OMON-un məhvi Ter-Petrosyanla razılaşdırılmışdı
17 mart hadisələrinin gizlinləri “Yeni
Cumhuriyyət”də
“Ssenari üzrə nəzərdə tutulanlar martın
17-də Bakıda başlandı və nəzərdə tutulduğuna görə bu hadisələr xüsusi
qəddarlığına görə Qazaxda və Ağstafada baş verənlərdən daha sərt olmalı idi”
17 mart hadisələrinin gizlinləri “Yeni
Cumhuriyyət”də
“Ssenari üzrə nəzərdə tutulanlar martın
17-də Bakıda başlandı və nəzərdə tutulduğuna görə bu hadisələr xüsusi
qəddarlığına görə Qazaxda və Ağstafada baş verənlərdən daha sərt olmalı idi”
1995-ci ilin qanlı mart hadisələrinin ildönümü ərəfəsindəyik. “Yeni Cumhuriyyət” olaraq bu tarixin
üzərinə işıq salmaq, hadisələrin gerçək tərəflərini oxuculara çatdırmaq üçün o
zaman proseslərin içində olan Qarabağ müharibəsi qəhrəmanı, polkovnik İsa
Sadıqovun xatirələrini ixtisarla diqqətinizə çatdırırıq:
Münaqişənin həlli üçün zəruri olan bütün tədbirləri atdim və münaqişə
artıq yoluna qoyulurdu. Amma hiss edirdim ki, bütün bunlar Bakını qətiyyən
təmin etmir və paytaxtda hakimiyyəti götürən çevrə münaqişənin həllində deyil,
onun dərinləşdirilməsində maraqlıdır. Elə həmin ərəfədə də OMON-un buraxılması
haqqında əmr imzalandı, cinayət işi açıldı, OMON-çular cinayətkar ünsürlər
adlandırıldı və sairə. Bütün bunlar isə situasiyanı daha da mürəkkəbləşdirirdi.
Bütün bunların nəyə gətirib çıxaracağını bilən Rövşən axşam Qazaxdan Bakıya
yollandı ki, Əliyevlə görüşüb məsələlərə aydınlıq gətirsin. Amma onun Əliyevlə
görüşmək üçün bütün cəhdləri nəticəsiz qaldı. Əliyev artıq onu gündəliyindən
çıxarmışdı, bütün proseslər onun ssenarisi üzrə davam edirdi. Hər halda bu ssenari üzrə
nəzərdə tutulanlar martın 17-də Bakıda başlandı və nəzərdə tutulduğuna görə bu
hadisələr xüsusi qəddarlığına görə Qazaxda və Ağstafada baş verənlərdən daha
sərt olmalı idi. Bu
hadisələr bütün hallarda baş verməli idi: diktator özünün bütün əzəmətini,
gücünü, imkanlarını öz düşmənlərinə göstərmək, onları vahiməyə salmaq üçün belə
bir ssenariyə kəskin ehtiyac duyurdu. Cəbhədə ermənilərə göstərilməsi gərək
olan, amma mümkün olmayan gücü içəridə, Azərbaycanda hakimiyyət, karyera,
hakimiyyət piramidası naminə nümayiş etdirmək lazım idi. O, Azərbaycanı özünün
xüsusi mülkiyyəti hesab edirdi və onu kiminləsə birlikdə idarə etmək niyyətində
deyildi. Bu, onun inamına hopmuşdu.
