Tağı Əhmədovun xiffətini çəkən metro tacirləri

21.03.2014 - 11:00

Tağı Əhmədovun xiffətini çəkən metro tacirləri

“Camaat qaldı işsiz. Bundan sonra metrodakı ticarətçilər nə edəcək?”
Bu sualı Bakı metrosunda söküntülər aparılarkən ticarətçilərdən biri səsləndirir. Metroda alış-veriş köşklərinin söküntüsü yekunlaşıb, amma ticarətçilərin etirazı hələ də davam edir. Sökülən köşklərdə azı 1500 ticarətçi çalışırdı. Söylədiklərinə görə, onların hər biri ilə icarə müqaviləsi bağlanıbmış. Hətta müqavilə müddəti fevralda başa çatanlardan da mart ayının icarəpulu toplanıbmış. Bütün bunlar ola-ola, gözlənilmədən, elə gecənin gecə çağında köşkləri sökməyə başlamışdılar: “Gecə ilə polisi tökdülər, zorla köşkləri sökməyə başladılar”.
Ticarətçilərlə müqavilə Bakı Metropoliteninə Tağı Əhmədovun sədrlik etdiyi vaxtlar bağlanıb. Metrodakı alış-veriş obyektlərinin söküntüsü ötən ay – fevralın 27-də Tağı Əhmədov vəzifədən çıxarılandan sonra başlanıb: “Necə olur, Tağı Əhmədovun vaxtında metroda ticarət qanuni idi, indi yeni sədr gələndən oldu qanunsuz?”
Ticarətçiləri ən çox narazı salan odur ki, köşklərin sökülməsinə dair onlara əvvəlcədən xəbərdarlıq edilməyib. Söküntü barədə qərar bir neçə gün ərzində verilib və dərhal bu qərarın  icrasına başlanılıb. Köşkləri sökülənlər deyirlər ki, əvvəlcədən bilsəydilər, heç olmasa, mal almazdılar. İndi pulları qalıb malda. Üstəlik, çoxu bankdan götürdüyü kreditlə mal aldığından, indi hər ay banka borc ödənməlidir:
– Biz malı bankdan götürdüyümüz kreditlə almışıq. Bankın əməkdaşına da metrodakı köşkümüzü göstərmişik ki, burada xırda sahibkarlıqla məşğuluq. İndi biz bu kreditləri necə qaytaracağımızı bilmirik.
-Heç olmasa, vaxt versəydilər əlimizdəki malları satıb, pulumuzu çıxarar və bank kreditlərini bağlayardıq. Yaxşı, indi nə edəcəyik?
“METRODA KÖŞKÜN NƏ İŞİ?”
Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva sualları cavablaya bilməyəcəyini söylədi. Niyəsini də belə açıqladı ki, söküntü işlərini paytaxtın icra hakimiyyəti aparır. O, imzalı müqavilələrdən də xəbərsiz olduğunu bildirdi.
Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamenti mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, metronun 21 stansiyasında söküntü başa çatıb. 1200-ə qədər köşk sökülüb. O, strateji bir obyekt olan metroda ticarət köşklərinin olmasını doğru saymadığını ayrıca vurğuladı. “Azadlıq” radiosunun “Doğru deyildisə, niyə yeni sədr gələndən sonra köşklərin söküntüsü başlandı” sualına Əliabbas Bağırov belə  cavabladı: “Xahiş edirəm, məni dərin yerlərə çəkmə. Mən dayaz yerlərdə üzə bilirəm, dərin yerlərdə bataram”.
Əliabbas Bağırov “dayaz yerlərdə üzməklə” söküntü məsələsindən bunları dedi: “Yeni rəis gələndən sonra metroda ticarət köşklərinin sökülməsinə qərar verdi. Bu köşklərdə çalışanların etirazı başlayanda, Bakı şəhər İcra Hakimiyyəti də məsələyə qarışdı. Şəxsən icra başçısı Hacıbala Abutalıbov şikayətçiləri qəbul etdi və onlara ən az ziyanla məsələnin həllinə çalışdı. İndi metroda gediş-gəliş daha da rahatlaşıb. Həmin ticarətçilərə ayrıca yerlər təklif olunub”.
