanmağa başladı. Bu baxımdan, öz ölkəsinin imicini ləkələyən bir şəxsin AVRONEST rəhbərliyini ittiham etməsi, onların qarşısında tələblərlə çıxış etməsi gülüş doğurur.
E. Süleymanov “kürü diplomatiyası” ilə avropalı siyasətçilərin “damaq dadı”nı dəyişdirə bilən bir şəxsdir. Avropa Parlamentinin Azərbaycanda keçirilən prezident seçkiləri barəsində dediyi fikri və çıxardığı rəyi 180 dərəcə dəyişdirə bilən E. Süleymanov artıq avropalıları da şantaj etməyə başlayıb. Xatırladaq ki, Avropa Parlamenti Azərbaycandakı son prezident seçkiləri ilə bağlı verdiyi rəyi bir neçə gündən sonra dəyişməli oldu. Bu məsələdə E. Süleymanovun “kürü diplomatiyası”nın önəmli rolu olduğu bildirilir.
Prinsip etibarilə, Avropa Parlamentinin E.Süleymanovun müraciətinə kəskin reaksiya verəcəyini də gözləmək mümkün deyil. Bu qurum seçki barədə rəyini geri götürməklə özünün imicini onsuz da bərk zədələyib.
E. Süleymanovun müraciətinin pərdəarxası da maraqlıdır. Seçkidən dərhal sonra Avropa Parlamentinin sədri Martin Şultsa sərt məktub ünvanlayan E. Süleymanov bu qurumu “Azərbaycanda təxribat törətmək, ölkəni Liviya, Suriyaya çevirmək cəhdində” ittiham edirdi.
O zaman E. Süleymanov Avropa Parlamentini şantaj edir və Bakının Assambleyasındakı fəaliyyətini dayandıra biləcəyini açıqlayırdı. Bu dəfə “kürü diplomatiyası”nın “xaç atası”nın hansı tələbdə bulunduğu sirr olaraq qalır. Lakin bir həqiqət təkzibedilməzdir – Avropa Parlamenti E. Süleymanovun “kürü diplomatiyası”nın əsirinə çevrilib. 73 yaşlı oliqarx isə bundan məharətlə istifadə edir…
Short URL: http://www.cumhuriyyet.net/?p=5211