Əliyev OMON-çuların öldürülməsində israrlı idi
Martın
13-də günün sonuna doğru mən bir daha Əliyevə məruzə etdim ki, rayondakı bütün
inzibati hakimiyyət binaları nəzarət altındadır. Amma o məni dinləmək belə
istəmədi və tələb etdi ki, təcili olaraq əməliyyat hazırlayıb oradakı bütün
narazı qüvvələri məhv etmək lazımdır. Mən heyrətləndim, bir daha izah etmək
istədim ki, xüsusi əməliyyata heç bir ehtiyac yoxdur, situasiya tam nəzarət
altındadır, OMON rayondan çəkilərək Qazax və Ağstafa arasındakı “Cavanşir”
restoranında məskunlaşıb. Üstəlik, rayonda sıx əhali yaşayır, hər hansı xüsusi
əməliyyatın dəhşətli nəticələri ola bilər. Cavabında Əliyev bir daha xüsusi
təkidlə əmr etdi ki, heç bir izahatı dinləmək istəmir, dərhal xüsusi əməliyyat
hazırlamaq və həyata keçirmək lazımdır. Ətrafda olan hər kəs, o cümlədən Zahid
Dünyamalıyev və Fətulla Hüseynov da heyrətləndilər və onlar da hesab edirdilər
ki, hər hansı xüsusi hərbi əməliyyata heç bir ehtiyac yoxdur. Amma qrupun
rəhbəri mən idim və buna görə də onlar hamısı həm mənim vəziyyətimi başa düşür,
həm də nə qərar verəcəyimi gözləyirdilər. Hər yarım saatdan bir Əliyev zəng
edir və restorana sığınmış OMON-çuları məhv etmək üçün xüsusi əməliyyatın
təcili olaraq həyata keçirilməsini tələb edirdi. Bunun üçün müxtəlif
regionlardan Tovuza çoxlu sayda əlavə hərbi qüvvələr cəlb edilirdi. Əliyevin bu
tələskənliyi və operativliyi məni təəccübləndirirdi. O, çox tələsirdi.
Mən
Əliyevin növbəti zənginə cavab verərkən ona təkidlə izah etməyə çalışdım ki,
hadisə yerindən 4-5 kilometr aralıdan cəbhə xətti keçir, ermənilər buradakı
qarşıdurmadan sui-istifadə edib ərazidəki hakim yüksəklikləri ələ keçirə və
bütün region üçün təhlükə yarada bilərlər. Heydər Əliyev mənə dedi ki, o,
Petrosyana zəng edib OMON-a qarşı əməliyyat müddətində erməni hərbi
birləşmələrinin hərəkətə keçməməsini ondan xahiş edə bilər. 15 dəqiqə sonra, o,
mənə zəng edib dedi ki, Petrosyanın razılığı alınıb və OMON-a qarşı əməliyyata
başlamaq olar…
Bu əmri boykot etməklə məni nə gözlədiyini
bilirdim
Burada bir
qədər geriyə qayıtmaq istəyirəm. Martın 13-də mən Qazaxa getməkdən imtina edə
bilərdim və bu zaman Əliyev oraya Səfər Əbiyevi göndərərdi. Amma mən
razılaşdım, çünki Qazaxın hər qarış torpağı mənə tanış, əziz və doğma idi. Orada keçirdiyim
hərbi xidmət zamanı uşaqdan böyüyə hər kəs mənv etimadla yanaşıb, mənim döyüş
fəaliyyətimin ən çətin zamanları regionun bu ən ağır sınaq zamanları ilə bağlı
olub. Mən Qazaxa getməyə bilməzdim. Amma buraya gələndən sonra Əliyevin
niyyətini dərhal başa düşdüm və öz-özümə söz verdim ki, OMON-a qarşı hər hansı
əməliyyat ola bilməz və mən də bu əməliyyatda iştirak edə bilmərəm. OMON-la
birlikdə çiyin-çiyinə səngərlərdə oturub təhlükəsizliyini qoruduğumuz bu
regionda onların qanının axıdılmasına yol verə bilmərəm. Bu bir şərəf məsələsi
idi və mənim üçün hər hansı karyeradan müqayisəyə gəlməz dərəcədə dəyərli idi.
Bu əmrə qulaq asmamaqla məni nə gözlədiyini bilirdim və bütün bunlara hazır
idim. Hərçənd, mənə və ailəmə qarşı cinayətlərin miqyasının bu qədər nəhəng ola
biləcəyini təsəvvür etmirdim.