QANUNUN, YOXSA RƏHBƏRLİYİN TƏLƏBLƏRİ GERÇƏKLƏŞİR?
Metrodakı ticarət köşkləri gediş-gəlişi əngəllədiyindən problemin həllini gözləyənlər az deyildi.
Hüquqşünas Müzəffər Baxış da metroda alış-verişin əleyhinə olanlardandır. Amma o, bir məsələyə diqqət çəkir: söküntülər qanunla aparılıb, ya yox? Ticarətçilər metropoliten rəhbərliyinin icazəsi ilə  çalışıbsa, demək, məsələ də elə çözülməliydi ki, onlara minimum ziyan dəysin: “Prezidentin sərəncamında göstərilir ki, yeni yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti əvvəlki qurumun varisidir. Bu, o deməkdir ki, öncəki qurumun adından verilən bütün qərar və sənədlərə yeni qurum məsuliyyət daşıyır. Yeni rəis qanunları bir yana atıb ticarətçiləri bu qaydada metrodan çıxara bilməzdi. Onlara dəyən ziyanı ödəmək üçün kompensasiya ödənilməliydi. Başqa bir variant da ticarətçilərin hüquqi qüvvəli müqavilələrinə məhkəmə qaydasında xitam verilməsiydi. Yeni metronun rəisi neylədi? İnsan amilini nəzərə almadı, məhkəməyə müraciət etmədi və bir neçə günün içində köşkləri sökdürdü. Özü də bu işdə polis və metro mühafizəçilərinin yardımından yararlandı. Üstəlik, söküntünü paytaxt icra hakimiyyətinin rəhbərliyi apardı. Bu, Azərbaycan kimi hüququn, qanunun aliliyi güdülməyən dövlətlərdə adi hallardan biridir. Bir icra başçısının qoyduğu qaydaları yenisi bəyənməyib sökdürdüyü kimi. Heç kim proqnoz verə bilməz ki, bir neçə ildən sonra metrolarda yenidən ticarət köşkləri olmayacaq”.
“KÖŞKLƏRSİZ METRO ÖZÜNÜ SAXLAYA BİLMƏZ”
Metrodakı köşklərin bəzisi hələ 1993-cü ildə o vaxtkı prezident Heydər Əliyevin sərəncamı ilə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkün ailələrinə verilmişdi. Sonradan ticarət köşklərinin sayı artırıldı, yeni kateqoriya şəxsləri də əlavə etdilər. 
Tağı Əhmədov bir neçə il öncə “Azadlıq”a müsahibəsində demişdi ki, bu köşklərdən əldə olunan vəsait metropolitenin xərclərinə gedir. Başqa cür metronu saxlamaq mümkün deyil: “Metro dotasiyasız işləsə gedişhaqqı 2 manata, dotasiya ilə təxminən 50 qəpiyə başa gəlir. Metrodan bir gündə 650 min nəfər keçir. Təbii, metrodan istifadə edənlərin sayı çox olsa, bu ticarət köşklərinin sayı yavaş-yavaş azalacaq. Amma bu köşkləri birdən-birə bağlayıb, bu qədər ailəni çörəksiz qoymaq düzgün deyil. Məsələn, “İçərişəhər”, “Sahil” stansiyalarında köşklər yoxdur, digər stansiyalar da azaldılacaq”.
Keçmiş rəis həmin müsahibədə Bakı metrosundakı gedişhaqqını xarici ölkələrlə də müqayisə etmişdi. Diqqət çəkdiyi əsas məqam da o idi ki, bu köşklərin hesabına neçə-neçə ailə dolanır, özünə iş yeri tapır.
KÖŞK SÖKÜNTÜSÜNDƏN KİM İTİRİR, KİM QAZANIR?
