ABŞ Putinin şəxsi biznesini çökdürür
23.03.2014 - 10:00

“TİME” jurnalı beynəlxalq icmalçı Saymon Şusterə məxsus olan maraqlı bir material yerləşdirib. Bu, Putinin özünə istiqamətlənmiş zərbələr barədədir. S.Şuster yazır:
İlk dəfədir ki, iyirmi nəfər sahibkar və vəzifəli şəxs rəsmi bir sənəddə “iç çevrə” adlandırılır. Sanksiyalar isə hansısa hüquqi ilişkilərlə deyil, siyasi məqsədəuyğunluqla izah edilir. Amerika hökumətinin bu addımlarından Kreml 4 mühüm nəticə əldə etməlidir.
1. İndi bu, “şəxsidir”. Həm də Hollivudun qanqsterlər haqqında çəkdiyi filmlərdə olduğu kimi ifadə edilir ( “Şəxsi heç nə yoxdur, sadəcə biznesdir”). Ağ Evin qarşısına qoyduğu əsas məqsəd bütövlükdə Rusiaynın iqtisadi durumunu çökdürmək deyil. Rusiya prezidentinin və onun yaxın ətrafının həyatını mürəkkəbləşdirmək, Rusiyanın hərbi gücünü sındırmaq, onu qlobal rəqabətdə məğlub etmək və s.-dir. Beynəlxalq hüquq, ikili standartlar, iqtisadi rıçaqlar haqqında söhbətlər artıq keçmişdə qaldı. Bu, tamamilə yeni bir mərhələdir və bu mərhələnin qaydaları ilə yaşamaq lazım gələcək.
2. Bütün gizlinlər aşkara çıxır. Artıq hansısa sirlər yoxdur və əgər haradasa nəsə bir gizlin qalıbsa, bu da müvəqqətidir. Putinin məşhur “Gunvor” kompaniyasının (dünyanın neft satışı ilə məşğul olan dördüncü ən böyük şirkəti – red.)arxasında durduğu barədə dəlillərlə heç kim özünü çətinə salmaq istəmir, bu, informasiya bombasıdır və Rusiya hakimiyyətinə elan edilir ki, Ağ Evə ehtimal edildiyindən daha çox şeylər bəllidir. Rusiya prezidentinin illik gəliri yalnız 200 min dollar olan adi bir dövlət məmuru olduğu (bu, 2012-ci ildə elan edilmiş rəsmi deklorasiyadır) barədə söhbətlər ölkə daxilində istifadə üçündür, ABŞ buna inanmır və bunun əksini sübut edəcək güclü bilgilərə malikdir.
3. Elitanın milliləşdirilməsi heç nəyə yardım etmir. Dekabr ayındakı müşavirədə Vladimir Putin dövlət məmurlarına və dövlət şirkətlərinin prezidentlərinə bildirdi ki, onlar xaricdəki bank hesablarını ölkə daxilinə köçürməlidirlər və bunun üçün müvafiq qanunlar da hazırlandı. Qərblə yeni münaqişəyə hazırlıq görülürdü. Amma sanksiyalar yalnız məmurlara deyil, şəxsən prezidentə, dövlət kontraktlarına və dövlət şirkətlərinə bağlılığı olan sahibkarlara, ən başlıcası isə aktivləri və kommersiya əməliyyatları ölkə daxilinə köçürülməsi mümkün olmayan hüquqi şəxslərə də tətbiq edilir. Məsələn, “Rossiya” Səhmdar Bankının ciddi problemləri yaranıb. “Gunvor” istənilən zaman fəaliyyətini dayandıra bilər. Rotenberq qardaşları (iri rus biznes imperiyasının sahibləridir – red.) isə beynəlxalq sanksiyalar qarşısında immunitetdən məhrum edilə bilərlər.
4. Belə görünür ki, Xəzinədarlığın sanksiyalar siyahısında ciddi məntiq axtarmağa dəyməz. Ümumi mülahizə aydındır, amma bu siyahıya daxil edilən bəzi adlar anlaşılmazlıqla qarşılanır. Məsələn, F.Şopen adına Beynəlxalq Pianistlər Konkursunun qəyyumlar Şurasının rəhbəri, Qayto Qazdanovun dostları Cəmiyyətinin icraçı direktoru, Şimali Osetiyadan olan deputat Aleksandr Totunovun adı kimi. Burada onluq nə iş var ki? Xəzinədarlıq izahat verir ki, o, Rusiya qoşularının Krıma müdaxiləsinə dəstək verib. Amma bu, Rusiya parlamentinin hər iki palatadan olan bütün deputatlarına aiddir, axı. ABŞ qanunvericiləri açıq şəkildə bildirmişdilər ki, gəlin hamını bu siyahıya daxil edək, heç kimin xətrinə dəyməsin. Amma deyəsən, ABŞ administrasiyası başqa eyhamlar verir. Yəni, utanıb-eləməyəcəyik və lazım olsa, hamının adı bu siyahıya salınacaq. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=5296