Fərhad və Rafiq Əliyev qardaşları azadlığını necə satın alıb?
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun
biznesmen qardaşı Rafiq Əliyev azadlığa çıxmaq üçün Avropadakı lobbi
firmalarından biri ilə vəkilləri vasitəsilə müqavilə bağlayıbmış. Bu barədə virtualaz.org saytına keçmiş nazirə yaxın
qaynaqlardan məlum olub. Məlumata görə, söhbət “Alber & Geiger” adlı
lobbi və hüquq firmasından gedir. Keçmiş nazirin və qardaşının bu firma
ilə bağladığı müqavilənin məbləği bəlli deyil.
Şirkətin saytında da bu barədə məlumat yoxdur. Çünki müştərilərin
adları və sifarişlər, habelə müqavilənin dəyəri qapalı məlumatlar
sırasına aid edilir.
Bununla belə müqavilənin məğzinin Əliyev qardaşlarının azadlığa
buraxılması üçün Avropa institutları nəzdində lobbiçilik fəaliyyətinin
göstərilməsindən və informasiya dəstəyinin verilməsindən ibarət olduğu
məlum olub. Şirkətin saytındakı “Müştərilər” bölməsində göstərilir ki,
“Alber & Geiger” firmasının qazandığı nailiyyətlərdən biri
“Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması”dır.
Saytda göstərilir ki, “Alber & Geiger” firması siyasi lobbiçilik və hüquq xidmətlərlə məşğul olan aparıcı Avropa firmasıdır.
“İmic və reputasiya beynəlxalq münasibətlərdə və siyasətdə mühüm
amildir. Biz müştərilərimizin siyasi problemləri və maraqları ilə məşğul
oluruq. Müştərilərimizin maraqlarını ən yüksək diplomatik və siyasi
səviyyələrdə təmsil edirik. Bizim firma keçmiş yüksək vəzifəli
məmurlarını və siyasətçilərini, habelə Avropa İttifaqının yüksək
profilli vəkillərini birləşdirir” – deyə firma haqdakı məlumatda
bildirilir.”Alber & Geiger” müştərilərinə aşağıdakı xidmətləri göstərir:
lobbiçilik, diplomatiya və məhkəmə proseslərində hüquqların müdafiə
olunması.
Qeyd edək ki, Əliyev qardaşları azadlığa çıxmaq üçün xarici lobbi
şirkətlərinin xidmətlərindən əvvəllər də istifadə edib. Məsələn, Fərhad
və Rafiq Əliyevlər həbs olunandan az sonra Azərbaycandan olan
vasitəçilərin köməyi ilə ABŞ-ın lobbi firmalarından biri ilə müqavilə
bağlamışdılar. Həmin firmanın lobbiçilik fəaliyyətlərinin nəticəsi
olaraq bəzi senator və konqresmenlər Azərbaycan hakimiyyətini Fərhad
Əliyevin azadlığa buraxılmasına çağırırdılar.
Məlumdur ki, keçmiş nazir bu lobbi xidmətlərinə və onun beynəlxalq
təşkilatların təzyiqi ilə azadlığa buraxılmasını təmin etməyi öhdələrinə
götürən bəzi korrupsiyalaşmış hüquq müdafiəçilərinə milyonlarla
dollarla hesablana biləcək iri vəsaitlər sərf edib.
Lakin bu pullar boşa getdi və Fərhad Əliyev yalnız prezident İlham
Əliyev tərəfindən əfv olunandan sonra azadlığa çıxdı. Bu baxımdan onun
“Alber & Geiger” firmasına verdiyi pulların həmin əfv qərarına
təsiri istisnasız olaraq şübhəli hesab oluna bilər
Short URL: http://www.cumhuriyyet.net/?p=5235