İlhamə Quliyevadan əlinizi çəkin!

09.02.2016 - 15:23
ilhSiz indi hirslənəndə çoxları gülür. “Son gülən yaxşı gülər” məntiqi ilə, üstəlik. Saytlara girib, müğənni İlhamə Quliyeva ilə bağlı xəbərləri, keçmiş köməkçisinin türmədən yazdığı məktubları, mafiya qaydaları ilə hərəkət etdiyi gizli videoları oxuyan-izləyənləri… birdən necə od götürürsə, o gülənlər də həmin odun istisində qızınırlar. 
Mənzərəyə baxın, qadına mikrofon uzadırlar, barmaqlarını müxbirin, kameradan isə tamaşaçının gözünə soxa-soxa deyir: “Mən qanun qoyanın ən yuxarısıyam. Kimi qanunum qane etmirsə, getsin, su içsin”. Şoka girir qəlbi, ürəyi saf oxucu, tamaşaçı…Sual edir: Balam, bunun qılıncının dalı-qabağı niyə belə kəsir axı? Sualına qaneedici cavab ala bilməyib, bu yerdə də mediaya qılıncını tuşlayır: sizsiz də bunları göylərə qaldıran, hər gün haqqında xəbər yayan, süjet çəkən…
Hə, bax, burda “stop” deyirik. Çünki zurna səsinin zilə çıxdığı məqam məhz burdadır. “Toyuq əvvəl olub, ya yumurta” dilemmasına girmədən oxucunu, necə deyərlər, zaman maşınında bir səfərə çıxarmaq istəyirəm. Bu ölkədə az qala elə müğənni olmadı ki, İlhamə Quliyeva onunla mübahisə etməsin, söz atmasın, barmaq silkələməsin. Özü də söz var, söz var… Yeddi arxa dönəninə qədər keçən sözdən danışıram. Əsl-nəcabətlərinə, övladlarına, gizli sevgililərinə, məşuqlarına, maliyyə mənbələrinə qədər. “Bilirəm” dedi, “biabır edəcəm” söylədi, “peşman edəcəm, süründürəcəm” deyə təhdid etdi… Dediyini də elədi. Bu günə qədər məhkəmədə ona uduzan neçə müğənni var, bilirsizmi? Biri 3 min, o biri 25 min manat… Ali Məhkəməyə qədər çatan, qalib olduğu proseslər var onun. Cibinə narkotik atılıb tutulan fəallar gəlir gözümün qabağına. Terrorçu damğası vurulub, 6-7 il iş alan gənclər. Axı onları da eyni məhkəmə hakimiyyəti ittiham etmişdi. İlhaməyə hüdudsuz hüquqlar, qalanlara “xanım femida”nın ədalətsiz üzü?
Hələ bu harasıdır? Müğənninin birinə ad verir, o birinə titul hədiyyə edir, bir başqasının üzünə efir bağladır. Bütün manıs dünyası da küll-ixtiyarı verib onun əlinə. Kəsdiyi başa, dediyi sözə sorğu-sual yoxdur. Soruşsan, əksəriyyəti qorxusundan edir, çıxıb haqqında danışmasın deyə. Amma soruşuruq: niyə qorxursuz? Nəyinizdən danışacaq? Qorxacaq nə qədər işiniz var? Demək ki, burda o ilahi məsəl yada düşür: birinci daşı günahı olmayan atsın…
Bu arada kövrək qəlbli xalq nə edir? Qadına hardan, necə alındığı dünyanın özü qədər sirr olan gurultulu titullarla müraciət edir. Çıxdığı verilişlərə baxır, açıqlamalarını izləyir. Adına telekanal dediyimiz nəsnələr az qala hər verilişə onu çıxarır. O da od püskürür, vulkan püskürür, barmaq silkələyir, ağbirçək məsləhəti verir, “şşt, ağıllı ol” mesajı ünvanlayır. Və dəhşətli burasıdır ki, biz bunların hamısını izləyirik, xəbərdarıq, bilirik. Adını istəyirsiz qladiator savaşı qoyun, istər xoruz döyüşdürməsi… Bizim camaat davanı sevir. “Filan manıs bəhmən manısa od püskürdü…” yazılan kimi axan sular dayanır. Gözünə təpir o xəbəri, o süjeti. Filankəsin kim olmasından, çəkisindən, tutumundan asılı olmayaraq baş verir bunlar özü də.
Bu zaman unudulur ki, məhz bu minvalla həmin filankəslərə meydan verilir, sözünün çəkisi artırılır. Ömründə normal ailə görməyən adamlar efirdən camaata ailə institutunun dəyələri barədə moizə oxuyur. Həyatı boyu iki kitab arası açmamış manıslar insanlara necə yaşamağın yolunu öyrədir. Və onlar danışa-danışa biz cəhənnəm, özlərini inandırırlar ki, dahi şəxsiyyətdilər, böyükdülər, müdrikdilər. Bunları deməyə haqları çatır… Belə-belə “böyüyürlər”, şişirlər.. nəticədə ortaya mafiya anası statusunda manıslar çıxır. O, diz çökdürür, üzr istədir, məhkəmədə udur, qorxudur, hədə gəlir…
Ona, onun kimilərə meydanı bir tərəfdən xalq verirsə, o biri tərəfdən də “görünməz əllər” canfəşanlıq edir. Sonuncular məqsədindən asılı olmayaraq hədəfə vura bilirlər. Bəli, indi İlhamə Quliyevaya hücum çəkməklə deyil ki. Onu yaradanları, bu ərsəyə gətirənləri hədəfə çıxarmaq lazımdır. Bir müğənniyə hüdudsuz hüquqlar verən, yaşıl işıqlar yandıran, bütün qapıları taybatay açanları tapıb mühakimə etmək lazımdır.
Zəncirin ən kiçik həlqəsi ilə uğraşmaqdan vaz keçin. Əl çəkin İlhamə Quliyevadan. Bəla varsa, onu yaradanların yaxasından yapışın, bir zəhmət. Gücünüz çatırsa, təbii…

Short URL: http://www.cumhuriyyet.net/?p=52841

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728