Jirinovski Kremlin Qarabağ planını açıb?
20.03.2014 - 10:13
Jirinovski Kremlin Qarabağ planını açıb?

Eldar Namazov: “Onun verdiyi bəyanatlar bir müddət keçdikdən sonra Rusiyanın rəsmi siyasətinə çevrilir”; Ziyafət Əsgərov: “Bu adamın sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün olmazdı”
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Krımı Ukraynadan ayırması digər keçmiş sovet respublikalarında da narahatlıq yaradıb. Bir sıra siyasilər, politoloqlar Rusiyanın Krımla kifayətlənməyəcəyi, digər keçmiş SSRİ respublikalarına da hansısa şəkildə müdaxilə edəcəyi, xüsusən də separatizmdən əziyyət çəkən Azərbaycan, Moldova kimi respublikalara qarşı hərəkətə keçəcəyini düşünürlər.
Belə bir vəziyyətdə Rusiya Dumasının vitse-spikeri Vladimir Jirinovskinin keçmiş sovetlər ərazisində yaşayan bir çox xalqların, eləcə də Azərbaycan xalqının milli mənliyini aşağılayan, onların milli kimliyini şübhə altına salan ifadələr işlətməsi, “Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” bəyanatını verməsi isə narahatlığı daha da artırıb.
Bu mövzuda “Yeni Müsavat”a açıqlamasında EL hərəkatının sədri Eldar Namazov Vladimir Jirinovskinin bəyanatının gözardı edilməməsinin vacibliyini bildirdi. Onun fikrincə, Rusiya Moldovada Dnestryanı problemi, Azərbaycanda Dağlıq Qarabağ problemi istiqamətində çox təxribatçı addımlar ata bilər ki, həm Qərbə təzyiqi artırsın, həm də diqqəti Ukraynadan bir qədər yayındırsın.
Vladimir Jirinovskinin verdiyi son bəyanatları təsadüfi saymaq olmaz: “Jirinovskinin Dnestryanı ərazinin və Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinin vacibliyini bəyan etməsinin arxasında Kremlin planlarının dayanması ehtimalı istisna edilməməlidir. Bəzi insanlar Jirinovskini qeyri-ciddi adam, onun fikrilərini qeyri-ciddi fikirlər hesab etsələr də, mən əminəm ki, o, Kremllə razılaşdırmamış heç bir bu cür bəyanat vermir və verə bilməz. Əslində Valdimir Jirinovskinin bu bəyanatları Kremlin Azərbaycana və digər sovet respublikalarına təzyiqi kimi qəbul edilməlidir. Diqqətli müşahidəçilər bilir ki, Jirinovskinin verdiyi bəyanatlar bir müddət keçdikdən sonra Rusiyanın rəsmi siyasətinə çevrilir. Bütün bunları nəzərə alaraq düşünmək olar ki, onun indi “Rusiya Dağlıq Qarabağı özünə birləşdirməlidir” bəyanatı gələcək təhlükənin anonsudur, Kremlin gizli planının işartısıdır. Ona görə də Azərbaycan dövləti bu bəyanatı gözardı etməməlidir və müəyyən gərəkən addımları indidən atmalıdır”.
Qeyd edək ki, siyasi təşkilatlardan ADP srağagün Azərbaycan hakimiyyətini sərsəm, ağıldan kəm bu Rusiya yetkilisinin – Jirinovskinin haqqında ölçü götürülməsi üçün adıçəkilən ölkənin hakimiyyət orqanları qarşısında məsələ qaldırmağa, onu respublikamız üçün arzu olunmaz şəxs elan etməyə çağırıb.
Artıq hakimiyyətdən də V.Jirinovskinin Azərbaycanı və Azərbaycan xalqını təhqir etməsinə sərt münasibət bildirilib. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərovun adından yayılan xüsusi bəyanatda deyilib ki, artıq neçənci dəfədir Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir. Təəssüf ki, xəstə və təlxək Jirinovskinin bu cür sərsəmləmələrinin qarşısı Rusiya tərəfindən alınmır: “Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi dairələrində, elə bizdə də bəzən deyirlər ki, Jirinovskinin fikirləri “dəli sayıqlamalarıdır, Rusiyanın mövqeyini ifadə etmir, əhəmiyyət vermək lazım deyil və s”. Amma bu da gerçəklikdir ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan “ritorikası”nın qarşısı alınmır. Bu da ciddi təəssüf doğurmaqla bərabər, həm də düşündürücüdür. Jirinovskinin son “çıxışı” beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır.
Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün olmazdı.
Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir.
Bununla belə, Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə dur deməyin vaxtı çoxdan çatıb”. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=5213