Hər halda qondarma "gül bayramı" deyil Novruz…

20.03.2014 - 13:18

Ölkəmizdə əski Novruz ovqatının qalmadığı şübhəsizdir. Hər yanda
haqsızlıq, səfalət, oğurluq və yalan at oynadır. Yaddaşlarda bayram
tonqalı yox, insanların özünü yandırması dolaşır. Novruzun yenə də
bayram kimi qala bilməsinin bəlkə də yeganə səbəbi odur ki, o,
Hacıbalanın gül bayramı kimi qondarma, saxta bayram deyil. Buna görə də
kosaya, keçələ, şəkərbura sevdasına və bu bayrama aid heç nəyə gülməyin.
Kosadan və keçəldən betərlər dörd tərəfdən bu ölkənin canına daraşıb,
bizə başbilənlik edirlər. Hər şeyi tərs göstərən elə budur. Hər şeyi pis
edən elə budur.

Bənövşələrin daş dibindən boylanması özlüyündə mənim üçün də ciddi
bir hadisə deyil və həmişə belə olub. Ürəkdə fərəh və bahar olmayandan
sonra çox da güllər açsın, bahar gəlsin, günəş çıxsın. Ürək açılmayınca
onlar, sadəcə, təbiət hadisəsi, bitkilərin boy atması, dövr edən fiziki
olaylardır. Yeri gəlsə, Hacıbala qışda da Bakını güllərə bürüyə bilər.
Gül bayramı da düzəltdilər, amma biz o güllərə sevinmədik. Təbiətin
oyanışı da qəlbin çağlaması ilə üst-üstə düşməlidir və biz o gözəlliyi
hiss etməliyik. 

Son illərdə hərdən mən bayram günlərində adi günlərdə olduğundan daha
çox kədərli oluram. Novruzun əziz bayram olduğunu bilə-bilə. Onun
günahsız olduğunu bilə-bilə. Xüsusən də görəndə ki, biz Novruz bayramı
ərəfəsində çoxlu yalanlar danışırıq. Təbiətdə baş verənləri şişirdir və
onu öz həyatımız kimi təqdim edirik. Deyirik: bahar öz gəlişi ilə hər
şeyi yeniləyir, təbiət canlanır, oyanış baş verir. Yaxşı da bilirik ki,
təbiətin dəyişməsinin, canlanmasının, gözəlləşməsinin bizim həyatımıza
dəxli yoxdur. Bizim həyatımız yaxşılaşmır, dəyişmir. Və burada bizim
böyük günahımız var. Biz bahar ola bilmirik, biz oyana bilmirik….

Amma dostlar, bütün hallarda Novruz özünün gerçək bayramlığını
saxlaya bilir bizim üçün, bütün hallarda bizim üçün məna kəsb edir.
Gəlin etiraf edək ki, ən çətin günlərdə belə bu bayramın üz güldürən bir
tərəfi var. Heç olmasa uşaqlıq xatirələri bizi bayramlıq ovqata sala
bilir. Ata-anamız o bayramların bizə əziz və dadlı olması üçün nələr
etməzdi?! Mənim üçün Novruz bayramı həmişə ata-anamın sevgisi deməkdir.
Mən həmin gün uşaqlığa asanlıqla qayıda bilirəm və bu, olduqca gözəl
hisslər deməkdir.

Bəzən özümüzü qul kimi hiss edir və hətta sevinməyə haqqımızın
olmadığına qərar verə bilirik. Amma onu da bilirik ki, bir kərə yüksələn
bayraq başımızın üstündə bir daha azad yellənəcəyi kimi, Novruz da bir
daha öz bayram təntənəsinə qayıda biləcək. Onda biz də övladlarımıza
ürək dolusu bayram yaşada biləcəyik. 

Yada düşəndə ki, ölkənin çox dəyərli insanları bu bayramı həbsxanada
qarşılayır, ovqatımız daha da təlx olur. Amma başqa bir baxış bucağı
seçin. Düşünün ki, heç nəyə baxmayaraq bu ölkənin həqiqi bayram sevinci
yaşaya bilməsi üçün, onun hər gününü bayramsayağı etmək üçün həbsxanaya
düşməkdən çəkinməyən igid insanlar var, onda bəlkə də bayram tonqalının
ən gur yerindən tullanmaq istəyəcəksiniz. 

Üzünüz gülsün, dostlar, üzümüzü güldürəcək insanlar var bu ölkədə!
Onlar ən çətin günlərə sinə gərir, onların doğmaları ən çətin günləri
aşır, gəlin onların bayramı sayaq bu Novruzu! Novruz ovqatı yoxdur
deyəndə, hesab edək ki, Novruzu da bu rejim həbs edib. Hesab edək ki,
Novruz dünyanın ən gənc siyasi məhbusu Şahin Novruzludur. Hesab edək ki,
Şahin kimi məhbuslardır Novruz. Hesab edək ki, Novruz da onlar kimi
igiddir və bizim üzümüzü daha çox güldürə bilər, sadəcə, indi həbsdədir.

Ümid edək ki, bu ölkəyə təkcə astronomik bahar yox, tezliklə
Azərbaycan baharı da gələcək. Azərbaycan da oyanacaq və hamının üzü
güləcək.

 

 

Üzünüz gülsün, dostlar!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5224

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930