“Petrosyanla danışdıq…”
Heydər
Əliyevdən “Petrosyanla danışdıq və OMON-a qarşı əməliyyat barədə razılaşdıq”
sözlərini eşidən kimi mən qətiyyən tərəddüd etmədən maşına əyləşib birbaşa
“Cavanşir” restoranına getdim. Əməliyyata 2 saata qədər vaxt qalmışdı. Orada
mən OMON-çularla, Elçinlə görüşdüm. Onlara izah etdim ki, əməliyyat
hazırlanması barədə Heydər Əliyevin əmri var, burada OMON-u mühasirəyə alıb
məhv etmək mənə tapşırılıb, amma mən bunu etməyəcəyəm, arxa boşdur və onlar
çıxıb hara istəsələr gedə bilərlər. Mən onların gözlərinə baxdım. Onlar bir
yerdə, çiyin-çiyinə döyüş əməliyyatlarında olduğumuz zamanlarda olduğu kimi,
indi də məni başa düşürdülər. Onlar mənə nifrət etməli idilər, amma əksinə, həmişə
olduğu kimi “komandir” deyə sayğıyla müraciət edirdilər. Biz döyüş dostları
idik, mən dünyalar qədər sevdiyim, uğrunda canımı belə verməyə hazır olduğum
Vətənimin oğullarına güllə ata, onların qanını bu torpağa axıda bilməzdim. Mən
Azərbaycanda öz həmvətənlərimin qanını tökərək karyera qazanmaq naminə
deyildim, bu Vətəni qorumaq naminə idim. Onlar həmişə olduğu kimi həmin anlarda
da mənə inanır və güvənirdilər. Mən onlara, hətta onu da dedim ki, əməliyyata
saat neçədə başlayacağam. Heç nə demədən onlar mənim arxamca baxdılar. Onlardan
ayrılmaq çox çətin idi, onlarla bir yerdə qalmaq istəyirdim. Onlar mənə
bilavasitə tabeçiliyimdə olanlar qədər sevimli və doğma idilər.
Əməliyyat başlandı
Səhər
tezdən hərbi hissələrə vəzifələrini başa salaraq onları restorana doğru
istiqamət götürmək əmri verdim. Döyüşçülərin sifətindən görünürdü ki,
onlar bu əməliyyata getmək istəmirlər, bu, hamı üçün ağır idi, amma onlar nə
edəcəklərini bilirdilər. Bir az sonra mənə ön xətdən məlumat verdilər ki,
restoran azad edilib və OMON-çular Ağstafa-Qazax istiqamətində hərəkət edirlər.
Əlbəttə, mənim qərargahımda da MTN-in, prokurorluğun əməkdaşları, Heydər
Əliyevin adamları vardı və bu məlumatı eşidəndən sonra onlar tələb edirdilər
ki, geriyə çəkilən OMON-çuları salamat buraxmaq olmaz və artilleriyanı işə
salıb onları məhv etmək lazımdır. Onlar bunu Əliyevin adı ilə təkidlə tələb
edirdilər, amma mən onlara qulaq asmayıb sakitcə özümün lazım bildiyim şəkildə
hərəkət edirdim. Onları görməmək və eşitməmək üçün biz, Zahid Dünyamalıyev və
Fətulla Hüseynov, birlikdə maşına əyləşib arxadakı hərbi birləşmələrə doğru
getdik. Qazaxa yetişəndə mənə məlumat verdilər ki, nə OMON, nə də mənim
döyüşçülərimin arasında yaralanan və həlak olan var. Bunu mən hər şeydən artıq
gözləyirdim və daxilən çox rahat idim.
“Əməliyyatı belə
keçirərlər!“
Qazaxa çatan kimi Əliyev mənə zəng etdi və əməliyyat barədə
məruzə etməyimi istədi. Mən cavab verdim ki, əməliyyat hələ davam edir və mən
bir qədər sonra məlumat verərəm. O, çox sakit şəkildə itkilər barədə soruşdu,
mən də eyni sakitliklə itkilərin olmadığı barədə məlumat verdim. Bu məqamda
onun qoca əsəbləri davam gətirmədi, qışqırdı: “O nə koridordu, siz orada OMON-a
veribsiniz?”! Görünür, burada baş verənlər haqqında ona ətraflı məlumatlar
verirdilər. Mən sakitcə ona bildirdim ki, heç bir koridor-filan yoxdur və mən
hərbçi olaraq tərtib etdiyim plan üzrə əməliyyat keçirirəm. Bundan sonra, ta
mart ayının 17-nə qədər o mənə zəng etmədi, mənimlə əlaqə saxlamadı. Yalnız
martın 17-də axşam o mənə zəng edərək Bakıda keçirilən əməliyyat barədə
xəbərimin olub-olmadığını soruşdu. Cavab verdim ki, bəzi məlumatlarım var. O da
dedi ki, “bax, əməliyyatı bu cür keçirmək lazımdır”.
(ardı
var)
Short URL: http://www.cumhuriyyet.net/?p=5232