Bir də xatırlatmağa dəyər: İcra Hakimiyyəti metroda azı 1200 köşkün söküldüyünü bildirir. Hər köşkdən ayda 500 manat icarəpulu alınsa, demək, hər ay 600 min manatdan söhbət gedir. İndi aylıq 600 min manat gəlirini itirən metropoliten indiyədək ödədiyi xərcləri necə qarşılayacaq? Zamanla bu sualın həm dəqiq, həm də dolğun cavabını öyrənmək mümkün olacaq.
Dövlət büdcəsindən metroya 2013-cü ildə təxminən 40 milyon manat ayrılıb. Ayrılan vəsaitin böyük hissəsi yeni vaqonların alınmasına və təmirinə sərf olunub.
Prezident İlham Əliyev 2008-ci ildə “Bakı Metropoliteninin 20 illik inkişaf proqramı” üzrə tədbirlər planını təsdiqləyib. Elə həmin il mövcud metro stansiyaların təmiri və yenidən qurulması, yeni stansiyaların tikintisi məqsədilə dövlət büdcəsindən 80 milyon 500 min manat vəsait ayrılıb.
Həmin vəsait “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının yenidən qurulmasına, metropolitenin şimal sahəsinin tikintisinə, metropoliten obyektləri üçün avadanlıq və yeni vaqonların alınmasına, eləcə də “İçərişəhər” stansiyasının yerüstü vestibülünün əsaslı təmirinə və yenidən qurulmasına xərclənib. 2008-2009-cu illərdə bu proqramın icrasına dövlət büdcəsindən bütövlükdə təxminən 130 milyon manat ayrılıb. Növbəti illərdə ayrılan vəsait indiki “Koroğlu” (keçmiş “Əzizbəyov”) stansiyasının yenidən qurulmasına, “Müşfiq”, “Cavadxan” və “Avtovağzal” stansiyalarının tikintisinə sərf olunub.
METRONUN YERİNƏ…
Yeni rəisin gəlişindən sonra metroda nələr dəyişəcək? – ən çox səslən suallardan biri də budur. Hələlik, metrodan çıxarılan ticarətçilərin gələcək taleyi daha çox narahatlıq doğurur. Bakı şəhər İcra Hakimiyyəti həmin ticarətçilərə “Amay”, “Yaşıl Bazar”, “Keşlə bazarı”nı və digər yerləri təklif edir. Amma ticarətçilər bu təkliflə razılaşmırlar. Səbəbi də odur ki, təklif olunan yerlərdə ya satış yoxdur, ya da yerpulu yüksəkdir.
Sonda kiçik bir xatırlatma. Bir neçə il öncə Cəfər Cabbarlı heykəlinin və “AzDrama”nın yaxınlığındakı keçidlərdə də bənzər vəziyyət yaranmışdı. Təmirdən sonra həmin yeraltı keçidlərdə alış-verişə icazə verilmirdi. Köşk sahiblərinin əksəriyyəti Qarabağ müharibəsi əlliləri və şəhid ailələri idi. Həmin köşklər vaxtilə Heydər Əliyevin təşəbbüsüylə ayrılmışdı. Köşkləri əllərindən alınanlar hələ o vaxt obyektlərin başqalarına satıldığını deyərək, dəfələrlə etiraz aksiyası keçirmişdilər. Nəqliyyat Nazirliyindən onlara cavabda bildirilmişdi ki, ticarət köşkləri gediş-gəlişi çətinləşdirir. O vaxtdan 4 il ötüb. Sözügedən keçidlər indi daha çox ticarət mərkəzinə bənzəmirmi?
Hüquqşünas Müzəffər Baxış bir daha xatırladır ki, belə hallar Azərbaycanda yeni deyil. Bir dövlət qurumunda qanunun deyil, rəhbərin tələbləri əsas götürülərsə, o rəhbər dəyişən kimi belə problemlər yaranar…

Short URL: http://www.cumhuriyyet.net/?p=5249

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728