"Galendevagen"li 2 məmur oğluna fərqli münasibətin səbəbi nədir?
20.03.2014 - 10:31
“Galendevagen”li 2 məmur oğluna fərqli münasibətin səbəbi nədir?

Mübariz Mədətovun oğlu həbs edilir, Ayaz Orucovun oğlu isə bu gün də əlində tapança azadlıqda gəzir…
Martın 15-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55” markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin olduğu və oğlunun idarə etdiyi “VAZ-2106” markalı maşını vurdu. Nəticədə xalq artistinin həyat yoldaşı və azyaşlı nəvəsi dünyasını dəyişdi. Məlum oldu ki, sədr müavininin oğlu qəza zamanı içkili olub. 2 gün sonra prezident sərəncamı ilə Mübariz Mədətov vəzifəsindən azad edildi, oğlu isə tutuldu.
Bu hadisə qudurğanlıq etmiş daha bir məmur oğlunun hərəkətini yenidən gündəmə gətirir.
Sədr müavininin oğlu bu olayı törətməzdən cəmi 6 gün əvvəl deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun şəhərin ortasında 2 qadının olduğu maşını odlu silahdan atəşə tutduğu üzə çıxmışdı. “Yeni Müsavat”ın 6 mart 2014-cü il tarixli sayında “Deputatımızın oğlu 2 qadına 8 güllə atdı” sərlövhəli manşetdən yazı dərc olunmuşdu. Həmin yazıda atəşə tutulan maşında olmuş və möcüzə nəticəsində sağ qalan qadınlardan biri Aynurə Novruz qızı Cəfərova başına gələnlərdən söhbət açırdı. Zərəçəkən demişdi ki, hadisə 2013-cü il noyabrın 13-dən 14-nə keçən gecə baş verib.
Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galendevagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Qadınların olduğu “Nissan Juke” şəhərin ortasında saat yarım güllə atəşi altında təqib olunub. Mübariz Mədətovun da, Ayaz Orucovun da oğlunu birləşdirən ümumi cəhətlər var – hər iki oğul-bala baş vermiş hadisələr zamanı qiyməti bir neçə yüz min manatla ölçülən “Mercedes Galendevagen”də olublar. Hər iki maşının nömrə nişanının qiymətinə 2 “VAZ” markalı maşın almaq olar.
Bəs deputatla sədr müavininin oğlu arasında fərq nədədir? Niyə Mübariz Mədətovun oğlu həbs edilir, Ayaz Orucovun oğlu isə bu gün də əlində tapança azadlıqda gəzir? Niyə Mübariz Mədətov işdən qovulur, Ayaz Orucov isə hələ də deputatdır?
Hər halda, bunlar cavabını gözləyən suallardır…
Short URL: http://www.cumhuriyyet.net/?p=5215