Qoçu Əsgərin qızı: “Atamın ürəyi parçalanmışdı”

11.02.2016 - 18:38

mohsunBu gün xalq artisti Möhsün Sənaninin anım günüdür.

Axar.az xatırladır ki, Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. O, yeniyetmə yaşlarından səhnələrdə yer alıb. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəkdə birpərdəli tamaşalarda oynamağa başlayıb.

Möhsün Sənani 1915-ci ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında dəmirçi Kavənin oğlu rolunu böyük ustalıqla ifa edib. O vaxt vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkən Möhsün aktyorluqla məşğul olub.

Gənc olmasına baxmayaraq, Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi rolları canlandırıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradıb və ona həqiqi aktyor şöhrəti qazandırıb. O, 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində yaddaqalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi” (“Vano”), “O olmasın, bu olsun”(“Qoçu Əsgər”), “Sehrli xalat” (Möhsün Ağayev”) kimi filmləri qeyd etmək kifayətdir.

Sənətkarın qızı Gülər Möhsünqızı böyük aktyorun son günlərini belə xatırlayır:

“Atam teatrdan ayrıldıqdan sonra daim evdə olurdu. Görmə qabiliyyətini itirdikdən sonra çölə çıxmadı, hərəkət etmədi. Atam özünə çox baxan insan olub, yeməyi az yeyərdi, eyni çəkidə qalardı. Amma evdə oturduqdan sonra kökəlməyə və ağırlaşamağa, səhhəti dəyişməyə, təzyiqi qalxmağa başladı. Yadıma düşür ki, axırıncı dəfə xəstəxanaya yüksək təzyiqlə apardıq. Teatrdan, yoldaşlarından ayrı düşdüyünə görə çox həyəcan keçirirdi. Xəstəxanada iki dəfə infarkt keçirmişdi. Həkim mənə dedi ki, ürəyi parçalanıb. Bilirdim ki, artıq atamın son günləridir. Hər dəqiqə xəstəxanada atamın yanında olurdum. Xəstəxanada olan adamın gözü həmişə yolda olur. Yanına çox adam gəlirdi”.

Qeyd edək ki, unudulmaz obrazlar yaradan görkəmli aktyor Möhsün Sənani 1981-ci il fevralın 11-də vəfat edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=53293

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728